21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin karvanının siyasi təhlili
09.11.2017

İslam Məkkədən bütün Ərəbistan yarımadasına yayıldıqdan sonra Peyğəmbər (s) digər ölkələrə, o cümlədən Roma imperatoruna məktub yazıb İslam dinini təqdim etdi. Şam bölgəsi Roma imperiyasının tabeliyində olub Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan ərazini - indiki Suriyanı, İordaniyanı, Livanı, Fələstini, Türkiyənin bir hissəsini və Misirin şərqini əhatə edirdi. Bu bölgə çox məhsuldar idi, qərb hissəsinin gözəl ab-havası vardı.


Tarixə əsasən, İslam Peyğəmbərinin (s) həyatının son günlərində Üsamə bin Zeydin başçılığı altında bir ordu Şama getməli idi. Ancaq bu iş baş tutmadı. İkinci xəlifənin dövründə, hicrətin 17-ci ilində bu ərazilər fəth olundu və Yezid ibn Əbu Süfyan oraya vali təyin edildi. O, iki ildən sonra xəstələnib öldü. Hicrətin 19-cu ilində Şam valiliyi Müaviyə ibn Əbu Süfyana tapşırıldı. Müaviyə Əhli-beytə (ə) qatı düşmən idi. O, bölgənin bol gəlirlərini Əhli-beytə (ə) qarşı təbliğata sərf etdi.


Əmirəlmöminin Əlinin (ə) xilafəti dövründə mühüm döyüşlər baş tutsa da, Müaviyənin hiylələri qələbəni qətiləşdirməyə qoymadı. İmam Həsən Müctəbanın (ə) xilafəti dövründə də Müaviyənin hiylələri öz işini gördü.


Müaviyə Şamda 40 illik hakimiyyətdən və Əhli-beytə (ə) qarşı təbliğatdan sonra 60-cı ildə, İmam Hüseynin (ə) imaməti dövründə dünyadan köçdü və xilafəti mənfur oğlu Yezidə tapşırdı.
Yezid uyğun düşmənliklərin davamı olaraq, hicri 61-ci ilin məhərrəm ayının onunda İmam Hüseyni (ə) və onun dostlarını şəhid etdi, ailə-uşaqlarını əsir tutub Şama apardı. Şama əsir kimi daxil olmasına, çoxlu təhqirlərlə üzləşməsinə baxmayaraq və Yezidin gözləntisinin əksinə olaraq, bu karvan Əhli-beytin (ə) qələbə amilinə çevildi və Şamı mənəvi fəth etdi.


Suriyada yaşayan ruhanilərdən birinin sözlərinə görə, Saat darvazasından Əməvi məscidinə kimi cəmi iki saatlıq piyada yol var. Ancaq əsir karvanı səhər çağı o darvazadan şəhərə daxil olub axşamüstü Əməvi məscidinə çatdı. Yəni onlar küçə və bazarlarda təxminən on saat şamlıların təhqirlərinə məruz qalmışlar.


Əsir karvanı məscidə daxil olduqdan sonra həzrət Zeynəlabidinin (ə) və həzrət Zeynəbin (ə) çıxışları başladı. Camaat dəstə-dəstə onlara yaxınlaşıb öz əməllərindən peşman olduqlarını bildirirdilər. Belə ki kişi və qadınlar üçün iki ev ayırdılar və həzrət Zeynəlabidin (ə) kişilərə, həzrət Zeynəb (ə) də qadınlara İmam Hüseynin (ə) başına gələnləri açıqladılar.
Əhli-beyt (ə) karvanı Şama əsir kimi daxil oldu, çoxlu əzab-əziyyətlər çəkdi, bir rəvayətə görə, İmam Hüseynin (ə) azyaşlı qızı Rüqəyyə (ə) orada şəhid oldu, amma əvəzində böyük bir mənəvi fəthə nail oldu. Müaviyənin 40 illik hiyləgər təbliğatı puç oldu. Yezid məcbur qalıb Əhli-beyt (ə) karvanını Mədinəyə göndərdi.