22 Noyabr 2024 - 22
Bir çox müvəhhid əqidələr kimi Şiə etiqadı da bəşəriyyətin daim inkişafda olmasını qəbul edir. Bunun əksini isə əsasən tarixi dövri hərəkətlərdən ibarət olduğunu iddia edən politeizm və ondan doğan əqidələr söyləyir. Şiəliyin tarixə yuxarı ucalmış bir vektorla inkişaf etməsi kimi baxması tək Allah etiqadı ilə yanaşı, vilayət inancı ilə də bağlıdır.
Adəmdən Xatəmə kimi bəşəriyyət inkişafda olduğu üçün şəriət də yenilənirdi. Yəni həm insanlararası münasibətləri tənzimləyən qanunlar, həm də fərdi ibadətlərlə bağlı qaydalar zamanla dəyişib. Çünki insan və cəmiyyət inkişaf edir, Xatəmin ümməti Adəmin qanunları ilə yaşaya bilməz. Lakin Peyğəmbərlərin sonuncusu (s) ilə bu inkişaf dayanmadı. Vəhy dayandı, hüquqi və mənəvi imperativlər bəyan edildi. Lakin bu imperativlərdən doğan qanun-qaydalar inkişaf etməli, ilahi qanunları tətbiq edən ilahi dövlət qurulmalı idi. Elə bir ictimai düzən formalaşmalı idi ki, yaşadığımız mühiti cənnətə çevirməli, insanın Alaha doğru sonsuz hərəkətini təmin etməli idi. Ləzzəti bitməyən, mərifəti tükənməyən, yaradıcılığı gücləndirən, eşqin hər saniyəsinə hopan bir həyat. Bu düzənə vilayət, onun təminatçılarına isə Allahın vəlisi deyilir. Lakin elə Peyğəmbər (s) zamanı cücərtisi görsənən müxalifət imamların dövründə bəhrə verdi. İnsanlar, müsəlmanlar, möminlər öz əlləri ilə vilayəti dağıtdılar. Hansısa tarixi şəxsiyyətlər ola bilsin ki, önə düşdülər və hiylə işlətdilər. Lakin onların arxasında nadan insan kütləsi var idi deyə bacarıqlı çıxdılar. Özü də hər nadanlığa bir hədis, bir ayə də tapırdılar. Səqifədə Əliyə qarşı niyə çıxdılar? Camaat nədən çəkindi? Öyrəşdiyi ənənəvi həyat tərzindən qurtulmaq istəmirdilər. "Adətən yaşlılar rəhbər olmalıdır – Əlidən rəhbər çıxmaz" məntiqi hökm sürürdü cəmiyyətdə. "Peyğəmbər özündən sonra miras qoymur" kimi sənədsiz bir hədisə inam var idi cəmiyyətdə. Burnundan o tərəfi görməyən mömin səhabələr var idi cəmiyyətdə. Sonralar isə heç nə dəyişmədi. Cahil kütlənin cəhaləti dərinləşdi və xəvaric kimi təkfirçilər çıxdı meydana. Sənədsiz hədis sevdası minlərlə uydurma hədisin rəvac tapmasına, Əhli-beytin (ə) gözdən salınmasına səbəb oldu. Yenilikdən qaçmaq, dəyişməmək, düşünməmək sevdası Əməviləri, Abbasiləri müsəllət etdi ümmətə. "Dəlilpərəstlik" Kufə şiəsi fenomenini çıxartdı ortaya və Kərbəla baş verdi. Necə olmalı idi bəs?
Zaman dəyişir, İmam Mehdi qeybdədir, zühur gözləyirik. Lakin mahiyyətcə imamımızın qeybə çəkilməsinə səbəb olan şiəyik. Dəyişmək istəməyən, köhnəpərəstliklə özümüzü rahatlayan, xırda şəriət məsələlərinə görə camaatı təkfir edən, ictimai məsələlərdə burnundan o yanı görməyən, əlinə cəhalət və nadanlıq qılıncı alıb İmam Zaman (ə) qarşısında duran şiələr. İşi-gücü sünninin müqəddəsatını təhqir etmək olan, amma şiəliyin gözəlliyini ortaya qoya bilməyən şiələr. Bütün günü fərqli düşünənləri təkfir edən, amma kafir bildiklərinin qurduğu düzəndə yaşayan, kafir bildiyinin dəyirmanına su tökən şiələr. Öz mənəvi rəzalətlərini müqəddəsatla, müctehidlərlə, şəriətlə maskalayan şiələr. Bir ay öncə vəhdət mövzusunu hədəfə alanlar "şiələri ikinci xəlifəni sevməyə çağırırlar" deyə ortaya düşdülər. Lənət, təhdid, təhqir, "möminlərin" çaşqınlığı, "dəlil tələb etmək" – həmişəki ssenari. Heç kəs fikirləşmədi ki, "din qeyrəti çəkənləri" xəlifələr və ya tarixi həqiqətlər maraqlandırmır. Sadəcə emosiaları cuşa gətirmək üçün asan olan bu məsələ ilə vəhdət mövzusunu vurmaq. İndi isə Seyid Taleyin klarnetin akompanimenti ilə muğam oxumasını faciəyə çeviriblər. XXI əsrdə şiə cameəsində bu debatın gündəmə gəlməsindən utanıb yerə girmək lazımdır. Allahın dini, bəşərin inkişafı, vilayət klarnetdənmi asılıdır? Əhli-beytə (ə) zülm olunur şüarı ilə keçirilən bu kampaniyanı başlayanlara demək lazımdır, bir toyxanada oxunan "haram" musiqidirmi Əhli-beytə (ə) zülm, yoxsa sizin bu dini gülünc və eybəcər görkəmə salmağınız? Rövzə ilə muğamı fərqləndirilməyəcək qədər cəhalətiniz? Hər hansı bir inkişafın, yaxşılığın qabağında mədinəlilər, xəvaric və kufəlilər kimi tərsliyiniz? Bütün günü ixtilaf salmağınız?
Uzun müqəddimədən sonra bir neçə məqama toxunmaq istərdik:
1. Musiqinin hökmləri ixtilaflıdır. Hər kəs öz müctehidinə təqlid edir, təyin olunan meyarlarla musiqinin halal-haramlığını müəyyən edir. Şəriətdə ixtilaflı olan məsələ ilə camaatın gözünü çıxartmazlar.
2. Günümüzdə ləhv və mütrib mahnı deyilən bir meyar olduqca sürüşkəndir. Qədimdə rəqqasələri toplayıb eşqdən oxuyardılar, bu da olurdu ləhv-mütrib məclisi. Bu gün belə məclislər keçirilmir, diskotekalar, gecə klubları var. Orada da klub musiqiləri həmin məclislərə xasdır. Qalan musiqilər müştərəkdir. Diskotekada kimsə "Cücələrim" oxutdursa, bu, həmin məclisə xas olmaqdan xəbər vermir.
3. Dünyaya şiə mədəniyyətini təqdim etmək lazımdır. Bu mədəniyyətin musiqisiz olması mümkün deyil. İstənilən avaz hansısa lad üzərindədir. Oxuduğumuz Quran da, dua da, mərsiyyə də. Hər şey musiqidir. Hətta danışığımız belə bir ahəngə uyğundur. Musiqi məfhumundan anlayışı olanlar ümumiyyətlə gərək bilsinlər ki, musiqi hər yerdədir.
4. İmamın (ə) zühuru üçün zəminəni necə yaratmalıyıq? İmamı qeybətə sürükləyən, min ildir qeybətdə saxlayan şiəlik məntiqi ilə? Keçmişdə hər şey daha yaxşı olsaydı, İmam (ə) o zaman zühur edərdi.
5. Seyid Taleyi səviyyəsiz repertuarda ittiham edənlərə gəlincə, başınızı qaldırıb ətrafa baxın. Şiə mədəniyyəti acınacaqlı səviyyədədir, ümumiyyətlə. Məddahları plagiat musiqi oxumaqları, xaric oxumaqları, ləhcəsi, zövqsüzlüyü, fəhlə görkəmində məclislərə gəlməsi totaldır, total! Üstəlik din xadimlərinin çoxuna baxın! Bozbaş mollalarını geridə qoyublar. Bu total mədəniyyətsizlik fonunda səsi və ifası ilə müsbət mənada seçilən Seyid Tale niyə həmişə hədəfə alınır? Olmaya bu mədəniyyətsizlik bataqlığından kiminsə xilas olmasını istəmirsiniz?!
6. Seyid Taleyə kifayət qədər irad var. Bəli, plagiat musiqilər olur, standart avaz və s. Amma həqiqətən də bu insan yaradıcılıq axtarışındadır. Bir sıra digər musiqiçilərimiz kimi. Amma həyati mövzusu klarnet olan dindar bir cəmiyyətdən hansı bəstəkar, hansı şair çıxa bilər ki, bu yazıq ifaçılar da onlardan yararlansınlar?
Qlobal əqidə daşıyıcısı olduğunuza inanırsınızsa, qlobal düşünməyi bacarın. Yox əgər hələ də şiəliyin Səlcuq zamanında Nəcəf hövzəsi ilə məhdudlaşdığını düşünürsüzsə, onda elə hücrələrinizdən çıxmasanız yaxşıdır. Aydındır ki, sizin davanız Seyid Tale davası deyil. Sizin davanız vilayətlə davadır. Siz tövhid və imamət məntiqinə zidd dininizi, şiə vəhhabiliyini yaymaq üçün zəmin hazırlayırsınız.
Azər Qarayev