Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti günlərində zəvvarların təhlükəsizliyinin təmin edilməsi planının icrası istiqamətində ilk olaraq Kərbəla şəhərinin hotellərində təhlükəsizlik tədbirlərinə başlanılıb.
Kərbəla əyalətinin turizm sahəsinin təhlükəsizlik qüvvələri oktyabr ayının 12-dən başlayaraq zəvvarların təhlükəsizliyini qorumaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi planına start verib.
Hotellərdə təhlükəsizlik tədbirlərinin tətbiqi zamanı qeyri-qanuni hallar aşkar edilib və yerində tədbirlər görülüb. Kərbəla şəhərində qeyri-qanuni fəaliyyət göstərən 66 hotel qapadılıb. Həmçinin bəzi hotellərdə çalışan 239 əcnəbi vətəndaş işdən çıxarılıb və məsuliyyətə cəlb edilib.
İraqda yaşamaq və işləmək üçün qanuni sənədləri olmayan bu əcnəbi vətəndaşlar əsasən Banqladeş, Türkiyə, Pakistan, Hindistan və digər ölkələrin vətəndaşları olub.
Bundan başqa Kərbəla şəhərində 17 saxta turizm şirkətinin fəaliyyəti dayandırılıb. Həmin şirkətlərin sahibləri İraqın məhkəmə orqanlarına təhvil verilib.
Kərbəla polisi elan edib ki, bütün təhlükəsizlik qüvvələrini ƏRBƏİN zəvvarların təhlükəsizliyini təmin etmək üçün səfərbər edib və İmam Hüseyn (ə) zairlərinin qorunması üçün xüsusi təhlükəsizlik planı icra olunmaqdadır. (iqna)