25 Noyabr 2024 - 25
Misirin əl-Əzhər dini tədris mərkəzinin bir qrup nümayəndəsi Kərbəla şəhərindəki İmam Hüseyn (ə) ziyarətgah kompleksinə səfər ediblər.
Bir qrup din xadiminin təmsil olunduğu nümayəndə heyətinə əl-Əzhər mərkəzinin ruhani icmasının sədri Nəşat Əbdüssəma Zari rəhbərlik edib. "Biz İraq xalqını terrorçu İŞİD üzərində qazandıqları qələbəyə görə təbrik etmək üçün İmam Hüseyn (ə) ziyarətgahına gəlmişik. Həm İraq cəmiyyətində, həm də Misir və ümumilikdə ərəb cəmiyyətləri arasında sülhyönümlü, insani birgəyaşayış hissini təbliğ etdikləri üçün göstərdikləri səyləri alqışlayırıq", - deyə nümayəndə heyətinin rəhbəri jurnalistlərə açıqlamasında deyib.
Misir xalqı başda Prezident Əbdülfəttah əs-Sisi olmaqla, eləcə də Şeyx Əhməd ət-Təyyibin rəhbərlik etdiyi əl-Əzhər İslami Elmlər Mərkəzinin ruhaniləri İraq xalqını dəstəkləyirlər və onun qələbəsi üçün dua edirlər.
Ekstremizm əleyhinə Afrika-ərəb Müsəlman Ruhanilər Şurasının üzvü professor Məhəmməd Ramazan Məhəmməd bildirib ki, Nəcəf şəhərindəki ali dini rəhbərlik tərəfindən İŞİD-ə qarşı silahlanma ilə bağlı verilmiş fətva İŞİD-in İraq ordusuna qarşı qurduğu bütün planları puç edib. Bu fətva İraqın qələbə qazanmasında əhəmiyyətli rol oynayıb.
"Ümid edirik ki, bütün din xadimləri Sistaninin metodologiyasına əməl edəcəklər, dünya xalqları arasında həmrəylik, qarşılıqlı hörmət və birgəyaşayış hissinin təbliği istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəklər", - deyə o əlavə edib.
İmamhussain.org/Kerbela.info