03 Dekabr 2024 - 3
Ərbəin günü İmam Hüseynin (ə) məzarını ziyarət etmək ənənəsi ilk dəfə Cabir ibn Abdullah tərəfindən həyata keçsə də, kollektiv şəkildə piyada Ərbəin ziyarətinin əsası təqva nümunəsi olmuş böyük alim Şeyx Ənsari (1799-1864) tərəfindən qoyuldu və o, bu şəkildə ziyarəti şiələrin simvolu kimi tanıtdı.
Piyada Ərbəin ziyarəti Şeyx Ənsarinin vəfatından sonra bir müddət rövnəqdən düşdü. Mirzə Hüseyn Nuri bu yürüşü yenidən bərpa etdi və o, şiələr arasında yaxşı bir ənənə kimi qaldı.
Böyük alim Mirzə Hüseyn Nuri ilk dəfə Qurban bayramı günü Nəcəfdən Kərbəlaya piyada yola düşdü. Bu səfərdə dostlarından 30 nəfər onu müşayiət edirdi. Bundan sonra Mühəddis Nuri hər il bu işi təkrarlayıb piyada ziyarətə getdi.
Böyük alimlərin bu hərəkəti Əhli-beyt (ə) aşiqlərinin piyada ziyarətə getməsinə stimul oldu. Bu mənəvi mərasimin daha geniş yayılması üçün bir çox alimlər və təqlid müctəhidləri piyada Kərbəla səfərinə çıxdılar. O cümlədən, şiə aləminin böyük təqlid müctəhidlərindən olan Mirzə Cavad ağa Məliki Təbrizi İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə Nəcəfdən Kərbəlaya bir neçə dəfə piyada səfər etmişdir. Bu böyük alim və arif Ərbəin gününün uca tutulması barədə deyir: "Allah yolunun yolçusu səfər ayının iyirmisini (Ərbəin gününü) özünə matəm günü seçsin və şəhid imamın məzarını ziyarət etməyə çalışsın. Ömürdə bir dəfə də olsa, bu ziyarətə getmək lazımdır"
Luhuf // Əl-Muraqibət