21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla sakinləri, ziyalılar Ayətullah Sistaniyə məktub yazıblar - Foto
28.02.2019

Müqəddəs Kərbəla şəhərinin sakini olan bir qrup ruhani, ağsaqqal və nüfuzlu şəxs İraqın ali dini ruhaniyyətinin rəhbəri Ayətullah Seyid Əli Hüseyni Sistaniyə təşəkkür məktubu ünvanlayıblar.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, məktubda müqəddəs İmam Hüseyn ziyarətgahında qeydə alınmış sürətli inkişaf, çoxçeşidli xeyriyyə fəaliyyətləri təqdir edilib, həm şəhərin ictimai həyatının inkişafı, həm də şəhər sakinlərinə və zəvvarlara göstərilən xidmətlərin yüksək səviyyədə təşkil edilməsi baxımından ziyarətgahın müxtəlif departamentləri tərəfindən görülmüş işlər alqışlanıb.

Sənəddə İraqın ali ruhanisi Ayətullah Seyid Əli Sistaniyə minnətdarlıq bildirilib. İmam Hüseyn ziyarətgahının səmərəli idarə edilməsi üçün Şeyx Əbdülmehdi Kərbəlayinin rəhbərliyilə burada məsuliyyətli və peşəkar kadr heyətinin iş başına gətirilməsindəki roluna görə Ayətullah Sistaniyə təşəkkür ifadə edilib.

Məktub Kərbəlanın nüfuzlu şəxsləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri, şəhərin akademik və elmi şəxsiyyətləri tərəfindən imzalanıb.

Məktubda deyilir:

"Zati aliləri İraqın ali dini lideri Seyid Əli Hüseyni Sistaniyə

Allahın sizə salamı olsun!

Əhalisini şərəfləndirən şəhidlər sərvəri İmam Hüseynin şəhəri Kərbəladan. Allaha həmd olsun ki, Sizi bizim üçün himayədar və yolgöstərən təyin edib, Sizi müsəlmanların sığınacaq yeri, Öz dininin açıqlayıcısı kimi bizə ərməğan edib.

Bu məktubu fürsət bilərək Sizə ən səmimi təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ona görə ki, biləvasitə çox hörmətli Şeyx Əbdülmehdi Kərbəlayinin və onun kadr heyətinin düzgün idarəçiliyi və zəhmətləri sayəsində Kərbəla şəhərində sosial, inzibati və səhiyyə sahəsində böyük sıçrayış baş vermişdir. Bu tərəqqi ümumilikdə İraq cəmiyyətinin, xüsusilə Kərbəla ictimaiyyətinin həyat şəraitinin xeyli yaxşılaşmasına səbəb olmuşdur.

Qeyd etməliyik ki, peşəkar kadr heyətinin qarşıya çıxan problemləri ən səmərəli üsulla həll etməsi bizi razı salmışdır və müşahidə etdiyimiz müsbət dəyişikliklərdən məmnunuq. Bunlar müqəddəs ziyarətgahın əməkdaşlarının necə yüksək motivasiya və məsuliyyətlə işlədiklərinin göstəricisidir. Onların zəhmətləri həm müqəddəs şəhərin əhalisinin, həm də dəyərli ziyarətçilərin rifahına xidmət edir.

Cümə günü, Cəmadiüləvvəl ayının 25-i, hicri-qəməri 1440-cı il".