20 May 2024 - 20

20 May 2024 - 20

Şəhid Mübariz İbrahimov
03.11.2017

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Valideynləri və qohumlarının dediyinə görə uşaq yaşlarından qeyrətli və vətənpərvərliyi ilə seçilib. Mübarizin cəbhə yoldaşı Rəşad Həsənli deyir ki, İbrahimov namaz qılan idi və onun ən böyük arzusu səngərdə namaz qılanların olması idi.

Atası onun uşaqlığı haqında deyir: O, vətənə bağlı bir gənc idi. "1994-cü ildə Mübariz birinci sinfə gedib..Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı".

2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət "İnter Sekyuriti" MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi sahədə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. Mübariz hər zaman fərqliliyi ilə seçilib. İdman növlərinə xüsusi diqqəti olan İbrahimov eyni zamanda Boksla da məşqul idi.

18 iyun 2010-cu ildə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşdükdən sonra duşmənin 140-dan çox əsgər və zabitini məhv etmişdir. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Məhz bundan sonra ermənistanda 3 günlük matəm elan olunmuşdur. Ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır.Lakin Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun cəsədini 141 gün saxlamışlar. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında yayımlamışlar.

"Mübarizin atası deyir: Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, "qayıt dala, sənlik deyil", deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma...


"Hərdən "Zalımın düşməni, məzlumun dostuyam", "Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var" kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. "Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm", - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".

Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...


Mübarizin Məktubu:

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin."

Nəhayət ki, Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən alınır və noyabrın 7-də İkinci Fəxri xiyabanda dəfn olunur.

Həmin ildə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verildi. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

İslamazeri.com – vikipediya – Oxu.az