21 Noyabr 2024 - 21
Bu gecə ərbəin gecəsi olduğundan dünyanın hər bir yerində möminlər əzadarlıq məclisi təşkil ediblər. Bu gecə sizə İmam Sadiq (ə)-ın İmam Hüseyn (ə) haqqında olan, bir neçə hədisini söyləyəcəyəm. Bu hədislər də öz növbəsində iki yerə bölünür:
1.İmam Hüseyn (ə)- ın ziyarəti barəsində olan hədislər.
2.O Həzrətin ziyarətinin necə olması haqqında olan hədislər.
Keçən söhbətlərimizdə İmam Hüseyn (ə)- ın ziyarəti haqqında bir neçə hədis qeyd etdik. Eləcə də qeyd olundu ki, o həzrəti ziyarət etmək həm insanın dünyası üçün həm də axirəti üçün faydalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İmam Hüseyn (ə)- ı ziyarət etməyin, insanın mənəviyyatına da böyük təsiri var.
Rəvayətdə vardır: «Dünya, axirət tələb edən adama haramdır, axirət isə dünyanı tələb edən adama haramdır. Bunların hər ikisi isə (dünya və axirət) Allahı tələb edən adama haramdır».
Bu hədisin mənasından aydın olur ki, Allahı sevən və Onun razılığını əldə edən şəxs üçün dünya və axirətin heç bir mənası yoxdur. Buna misal olaraq Əli (ə)- ı qeyd etmək olar. Beləki, O həzrət buyurur: «İlahi mən sənə nə cəhənnəmin qorxusundan nə də behiştinə görə ibadət etmirəm. Mən səni tanımışam və məni bu xurmalıqda ibadət etməyə sənin ibadətinin ləzzəti çəkib gətirir» Odur ki, əgər bir insan dünya və axirətə göz yumub irfan əhli, mərifət sahibi, və Allah aşiqlərindən olsa, belə bir insanın eşq və mərifətində İmam Hüseyn (ə)- ın ziyarətinin böyük təsiri var. Bununla bağlı İmam Sadiq (ə)- dan bir neçə hədis qeyd etmək olar.
Buyurur: «Hər kim İmam Hüseyn (ə)- ı ziyarət etsə, Allah həmin şəxsə on min şəhər əta edəcək.»
Alimlər bu hədisin izahı ilə bağlı qeyd etmişlər ki, şəhərdən məqsəd dünyada mövcud olan şəhərlər deyil. Bəlkə hədisin mənası budur ki, Allah İmam Hüseyn (ə)-ı ziyarət edən şəxsin gözünün önündən və qulaqlarından bütün pərdələri götürər. Allah həmin şəxsin qəlbinin bəsirətini açar. Belə olduqda, o şəxsə nə dünya gərəkdir nə də axirət.