23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Ərbəin səfəri: savab axtarışı yoxsa...?
23.01.2018

Planetin müxtəlif qitələrindən, ölkələrindən, şəhərlərindən insanlar yenə də İraqa, Kərbəlaya axışır. Ərbəində, Aşuranın növbəti ildönümü qeyd edildiyindən 40 gün sonra imam Hüseyn (ə) hərəminə yetişmək üçün. Milyonlarla, on milyonlarla insan axını və onları qarşılayan milyonlarla iraqlı. Bəs onları hərəkətə gətirən, bəzilərini minlərlə kilometri qət etməyə, bəzilərini isə günlərlə yol üstündə dayanıb gəlib keçən zəvvarlara xidmət göstərməyə məcbur edən nədir?

Sözsüz ki, bu çoxmilyonluq izdihama cəlb edilən hər kəs baş verənlərin savab baxımından əvəzsiz hadisə olduğuna əmindir. Onlar Allahın Peyğəmbərinin (s) "Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular" hədisinə iman gətirərək bu gəmiyə minməyə tələsirlər, Qiyamət günü imam Hüseynin (ə), Əhli-beytin (ə), Kərbəla şəhidlərinin onlara şəfaətçi olacağına ümid edirlər. Deməli, bu möhtəşəm insan axınına əqli baxımdan tərif vermək istəsək, o zaman "Ərbəin - savab qazanmaq üçün yola çıxanların yürüşüdür" deyə bilərikmi?..

Yaxud başqa bir versiya. Sözsüz ki, Ərbəində Kərbəlaya üz tutanların hər biri eyni zamanda o müqəddəs torpaqda edilən duaların daha tez qəbul olunmasına, imam Hüseynə (ə), Həzrət Abbasa təvəssülün müsbət nəticələrinə iman gətiriblər. Hətta Ərbəin karvanına qatılmaq istəyən, lakin bunu edə bilməyənlər də böyük təkidlə zəvvarlardan onlara dua etməsini istəyir. Deməli, on milyonlarla insan hər il minlərlə kilometri Səfər ayının 20-də dua etmək, dünyəvi və uxrəvi işlərini sahmana salmaq üçün qət edirlər?..

Yaxud bir başqa səbəb var? Yaxşı, bir anlığa fərz edək ki, İlahidən bir nida gələydi: "Ərbəində Kərbəlanı ziyarət etməyə görə heç bir savab verilməyəcək, bu, mübah bir əməldir! Kərbəlada edilən dualarla evində etdiyiniz dualar arasında da heç bir fərq olmayacaq!" Nə baş verərdi o zaman, hə? 2018-ci ildə Ərbəin səfərinə yollananların sayında ciddi azalma müşahidə edilərdimi? İllər ötdükcə Ərbəin ənənəsi unudulub aradan gedərdimi?

Zənnimizcə heç nə dəyişməzdi. Çünki Ərbəin səfərinin arxasında nə yuxarıda qeyd etdiyimiz savab axtarışı və dua həvəsi dayanıb, nə də hansısa başqa bir fərdi, subyektiv həvəs. 13 əsr ərzində zəvvarlar qarşısında hansı maneələr qurulmadı ki? Nə savab?! Savab bir yana, - zəvvarları qətl etdilər, zülmə məruz qoydular. Amma ənənə ölmədi, yaşadı. Bu gün də yaşamaqdadır. Çünki hər dövrdə, hər ictimai quruluşda sadə insanlar haqq və ədalət arayıb, onu tapmayaraq imam Hüseynin (ə) Aşura günündəki "Həl min nasiri yənsuruni?" çağırışına tərəf boylandılar, bu çağırışa "Ləbbeyk!" söylədilər. Allahın əsl dinini, sevməyi, yaşamağı və yaşatmağı, sevdiyinin müdafiəsinə qalxmağı və bu yolda hər şeyindən keçməyi Kərbəladan öyrəndilər. Çox şeyin yalan, süni olduğunu, Kərbəlanın isə xalis, pak və saf olduğunu başa düşdülər. Kərbəlaya, imam HÜseynə (ə), imamın səhabələrinə, ideyalarına məftun oldular, aşiq oldular...

/İslam.az/