21 Noyabr 2024 - 21
İmam Hüseyn ziyarətgahının fiziki qüsurlular üçün Nur əl-Mustafa İnstitutu 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar özünün ənənəv illik konfransını keçirib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, institutun direktoru Rəna Mahmud Xəfacinin sözlərinə görə, rəhbərlik etdiyi qurum məhz bu konfranslar vasitəsilə Dünya Autizm Gününün əhəmiyyətini düzgün şəkildə təbliğ edə bilib, konfranslarda iştirak edən valideynlər öz autizm xəstəsi olan övladları ilə nə cür davranmaq lazım olduğunu burada öyrəniblər.
"Misirdən dəvət olunmuş xüsusi ekspertlər ən son elmi nailiyyətlərə əsaslanan metodlar barədə təlimlər keçərək valideyn və müəllimləri maarifləndiriblər, autizmdən əziyyət çəkən uşaqları cəmiyyətə necə inteqrasiya etdirməyin yollarını başa salıblar", - deyə direktor xanım Xəfaci qeyd edib.
Bildirək ki, Nur əl-Mustafa İnstitutu hazırda autizmdən əziyyət çəkən 64 uşağın rehablitasiyasını həyata keçirir. İntensiv qayğı və müalicələr nəticəsində xeyli sayda uşaq sağlamlığını bərpa edərək təhsillərini digər orta məktəblərdə davam etdirirlər. Az sayda uşağın problemi daha dərin olduğu üçün İnstitutda digərlərindən daha uzun müddət qalacaqlar.
Qeyd edək ki, İnstitut 2015-ci ildə İmam Hüseyn ziyarətgahı tərəfindən təsis edilib və buradakı göstərilən bütün xidmətlər tamamilə pulsuzdur.