24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

İtaliyalı qadın Romadan Kərbəlaya doğru eşq səfərindən danışıb
12.04.2019


Xristian etiqadlı italiyalı qadın fotoqraf Klaudia Borqa ilk Kərbəla ziyarətinə qədər keçdiyi həyat yolu barədə təəssüratlarını bölüşüb, İmam Hüseyn və həzrət Zeynəbin onun həyatını necə dəyişməsi barədə nitq söyləyib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə o, İmam Hüseyn və həzrət Əbəlfəzl-Abbasın mövlud günləri münasibətilə İmam Hüseyn ziyarətgahı tərəfindən qadınlar üçün təşkil edilmiş xüsusi konfransda çıxış edib.

Xanım Kaludia deyib ki, onu İmam Hüseynə tərəf yönləndirən başlıca səbəb həqiqət axtarışı olub. Belə ki, o, uzun müddət müsəlman şiə qadınların həyatı ilə bağlı araşdımalar aparıb, həmçinin Romada keçirilmiş həzrət Xanım Zeynəb və Aşura mövzusundakı konfransda olduqca təsirlənib.

"2012-ci ildə İmam Hüseynin əzadarlıq mərasimində iştirak etmək şərəfi mənə nəsib oldu. Mən Kərbəla mövzusunda kitablar oxudum, İmam Hüseynin və onun ailə üzvlərinin qəhrəmanlıqları barədə, onların zalıma qarşı mübarizələri haqqında mütaliələr etdim. Uca məqamlı həzrət Xanım Zeynəbə təşəkkkür düşür ki, yatmış vicdanları oyatdı, onun sayəsində Kərbəlanın həqiqi mesajı və ədalət şüarları günümüzə qədər gəlib çatıb", - deyə o, çıxışında vurğulayıb.

Xanım Klaudia qeyd edib ki, Kərbəlaya ilk dəfə səfər etdikdən sonra daim bir sual onu düşündürüb, görəsən, onu İmam Hüseynin özü Kərbəlaya dəvət edib? Əlavə edib ki, Aşura tarixi barədəki geniş məlumatı onu Kərbəla şəhərinə səfər etməyə daha da həvəsləndirib və o bu yolla İmam Hüseyn barədə maarifləndirici məlumatları digər insanlara əyani şəkildə çatdıra bilib.

Xanım Klaudianın sözlərinə görə, 2013-cü ildə o, həzrət Zeynəbin Aşura hadisəsindən sonra Kərbəlaya qayıdarkən hərəkət etdiyi marşrut boyunca irəliləyərək tarixdəki ilk Ərbəin yürüşünü Xanım Zeynəb kimi həyata keçirib.

Klaudia Borqa çıxışına belə davam edib: "Mən yol boyu iraqlı qadınlarla rastlaşırdım, təbəssüm və mehribançılıq simalarından əskik olmurdu. Yollarda çoxlu insanlar var idi və hamı piyada Kərbəlaya tərəf hərəkət edirdi. Bir çox insan isə piyada zəvvarlara hər cür xidmətlər göstərmək üçün yarışırdı.

Bizim məqsədimiz bu idi ki, öz gözlərimizlə milyonluq yürüşün şahidi olaq, ziyarət qaydalarını görək, mənalarını başa düşək. Zəvvarların İmam Hüseynə olan məhəbətlərinə şahid olaq, bu cür eşqlə hərəkət edən insanların daxili və zahiri hallarını öyrənə bilək. İstəyirdim ki, üç günlük piyada səfərin nəticəsində Kərbəlaya çatım və bu cür sülh, ədalət mühiti yaratdığı üçün İmam Hüseynə təşəkkürümü bildirim.

Məhz 2013-cü ilin Milad bayramı günündə (25 dekabrda) mən və iki dostum İmam Hüseynin məzarına toxuna bildik. Həmin vaxt çox təsirlənmişdik, belə bir ziyarəti başa çatdıra bildiyimiz üçün bir-birimizi qucaqlayaraq ağlayırdıq".