21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Xristian keşiş: Kərbəla dünyada insaniyyətin paytaxtıdır
11.04.2019

"Kərbəla şəhəri dünyada insaniyyətin paytaxtını təmsil edir. Birinci ona görə ki, bu şəhər bütün səmavi dinlərin vəhdətinə çağırır. Həmçinin buradan hərəkətə başlayan könüllülər ordusu azğın işğalçıların qarşısında dayanaraq insaniyyət borclarını qəhrəmancasına yerinə yetiriblər".

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu sözləri müqəddəs Kərbəla şəhərində səfərdə olan Kamerun xristianlarının lideri Tina Cozef Dmitri deyib. Ölkəsində xristianların lideri və kilsə rəhbəri kimi fəaliyyət göstərən keşiş Dmitri Kərbəla döyüşündə xristianların da rolunun olduğunu xatırladıb.

Onun sözlərinə görə, Kərbəlada baş vermiş faciə hansısa bir dinə, yaxud məzhəbə aid deyil, bütün insanlığa aiddir. Çünki haqqı, həqiqəti bilən bir qrup insan ayağa qalxaraq İmam Hüseynə dəstək olublar və şəhidliyə qovuşublar.

Keşiş qeyd edib ki, Aşura günü xristian etiqadlı bir şəxs də İmam Hüseynə dəstək olub, onunla birlikdə ədalətsizliyə və zalıma qarşı mübarizə aparıb.

"Bu mənim Kərbəlaya ilk səfərimdir və bundan olduqca şadam. Burada bütün İslam məzhəbləri arasında mehribanlıq və vəhdətin şahidi oldum, həmçinin xristianlar da buranın mənəvi mühitindən yararlanırlar. Bu baxımdan belə bir nailiyyət İraq üçün, xüsusilə Kərbəla şəhəri üçün fəxr olmalıdır", - deyə keşiş Tina Dmitri qeyd edib.

Bildirək ki, keşiş Tina Cozef Dmitri 15-ci Mədəniyyət Baharı Beynəlxalq Festivalı çərçivəsində Kərbəla şəhərində həzrət İmam Hüseyn və qardaşı həzrət Əbəlfəzl-Abbasın mövlud günləri münasibətilə keçirilən mərasimlərdə iştirak etməsi üçün dəvət olunub.