03 Dekabr 2024 - 3
Əvvəlcə qeyd edək ki, məsum imamlar (ə) həcc səfərinə böyük əhəmiyyət vermiş və daha çox savaba nail olmaq üçün bu səfərə ayaqyalın getməyi tövsiyə etmişlər.
Hədisdə deyilir ki, Allahın yanında Kəbə evinin ziyarətinə piyada getməkdən daha sevimli bir əməl yoxdur. Bəndələr bununla Allaha daha yaxın olurlar. Bir dəfə piyada həccin savabı yetmiş minikli həccin savabına bərabərdir.
Başqa bir hədisə əsasən, İmam Həsən (ə) piyada Məkkəyə gedərkən ayaqları şişmişdi. Ona dedilər ki, yolun qalan hissəsini miniklə get, ayaqlarının şişi yatsın. Həzrət buyurdu: "Əsla belə etmərəm".
Allah evinin ziyarətinin çox savab olmasına və Əhli-beytin (ə) ona böyük əhəmiyyət verməsinə baxmayaraq, bəzi hədislərdə Kərbəla ziyarətçisi Kəbə ziyarətçisindən üstün tutulmuşdur. Bir rəvayətçi deyir ki, bir dəfə İmam Sadiq (ə) buyurdu: "Allah-Taala Ərəfə günü Öz rəhmət nəzərini Ərəfat çölündəki hacılardan öncə İmam Hüseyn (ə) ziyarətçilərinə salar". Mən ona dedim: "Ərəfatda olanlardan öncə?!" Buyurdu: "Bəli".
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Allah-Taala Ərəfat çölündə olanlardan öncə İmam Hüseynin (ə) qəbrini ziyarət edənlərə nəzər salır, onların diləklərini verir, günahlarını bağışlayır, dualarını qəbul edir. Yalnız bundan sonra Ərəfat çölündə olanların diləklərini verir və onları bağışlayır".
Bir rəvayətçi deyir ki, İmam Sadiq (ə) məndən soruşdu: "Neçə dəfə həccə getmisən?" Dedim: "On doqquz dəfə". Həzrət buyurdu: "Bir dəfə də get, qoy iyirmi olsun və sənin üçün bir dəfə İmam Hüseyn (ə) ziyarətinin savabı yazılsın".
Başqa bir rəvayətçi deyir ki, İmam Sadiqdən (ə) soruşdum: "Ərəfat çölündə qalmağın savabı kimi bir savaba necə nail ola bilərik?" Həzrət buyurdu: "Ərəfə günü Fərat çayında qüsl alıb İmam Hüseynin (ə) ziyarətinə gedən möminin atdığı hər bir addıma görə Allah-Taala bütün əməlləri qəbul olunmuş bir həcc ziyarətinin savabını yazar".
Əhli-beyt (ə) Kərbəla ziyarətini həcc və ümrə ziyarəti ilə müqayisə edib. Bəzi hədislərdə İmam Hüseyni (ə) ziyarət etməyin savabını qəbul olunmuş bir həcc və bir ümrə ziyarətinə bərabər tutublar . Bəzi hədislərdə bu savab hətta iki milyon həcc və ümrə ziyarətinə bərabər bilinir. Bu məsələ ziyarətçinin İmam Hüseynə (ə) etiqadından asılıdır. Bu etiqad nə qədər ayıq olsa və bilgiyə əsaslansa, savabı da bir o qədər çox olar. (Seyid Mahmud Haşimi Dehsorxi)
Qeyd edək ki, yuxarıda qeyd olunan hədislərdə vacib həcdən söhbət getmir və vacib əməli milyon müstəhəb də əvəzləyə bilməz. Kərbəla ziyarətinin üstünlüyünə dair hədislər də həmin dövrün şəraitinə əsasən deyilib. Elə bir şərait yarana bilər ki, İmam Həsənin (ə) ziyarəti daha üstün ola bilər. İmam Hüseynin (ə) əsl İslam dəyərlərinin yaşamasındakı roluna, insanlara azadlıq, zülmə qarşı mübarizə ruhu bəxş etdiyinə görə, Kərbəla ziyarəti əksər hallarda ən üstün ziyarət sayıla bilər. Lakin istənilən halda, bu, hansısa məkanın Kəbədən üstünlüyü anlamına gəlməməlidir. (Kerbela.info)