21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) “Ərbəin” ziyarəti ilə bağlı tövsiyələr
08.02.2018

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Allah əcr-savabınızı daha artıq etsin!

Biz, şəhidlər sərvəri İmam Hüseynin (ə) "Ərbəin" günü münasibətilə müqəddəs Kərbəla şəhərinə gedirik. Bizim bu əzəmətli gündə fayda və mükafatımızın daha çox olması, xəbərsiz olduğumuz, yaxud savabını bilmədiyimiz məsələləri bizə xatırlatmanız üçün Sizin bir ata kimi tövsiyələrinizə ehtiyacımız var. Ümidvarıq ki, bu tövsiyə cəmiyyətin bütün təbəqələrinə aid olacaqdır.

Allah-təala mübarək vücudunuzu davamlı etsin! Həqiqətən də, O, eşidən və (bəndələrinə) yaxındır. Sizdən dua etmənizi təvəqqe edirik.

Bir dəstə mömin.

Bismillahir-rəhmanir-rəhim

Həmd olsun aləmlərin Rəbbinə! Allahın salavat və salamı olsun həzrət Məhəmmədə və onun pak ailəsinə!

Allahın bu şərafətli ziyarəti nəsib etdiyi möminlər bilməlidirlər:

Allah-təala bəzi qullarını peyğəmbərlər və vəsilər olaraq qərar verib ki, insanlar üçün ülgü, nümunə və hüccət (dəlil, sübut) olsunlar. Həmçinin, insanlar onların təlimatları ilə doğru yola yönəlib, əməllərinə iqtida etsinlər. Allah bu nümunəvi şəxsiyyətlərin xatirələrini əbədiləşdirmək və məqamlarını ucaltmaq üçün insanları onların türbələrini ziyarət etməyə sövq edir. Bu əməl eyni zamanda Allahı, Onun təlim və hökmlərini insanlara xatırladır. Çünki onlar, Allaha itaət etmək, Onun yolunda döyüşmək və dini üçün qurban verməkdə ən ideal nümunələrdir.

Biz əhli-beytdən (ə) olan imamların dövründə yaşayıb elmi onlardan əxz edə bilməsək də, Allah-təala onların təlim və mövqelərini bizim üçün qoruyub saxlamışdır. Onların bizim gözümüzün önündə ideallar olaraq qalmaları üçün, Allah bizi onların türbələrini ziyarət etməyə təşviq edir. Bununla Allah, onların dövründə yaşayanları sınağa çəkdiyi kimi, bizim də onların zamanında yaşamaq, təlim və öyüd-nəsihətlərini qəbul etmək barədə olan istəklərimizdə doğru olmağımızı sınağa çəkir. Elə isə biz də diqqətli olmalıyıq ki, istəyimiz yalançı arzulardan ibarət olmasın və bilməliyik ki, o həzrətlərin (ə) istədikləri kimi yaşadığımız təqdirdə, qiyamət günü məhşər ayağına onlarla birgə olmuş insanların sırasında gətirilə bilərik. Əmirəlmöminin (ə) Cəməl döyüşündə belə buyurduğu nəql olunur: "Hələ atalarının belindən və analarının bətnindən çıxmamış insanlar bizimlə (bu döyüşdə) iştirak etdilər".

Odur ki, bizlərdən hər kim sidq ürəkdən istəsə, onun üçün məsumların öyrətdiklərinə əməl etmək və onların yolu ilə getmək çətin olmaz və nəticədə o, onlar kimi (çirkinliklərdən, günahlardan) təmizlənmiş, onların əxlaqı ilə əxlaqlanmış olar.

Allah xətrinə namazı qoruyun! Hədisi-şərifdə (Peyğəmbər hədisində) buyurulduğu kimi, o, dinin sütunu və möminlərin meracıdır (ilahi dərgaha səyahətidir). (Qiyamət günü sorğu-sual zamanı) namaz qəbul olunduğu təqdirdə digər əməllər də qəbul olunar, rədd edildikdə isə o biriləri də rədd edilər. Onu müntəzəm olaraq əvvəl vaxtında qılmaq lazımdır. Allahın ən sevimli bəndələri Onun namaza çağırışına ən tez cavab verənlərdir. Mömin namazın əvvəl vaxtında başqa bir işlə məşğul olmamalıdır, çünki namaz əməllərin ən yaxşısıdır. Məsumların (İmam Cəfər Sadiqin (ə) )dilindən nəql olunmuşdur ki, bizim şəfaətimiz namazı yüngül sayana nəsib olmayacaqdır. Həmçinin, İmam Hüseynin (ə) da Aşura günü namaza böyük önəm verdiyi qeyd olunur. Hətta İmam (ə) namazı əvvəl vaxtında ona xatırladan şəxsə (Həbib ibn Məzahirə) belə buyurmuşdu:"Namazı xatırlatdın, Allah səni (həqiqi) namaz qılanlardan, zikr edənlərdən qərar versin!". Sonra isə o Həzrət, (düşmənin) aramsız ox atışlarına baxmayaraq, döyüş meydanında namaz qıldı.

Allah xətrinə ixlası (əməlləri xalis Allaha xatir niyyətlə yerinə yetirməyi) qoruyun! Həqiqətən, insanın əməllərinin dəyəri və bərəkəti onun Allaha ixlası qədər olur. Allah-təala yalnız, xalis Onun üçün edilən, qeyrilərinə xatir olmayan əməlləri qəbul edir. Peyğəmbər (s) müsəlmanların Mədinəyə hicrəti zamanı buyurmuşdur ki, kim Allaha və Onun Rəsuluna doğru hicrət edərsə, onun hicrəti Allahadır və kim əldə edəcəyi dünya malına doğru hicrət edərsə, onun da hicrəti dünyayadır. Allah-təala əməlin savabını, həmin əməldə olan ixlasın dərəcəsinə görə, 7 yüz qata çatanadək artırır, (Qurani-kərimdə buyurulduğu kimi) Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Buna görə də ziyarətçilər yol boyu Allahı çox zikr etməli və hər addımda, hər əməldə ixlasa diqqət yetirməlidirlər. Onlar bilməlidirlər ki, Allah-təala Öz bəndələrinə əqidədə, sözdə və əməldə Ona ixlaslı olmaq kimi ikinci bir dəyərli nemət bəxş etməmişdir. İxlassız əməl bu (dünyadakı) həyatın başa çatması ilə itib aradan gedər. Xalis Allaha xatir niyyətlə edilən əməl isə həm bu, həm də bundan sonrakı həyatda əbədi və müqəddəs olaraq qalar.

Allah xətrinə örpəyi, hicabı qoruyun! Həqiqətən, hicab əhli-beytin (Allahın salamı olsun onlara), hətta Kərbəla hadisəsi günü ən ağır vəziyyətlərdə belə, diqqət yetirdikləri ən mühüm məsələlərdən idi. Onlar bu məsələdə ən yaxşı nümunə idilər. Bu pak insanlar düşmənlərinin onlara yönəlmiş çirkin hərəkətləri içərisində ən çox ehtiramlarının, abır-həyalarının camaat arasında aradan aparılmasından əziyyət çəkmişlər. Odur ki, ziyarətçilər, xüsusilə də, möminə xanımlar davranışlarında, geyimlərində və görkəmlərində iffət normalarına riayət etməli və buna xələl gətirən, dar geyimlər geymək, (naməhrəmlərlə) məzəmmət olunmuş şəkildə münasibət qurmaq və qadağan edilmiş tərzdə bəzənmək kimi işlərdən çəkinməlidirlər. Hətta bu müqəddəs mərasimi (ziyarəti) ona layiq olmayan ittihamlardan qorumaq üçün sözügedən məsələlərə mümkün olan ən yüksək səviyyədə riayət edilməlidir.

Allah-təaladan diləyirik ki, peyğəmbərimiz həzrət Məhəmməd əl-Mustafanın (s) və onun pak əhli-beytinin (ə) ali məqamlarını, Onun yolunda fədakarlıq göstərdiklərinə və bəndələrini doğru yola yönəltmək uğrunda cihad etdiklərinə görə, həm dünya, həm də axirətdə daha da ucaltsın və onlardan əvvəlki seçilmişlərə, ələl-xüsus İbrahim və onun ailəsinə göndərdiyi kimi, onlara da salam-salavatını iki qat göndərsin! Həmçinin, Rəbbimizdən həzrət Hüseynin (ə) zəvvarının bu ziyarətini onlar üçün mübarək etməsini və bu əməli, saleh bəndələrinin əməllərini qəbul etdiyi ən yaxşı şəkildə qəbul etməsini istəyirik, qoy onlar bu ziyarət səfərində və eləcə də ömürlərinin qalan hissəsində başqalarına nümunə olsunlar və Peyğəmbərlərinin əhli-beytini dost tutduqları, onların ardınca getdikləri və onların yolunu təbliğ etdikləri üçün Allah bu insanları ən yaxşı şəkildə mükafatlandırsın! Ümid olunur ki, qiyamət günü bütün insanların (Allahın hüzuruna) öz imamları ilə birgə çağırılacağı kimi, onlar da həmin gün o Həzrətlərlə (ə) birgə çağırılsınlar və onlardan bu yolda şəhid olanlar isə, canlarını əhli-beyti (ə) dost tutmağa qurban verdilkləri, bu yolda zülm və təqiblərə dözdükləri üçün məhşərə İmam Hüseyn (ə) və onun səhabələri ilə birgə gətirilsinlər.

Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (duaları) müstəcab edəndir!

Ayətullah Seyid Əli Sistani