21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Alimlər Kərbəla yaxınlığında İmam Hüseynin düşərgəsini aşkar ediblər - Foto
19.04.2019

Kərbəla Araşdırma və Tədqiqat Mərkəzi İmam Hüseyn və ailə üzvlərinin Kərbəlaya doğru hərəkət edərkən keçdiyi yollar və məntəqələr ilə bağlı araşdırma aparıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, müqəddəs Kərbəla şəhərinin 45 kilometrliyində İmam Hüseynin dayanaraq düşərgə saldığı məntəqələrdən biri olan Bəni-Müqatil qalasının qalıqları yerləşir.

Mərkəzin direktoru Əbdüləmir Qüreyşinin sözlərinə görə, Babil Universitetinin bir qrup geoloq, fizik və tarixçidən ibarət araşdırma heyəti Kərbəla Araşdırma və Tədqiqat Mərkəzinin əməkdaşları ilə birlikdə xüsusi GBR cihazından istifadə etməklə İmam Hüseynin qısa müddətə qalmış olduğu məkanları qeydiyyata almağa başlayıb.

"Mütəxəssislərdən ibarət heyət tarixi qalıqların mövcud olduğu məntəqədə bütün lazımi məlumatları toplaya bildilər və sübuta yetirdilər ki, bu məkan həqiqətən də İmam Hüseynin dincini almaq üçün müvəqqəti olaraq qaldığı düşərgələrdən biridir", - deyə Qüreyşi əlavə edib.

İmam Hüseyn ziyarətgahının nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırma və Tədqiqat Mərkəzi İraq ərazisinə daxil olduqdan sonra İmam Hüseynin keçdiyi və düşərgə saldığı bütün məkanların müəyyən edilməsi üzrə bütöv bir elmi tədqiqat əsəri üzərində iş aparır.