21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Mənbələrdə Ərbəin səfərinin əhəmiyyəti necə dəyərləndirilir?
26.12.2017

Ərbəin məsələsilə bağlı deyə bilərəm ki, hamımız bilirik ki, neçə əsrlərdir, neçə illərdir şiələr, şiə məzhəbindən olan şəxslər, qadınlı, kişili, subay, evli, hətta körpə uşaqlarla Nəcəf şəhərindən Kərbəla şəhərinə savab niyyəti ilə, yəni Allah tərəfindən onlara savab yazılsın deyə piyada gedirlər. Amma bunu qeyd etmək lazımdır ki, İslamda hər bir əməl, istər dindəki əməl, istər məzhəbdəki əməl Allah tərəfindən, Peyğəmbər və onun davamçıları tərəfindən təsdiq olunmalıdır. Əgər təsdiq olunmazsa və bu halda biz onu yerinə yetirsək, bunun müşkülü yoxdur, bir şərtlə ki, gərək Allahın razılığı üçün niyyət edilsin. Çünki peyğəmbərimizdən (s) hədis var ki, əməllər niyyətlərə bağlıdır.

Əlbəttə, hər yerdə yox, ümumi şəkildə yox, yalnız bunu edə bilərik ki, məqsədimiz savab niyyətilə olsun, savab qazanaq. Necə ki, alimlərimiz buyururlar ki, şəriətdə beş növ hökm var: haram, halal, müstəhəb, məkruh və mübah.

Mübahın bir nümunəsini qeyd edək. Məsələn yatmaq nə haramdır, nə vacib, nə müstəhəbdir, nə məkruh, amma insan edə bilər ki, niyyət ilə onu müstəhəb əmələ çevirsin. Bəs bu, necə mümkündür? Məsəl üçün, mən yatıram ki, bədənim dincəlsin və ibadəti gözəl hal ilə yerinə yetirim.

Dində hər bir əməl bu cürdür. Əgər bir əməlin Allah tərəfindən, Peyğəmbər tərəfindən təsdiqi yoxdursa, mən savab niyyətilə edə bilərəm əməlimi savab əmələ çevirim. Məsələn fərz edək ki, İmam Hüseynin (ə) hərəminin ziyarətinə getməyin fəziləti haqqında heç bir hədis gəlməyib, bunun savabı var, yoxsa yox, bilmirik. Amma mən özüm savab niyyətilə ziyarətə gedirəm. Əmin ola bilərsiniz ki, Allah buna savab yazır.

Söhbətimiz budur ki, bəzi dində olmayan əməlləri insan savab niyyətilə savab əmələ çevirə bilər. Amma bu şərtlə ki, belə əməllər elə icra olunmalıdır ki, kənardan baxan insanlar bunu dinin zərurəti kimi başa düşməsinlər. Çünki əks təqdirdə bu, bidət olacaq. Bidət nə deməkdir? Elmi dildə desək, bidət dində innovasiya deməkdir, yəni yenilik. Dində olmayan bir məsələni din adı ilə dinə daxil edəriksə, bu yolverilməzdir, haramdır, dində qəbul olunmur.

Bəs Ərbəin yürüşü necə?! Bu mövzu barədə mən axtarışlar apardım və bu nəticəyə gəldim ki, kitablarda, mənbələrdə bu barədə bir fikir söylənmir. Amma niyyət edərək İmam Hüseyn (ə) hərəminə piyada getməyin savabı var. Bunu bütün alimlərimiz qəbul edir. Ancaq ixtilaf məhz Ərbəin günü və məhz Nəcəf şəhərindən Kərbəla şəhərinə getmək barəsindədir. Bunu yadda saxlayaq ki, əsas məsələ piyada səfər etmək məsələsidir ki, bu barədə alimlər arasında heç bir ixtilaf yoxdur. Amma piyada səfərin məhz Ərbəin günü, məhz Nəcəfdən başlamalı olduğu barədə alimlər arasında fikir ayrılıqları var. Bununla bağlı alimlər iki cür fikir söyləyiblər. Bəziləri deyir ki, Ərbəin günü piyada İmam Hüseyn (ə) ziyarətinə getməyin böyük fəziləti var. Böyük mərcələrimiz, böyük müctəhidlərimiz Ərbəin günü İmamın hərəminə piyada səfər etməyin böyük savabının olduğunu bildiriblər, lakin bu səfəri hansı məkandan başlamaq lazımdır mövzusuna toxunmayıblar.

Azərbaycanlıyıqsa, məsələn deyək ki, kimsə Azərbaycandan - Bakıdan, kimsə Masallıdan, kimsə Cəlilabaddan yola düşür, müxtəlif şəhərlərdən yola düşərək niyyət edib Ərbəin günü İmamın hərəminə özlərini çatdırırlar və hamısına savab yazılır. Bir hissə insanlar bunu qəbul etmir, deyirlər ki, bu adəti müsəlmanlar özləri ərsəyə gətiriblər və əməli olaraq həyata keçiriblər. Beləliklə bu gün adət halını alıb. Amma Nəcəfdən Kərbəlaya yola düşməyin zərurəti barədə heç bir alimdən dəlil və sübut əlimə gəlmədi.

Yenə deyirəm, lap tutaq ki, heç bir dəlil olmasa belə, əgər mən niyyət edərəmsə ki, Kərbəla, Nəcəf müqəddəs şəhərlərdir və savab niyyətilə Ərbəin yürüşünə çıxaramsa, bununla ancaq savab qazanmış olaram. Hərçənd, bəzi alimlər buyurur ki, bu yürüşün yalnız Ərbəin günü, digər alimlər isə onun ümumiyyətlə savab olduğunu bildirirlər. Yenə də mən istəyə bilərəm ki, savabı daha çox olsun deyə Nəcəfdən Kərbəlaya yola düşüm. Savabı çox olsun deyəndə, bayaq qeyd etdiyim kimi, özümüzdən savab əlavə edə bilmərik buna. Sadəcə bu sözüm sadə camaata, ümumi kütləyə aiddir. Elmli insanlar, elmli şəxslər ehtiyat etsələr, daha yaxşı olar. Yəni bu əməl dəqiq şəkildə, islami yolla, islami metodla yerinə yetirilərsə, daha yaxşıdır. Çünki bəziləri bununla əks təbliğat aparmağa çalışırlar.

Mənim elmli şəxslərdən və bütün dindarlardan xahişim budur ki, istər Ərbəin zamanı, istər digər zamanlarda, sosial şəbəkələrdə, yaxud məscidlərdə insanlara çatdırsınlar ki, bu yürüşün məhz Ərbəin günü, yaxud məhz Nəcəfdən Kərbəlaya doğru olması zəruri deyil. Ancaq ola bilər Ərbəin günü savabı çox olsun. Alimlərimizdən birini misal çəkə bilərəm. Böyük alimimiz Ayətullah Məkarim Şirazi bir neçə il bundan qabaq Nəcəfdən Kərbəlaya yola düşmüşdü.

Mübariz İbrahim