19 May 2024 - 19

19 May 2024 - 19

Əqidə sabitliyinin silahları susdurması və Aşuranın azadlıq dərsi
02.05.2019

Allahın adı ilə. Aşura hadisəsindən 1300 ildən artıq zaman keçir. Lakin bu məktəb hələ də yaşamaqdadır. Çox nadir hallarda hansısa bir ideologiya və məktəb belə uzunömürlü olub. Aşura məktəbi hər zaman öz şagirdlərini maarifləndirməkdə böyük rola malikdir. Bu məktəbdə şagird olan insan İslamın həqiqətini anlayır. Bu məktəbin şagirdi Həzrət Məhəmmədin (s) gətirdiyi əsl İslam dinini tanıyır. Bir sözlə bu məktəb İslamın ruhlu bədənlə qalmasına səbəb oldu. Necə ki, bu haqda qeyri müsəlman alimi M. Marbini də qeyd edərək belə deyir; “Hüseyn (ə) ən əziz yaxınlarını qurban verməklə, dünyaya fədakarlıq və rəşadət dərsi verdi. İslam və müsəlmanlara şərəf və izzət bağışladı. Əgər Kərbəla müsibəti baş verməsəydi, şübhəsiz İslam və müsəlmanlar tarix səhifələrindən silinmişdi”. Amma çox təəssüf ki, biz müsəlmanlar bu böyük məktəbə olduğu qədərində dəyər və qiymət verə bilmirik. Aşura deyəndə yalnız mərsiyə deyib sinə vurmaq fikrimizə gəlir. Bəli bu danılmaz fakktdır ki, bir çox yerlərdə o cümlədən komunistin hakimiyyəti zamanı Gürcüstanda mərsiyə deyib və sinə vurmaq İslamın yaşamasında və yaddaşlardan silinməməsində böyük rolu olmuşdur. Lakin artıq elə bir zamanda yaşayırıq ki, bunlarla kifayətlənməməli və bu məktəbdən daha böyük hədəflər üçün istifadə etməliyik.

Tarixə nəzər saldıqda görürük ki, bir çox zalım xəlifələr hakimiyyətə gəldikləri zaman əgər İslam dini ilə mübarizə aparmaq istəsəydilər əvvəl aşura məktəbi ilə mübarizə aparardılar. Bu məktəbi kamil surətdə insanlardan almağa nail də olmasaydılar ən azından onu ciddi surətdə zəiflətməyə nail olurdular. O da bu yolla ki, əzadarlıq məclisləri keçirilirdi amma aşura məktəbinin əsl mahiyyəti insanlardan gizlədilirdi. Amma artıq bu yuxudan oyanmalıyıq, aşuranı yalnız mərsiyə deyib sinə vurmaqla tanımamalıyıq və bunu insanlara çatdırmalıyıq. Hər gün aşuradır, hər yer Kərbəla məfhumunu zəmanəmizə tətbiq edib dərs almalıyıq.

Aşura məktəbindən hər nə qədər danışsaq da, hər nə qədər dərs alsaq da yenə də azdır. Bunlardan kifayətlənən insan sanki böyük bir alimdən əlifbanı öyrənməklə kifayətlənir. Aşuranın əhəmiyyətini bu cür vəsf edə bilərik ki, bu məktəb təqribən 14 əsrdir ki insanlara İslami maariflənmədə yardım edir.

Aşura məktəbinin dərslərinə nəzər saldıqda böyük və çox əhəmiyyətli olduqlarını görürük. O cümlədən:

1. Azadlıq dərsi
Bəşəriyyət yer üzünə ayaq basdığı andan ona nail olmaq üçün mübarizə aparır. Bəzən demokratiya adı altında buna nail olmaq istəyirlər, amma əlbəttə ki xaricdə, daxildə isə diktatura. İmam Hüseyn (ə) Yezidə beyət edib baş əyməməsi və öz qiyamı ilə azadlığın necə olduğunu bütün bəşəriyyətə anlatdı. Öz mübarək kəlamında da buna işarə edərək buyurur: “Dininiz də olmasa azad olun.” İmamın verdiyi azadlıq dərsi haqda böyük hind alimi Mahatma Qandi qeyd edərək deyir: “Mən Hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. “Ya azadlıq, ya ölüm!” şüarı, Kərbəla qəhrəmanı Huseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz Hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik.”

2. Haqqın səsinin qılıncın gücündən üstün olması
Aşura məktəbinin ən böyük dərslərindən biri də haqq və batil arasında olan mübarizəni bizə əməli surətdə təsvir etməsidir. İmam öz mübarək kəlamında buna işarə edərək buyurur: “Qələbə bizimlədir, amma şəhadətlə birgə”. Bəzi insanlar elə dünşünürlər ki, Kərbəlada müharibə və mübarizə zamanı İmam Hüseyn (ə) məğlub oldu. Bəli, əgər bu mübarizəyə qılıncın gücü tərəfdən baxsaq İmam məğlub oldu, çünki 72 nəfər qoşun hara təqribən 30 minlik bir ordu hara. Amma əgər bu mübarizəyə başqa tərəfdən baxsaq həqiqi qələbənin İmam Hüseynlə (ə) olduğunu anlayarıq. Çünki İslam ideologiyasına əsasən qalib gəlmək və məğlub olmaq insanın hədəfinə çatıb çatmamasına bağlıdır. Elə isə gəlin hər iki tərəfin hədəflərinə diqqət edək.

Yezidin hədəfləri
1. Yezid İmamı xarici (separatçı) kimi qələmə vermək istəyirdi, amma zaman bunun əksini göstərdi.
2. Yezid İmamı şəhid etməklə öz hakimiyyətinin sütunlarını möhkəmləndirmək və böyük təhlükəni özündən uzaqlaşdırmaq istəyirdi, amma yenə də əksinə oldu. İmamın şəhadətindən sonra Yezid cəmi 2 il xilafətdə ola bildi və insanların bu hadisədən sonra Bəni-üməyyə hakimiyyətinə baxışları mənfi tərəfə dəyişdi.

İmam Hüseynin (ə) hədəfləri
Yezidin məqsəd və hədəflərinin qarşısında İmam Hüseynin (ə) hədəflərinə diqqət etsək hamısının həyata keçdiyini görürük. O cümlədən;
1. İslamın bu ərsəyə çatmasında və yaşamasında böyük rolu olan şəhadət ruhiyyəsi müsəlmanlar içində öz məfhumunu itirmişdi. İmam onu yenidən dirçəltdi və imamın qiyamından sonra zalım xəlifəyə qarşı bir neçə dəstə də qiyam etdi.
2. Ruhsuz İslama ruh gətirdi. Yezid İslamın ruhunu aradan aparmaq istəyirdi. İslamı özünün bildiyi, dərk etdiyi və ona əməl etdiyi həddində insanlara çatdırmaq istəyirdi. Lakin bu İslamla Hz Peyğəmbərin (s) gətirdiyi İslamın arasında yerlə-göy arsındakı məsafə qədər fərq var idi. Bu haqqda qeyri müsəlman alimi Nikelson qeyd edir ki; “Bəni-Üməyyə həddini aşaraq İslam qanunlarını ayaqaltına atıb, müsəlmanları xar etdi. Tarix insafla, günahsız şəhid edilən, Hüseynin (ə) qanının Bəni-Üməyyənin boynunda olduğuna hökm verir.”
Bütün bunlar bizə anlatmaq istəyir ki, hər hansısa bir şərr qüvvəyə qalib gəlmək üçün say çoxluğu olmadan belə hədəfə çatmaq olar. Yetər ki, hədəfin pak, güclü iradən, niyyətin Allah və az da olsa saleh və vəhdətə malik ətrafında bir qurup insan olsun. İmam Hüseynin (ə) səhabələri kimi bir dəstən olsun ki, hədəfə çatasan. Hətta imamın yolunda min dəfə ölüb dirilməyi gözə alırdılar. Belə bir işin nəticəsi isə 14 əsr yaddaşlardan silinməyən Kərbəla müsibəti kimi hədəfə çatmış və insanların örnək götürdüyü iş olar.
Hüseyn (ə) qiyam etdi amma qiyama meyilli deyildi, müharibə etdi və öldürdü, amma məqsədi qan tökmək və kimisə qətlə yetirmək deyildi. İmamın hədəfi İslam dinini qorumaq və insanları islah etmək idi.

İmam Hüseyn (ə) yatmış və qəflətdə olan vicdanları haqqı onlara göstərməklə, öz yolu, şəhadəti və Bəni-Üməyyənin mənfur sifətini insanlara göstərməklə oyatdı. Yezid istəyirdi İslamın kökünü kəssin amma İmamın qiyamından sonra geri çəkildi. Çünki gördü ki, əzadarlıq məclisləri hətta öz evində belə keçirilir. Hüseynin (ə) şəhadəti bu böyük şərrin qarşısını aldı.

Kamran Məmmədov