23 Noyabr 2024 - 23
Ərbəin günü İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günüdür. Aşura və Ərbəin günləri Məhərrəmlik dönəminin iki ən mühüm günləridir. Peyğəmbər (s) ümməti, Əhli-Beyt (ə) aşiqləri məhərrəmlik dönəminə məhərrəm ayı başlayandan, yəni, İmam Hüseyn (ə) və əshabının şəhid olduğu Aşura günündən də, on gün əvvəl başlayır və Ərbəindən sonrakı on günü də, matəm saxlayırlar. Bu, onların Əhli-Beytə (ə) olan məhəbbətindən irəli gəlir.
Hər il Ərbəin günü istər Kərbəlada, İmam Hüseynin (ə) pak hərəminin ətrafında olsun, istərsə də, müxtəlif məntəqələrdə - İmam Hüseyn (ə) və əshabının zəvvarları saya gəlmir. Ziyarət etmək əlbəttə ki, ən yaxşı halda İmam Hüseynin (ə) şərif məzarının yanında olmaqla, orada Aşura, İmam Hüseyn (ə) ziyarətnamələrini oxumaqla olur, amma, sakini olduğumuz məntəqədən İmam Hüseyni (ə) ziyarət etmənin, Kərbəla istiqamətində dayanıb Həzrətə (ə) salam verməyin özü belə, savab bir əməldir və Allah bu gözəl əməlin mükafatı veriləcəkdir.
Peyğəmbərin (s) İmam Hüseyn (ə) sevgisi haqqında buyurduğu məhşur hədisləri çox eşitmişik. O hədislərin birində Rəsulullah (s) buyurur: "Möminlərin qəlbində İmam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz." Bu gün saysız-hesabsız mömini Ərbəin gününə hazırlayan, Kərbəlaya aparan bu eşqdir. Bu, bir cür eşqdir ki, Allah (c.c) bu eşqi bizlərə vacib edib. Bu, bir cür eşqdir ki, digər peyğəmbərlər öz risalətlərinin, təbliğatlarının müqabilində ümmətdən heç nə istəmədilər, amma, Allah Rəsulu (s) bunun müqabilində ümmətin Əhli-Beytə (ə) məhəbbət göstərməsi və sevməsi ni istədi. Quran buyurur: "Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Əeytə (ə) sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)" ("Şura" surəsi, ayə 23)
Mübarək ayənin mətninə baxsaq, görərik ki, Allah-Təala Əhli-Beytə (ə) məvəddət (yəni, çox məhəbbət bəsləmək) məsələsinə gəlməzdən öncə, ayənin əvvəlində iman gətirib yaxşı əməl edənlərdən danışır və onların müjdələnməsini qeyd edir. Bundan sonra Əhli-Beytə (ə) məvəddət bəsləməkdən danışılır. Və bu söhbətdən sonra bir daha yaxşı iş görmək, əməlisalehlik gündəmə gətirilir, onun savabının artırılacağı vədəsi verilir.
Bir incə məqam ondan ibarətdir ki, bu məvəddət 23 illik risalət təbliğinin müqabilində istənilir. Yəni, 23 ilə Peyğəmbər (s) nə zəhmətlər çəkdi, təhqir edildi, daşlandı, qovuldu, hicrət etdi, terror edilmə təhlükəsiylə üzləşdi, şərləndi, Quranı gətirdi, dövlət qurdu, cəza, qanun, hüquq tətbiq etdi və bütün bunların müqabilində O Həzrət (s) Əhli-Beytə (ə) məhəbbət bəsləməsini ümmətdən istədi.
Bu eşqin bəhrəsidir ki, ümmət Ərbəin günü Kərbəlaya axışır.
Ötən illərin məlumatına görə təkcə Bəhreyndən 15 min İmam Hüseyn (ə) aşiqi Ərbəin üçün Kərbəlaya üz tutub. Ondan əvvəlki ilin sayı 24 min olub. Geridə qoyduğumuz ildə Ərbəinlə bağlı Kərbəlaya 15 milyon zəvvar axışmışdı. Təsəvvür edirsinizmi bir ölkənin əhalisindən qat-qat çox zəvvar, Əhli-Beyt (ə) aşiqi gəlir Kərbəlaya. Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün ən azı 36 minlik heyət hazır vəziyyətə gətirilmişdi. Aparılan əməliyyatlar nəticəsində 66 nəfər terrorçu zərərsizləşdirmişdi. Məqsəd İmam Hüseyn (ə) sevgisini qəlblərdən silməkdir. Məqsəd odur ki, insanlarda bir xof yaransın və onlar bu ziyarətə son qoysunlar. Amma, unudurlar ki, bu ziyarət o kəsin ziyarətidir ki, O (ə) bütün haqsızlıqlara, zülmlərə, qorxulara, əziyyətlərə, məşəqqətlərə, məhrumiyyətlərə qalib gəldi. Terrorla, partlatmaqla İmam Hüseyn (ə) sevgisini qəlblərdən, mömin ürəklərdən silmək mümkünsüzdür. Və üstəlik hər kim bu yerlərdə terror edilirsə, onlar şəhid olurlar və inşəallah İmam Hüseynlə (ə) məhşur olacaqlar!
Bu terror hadisəsi heç də, ilk dəfə deyildir. Biz tarixi vərəqləsək, görərik ki, tarix boyu neinki Əhli-Beyt (ə) aşiqləri incidilib, əziyyətlərə məruz qalıb, hətta, lənətlik əməvi və abbasi hökümətlərinin dövründə İmam Hüseyn (ə) məzari-şərifi dağıdılıb, suların altında qalıb, şumlanıb, min bir tədbir töküblər ki, bu şərif məzarı yox eləsinlər, izi-tozu qalmasın, amma, gördüyümüz kimi bütün zəhmətlər boşa çıxıb və bu günün özündə də gedib İmamımızı (ə) ziyarət edirik. Kərbəlanı nəinki Aşura günü, Ərbəin günü, digər günlərdə də, boş görmək mümkünsüzdür.
Ötən il İmam Hüseyn (ə) övladlarından və ardıcıllarından olan Seyyid Həsən Nəsrullah Ərbəin günü çıxış edərək buyurmuşdur: "Bizi ölümlə hədələməyin! Çünki biz Hüseyn (ə) və Zeynul-Abidin (ə) övladlarıyıq, biz Allah Rəsulunun (s), Bədrin, Xeybərin, Hüneynin və Kərbəla övladlarıyıq! Biz ölümdən heç vaxt qorxmarıq!" Gördüyümüz kimi, İmam Hüseyn (ə) aşiqlərinin gözündə qorxu yoxdur. Onlar şəhadət üçün hazırdılar. Onlar Ərbəin günündən gözəl istifadə edib təbərrük edirlər.
Ərəbin günü həm də, İmam Hüseynin (ə) şərif məzarının ilk dəfə ziyarət edildiyi gündür. Bu gün Peyğəmbərin (s) sadiq və təqvalı səhabəsi olan Cabir İbn Abdullah Ənsari, Özünün Ətiyyə adlı yaxını ilə Mədinədən yola çıxıb Kərbəlaya gəlmişdir. İmam Hüseynin (ə) ziyarətinə gələrkən Cabirin gözləri görmürdü. Təsəvvür edirsinizmi, İmam Hüseynin (ə) ilk zəvvarı fiziki gözü görməyən, amma qəlb gözü, mənəviyyət, bəsirət gözü açıq olan bir şəxsdir. O Həzrəti (ə) şəhid edən və tənha buraxanlardan fərqli olaraq...
Cabirin İmam Hüseyni (ə) ziyarət etməsi bu cür olmuşdur; Cabir rəhmətlik Kərbəlaya gəlir, Fərat çayında qüsul edib ətirlənir. Şərif məzara doğru atdığı hər addımda Allahı zikr edir. Məzara çatıb Ətiyyəyə deyir ki, əlimi məzarın üstünə qoy. Əli məzara dəydikdə huşunu itirib məzarın üstünə yıxılır. Ətiyyə onun üzünə su çiləyir, Cabir ayıldıqdan sonra üç dəfə "Ya Hüseyn!" deyə fəryad çəkir. Sonra mövlasıyla (ə) danışır Cabir: "Dost da, dostun cavabını verməz? Haradan mənə cavab verəsən, halbuki boynunun damarları çiyinlərindən asılı qalıb, başınla bədənin arasında ayrılıq düşüb..." Daha sonra Cabir rəhmətlik, İmam Hüseynin (ə) fəzilətlərini sadalayır, fəzilətli sülalədən olduğunu, fəzilətli insanların nəvəsi, oğlu olduğunu, Cəddinin, Atasının, Anasının pak-mübarək insanlar olduqlarını zikr edir, İmam Hüseynin (ə) şərif məzarı qarşısnda.
Şəhadət verir Cabir, İmam Hüseynin (ə) pak-pakizə olmasına...
Salam verir Cabir - İmam Huseynə (ə), möminlərin qəlbinin bu ayrılıqdan ötrü narahat olmasını dilə gətirir...
Daha sonra Cabirin dedikləri Ətiyyəni təəccübləndirir. O, digər şəhidlərin məzarına baxıb deyir: "And olsun Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə seçən Allaha, biz sizinlə sizin daxil olduğunuz yerdə, yəni, cənnətdə şərik olduq." Ətiyyə, axı bunun necə mümkün olacağını, onların başlarının bədənlərindən ayrıldığı, özlərinin (Cabirlə Ətiyyənin) isə Kərbəlada vuruşmadığını, qılınc vurmadıqlarını deyir. Cabir cavabında buyurur: "Ey Ətiyyə, həbibim Rəsulullahdan (s) eşitdim ki, deyirdi: Hər kəs hər hansı bir dəstəni sevsə, onunla da məhşur olacaq. Hər kəs bir dəstənin əməlindən razı olsa, onlarla həmin əməldə şərik olar. And olsun Məhəmmədi (s) haqq olaraq Peyğəmbərliyə təyin edən Allaha, mənim və mənim əshabımın niyyəti Hüseynin (ə) öz əshabı ilə bir yerdə keçdiyi yoldur."
Bu məqamda iki nöqtə diqqət çəkir. Biri Cabirin həmin günü zikr və İslam Peyğəmbərindən (s) nəql etdiyi hədisi-şərifdir. Digəri isə İmam Hüseynin (ə) Kərbəlaya yola düşərkən İslam Peyğəmbərinə istinad edərək buyurduğu hədisi-şərifdir. İmam Hüseyn (ə) buyurur: "Cəddim Rəsulullah (s) buyurmuşdur: Hər kim zülmkar hökmdarın ilahi hökmlərdən boyun qaçırıb, Allahın halalını haram, haramını halal etdiyini görüb, əməli, dili və yaxud qəlbi ilə ona qarşı çıxmazsa, Allah o adamı da, həmin zalım hakimi qərar verdiyi Cəhənnəm odunda qərar verəcək."
Hər iki mübarək buyuruşun verdiyi mesaj ondan ibarətdir ki, hər kim bir pis adamın əməlindən razı olsa, o da o pisliyə şərikdir və eyni zamanda hər kim bir yaxşı adamın hərəkətindən razı olarsa, o şəxs də, o yaxşılığa şərikdir. Bu səbəbdəndir ki, Cabir ibn Abdullah and içir ki, biz də sizin daxil olduğunuz cənnətdə sizinlə şərik olduq. Çünki Cabirin və əshabının niyyəti İmam Hüseynin (ə) Öz əshabı ilə bir yerdə keçdiyi yoldur.
Daha sonra Cabir Ətiyyəyə öz qızıl vəsiyyətini edir. Əslində bu vəsiyyət bütün möminlərə edilən vəsiyyətdir. Vəsiyyətində dönə-dönə tapşırır ki, Əhli-Beytə (ə) düşmən olanlarla Ətiyyə də düşmən olsun. Hətta, bu düşmənlər namaz qılan, oruc tutan, həccə gedən olsalar belə. Həmçinin, tapşırır ki, Əhli-Beytə (ə) dost olanlarla dost olsun. Əhli-Beyt (ə) dostluğu və Əhli-Beytə (ə) dost olanların dostluğu çox mühümdür və fəzilətlidir. Hətta, Cabirin də buyurduğu kimi Əhli-Beyt (ə) dostlarının qəlbi bir anlıq günaha meyillənmiş, bir ayağı günaha büdrəmiş olsa belə, digər ayağı Əhli-Beytə (ə) dostluqda möhkəmdirsə, onlarla dostluq etsin. Çünki Əhli-Beyt (ə) dostları cənnətə, düşmənləri isə cəhənnəmə gedəcəkdir.
Gördüyümüz kimi, Ərbəin bir məktəbdir. Ərbəin gününün bizlərə verdiyi önəmli mesajları və dərsləri vardır. Ərbəin möminlərə cəsarət, rəşadət, şəhadət dərslərini öyrədir, onları zillətdən uzaqlaşdırıb, izzətli yaşamağa dəvət edir. Bu gündən lazımınca bəhrələnmək, təbərrük etmək gərəkdir. Ərbəin günündə Əhli-Beytin (ə) dostuyla düşməni seçilir. Əərbəin günündə kimin cənnətlik, kimin cəhənnəmlik olması bilinir. Ərbəin günündə kimin şəhadət, izzət məktəbinin yetirməsi, kimin isə zillət içində yaşaması, bir ömrü hədər etməsi bilinir...
Allah-Təala bizləri həqiqi Əhli-Beyt (ə), İmam Huseyn (ə), Aşura, Ərbəin günlərinin aşiqlərindən qərar versin!
Qasımbala Səfərov