09 May 2024 - 9

09 May 2024 - 9

İmam Hüseyn (ə) məktəbinin qəhrəman məzunu - Şəhid Emin Bağırov
24.04.2018

Şəhid Emin Bağırov. Yəqin ki, bu ad və sima çoxunuza tanışdır. Aprel ayının əvvəllərində cəbhədə baş verən müharibə zamanı, Lələ-Təpənin alınmasını zəng edib atası İmran Bağırova böyük sevinclə məlumat verən qəhrəman.

"Ata Lələ Təpəni almışıq, narahat olmayın hər şey yaxşıdır. Qələbə bizimlədir" - deyə atasına şad xəbər vermişdi. Amma təəssüf ki, öz qanı hesabına qələbə əldə edən qəhrəmanımız bu sevinci öz gözü ilə görə bilmədi. Bəlkə də "təəssüf ki" - demək günah olardı. Çünki Emin Bağırov kimi qəhrəman övladlarımız illərdir işğal altında qalmış torpaqlarımızı azad edərək yaranışın ən böyük hədəfi və məqsədi olan şəhidlik məqamına yetişdilər. Onun sevənlər üçün bu ayrılıq ağırılı və qüssəli olsa da, əminik ki, özü-öz halından və yetişdiyi məqamdan məmnundur.

Yaxınlarının dediklərinə görə Emin Bağırov elə kiçik yaşlarından İmam Hüseynin (ə) qapısında böyüyüb. Həyatının əsas qayəsi məscid, Aşura mərasimləri və digər ilahi dəyərlərə üstünlük verməkdən ibarət olub. Atası İmran Bağırov deyir ki, Emin hər il Məhərrəm aylarında qardaşı ilə birgə məscidə gedər, orada İmam Hüseynə (ə) böyük məhəbbət və sevgi ilə əza saxlayardılar. Tarixən İmam Hüseynin (ə) məktəbindən dərs alan Azərbaycan oğulları sırasına Emin Bağırov da adını yazdıra bildi və bu məktəbin uğurlu məzunlarından oldu.

Bizlər də dəyərli və əziz şəhidlərimizin uca şəxsiyyətini daha da yaxından tanımaq və tanıtmaq üçün "Şəhid Haqqı" layihəmizin növbəti ünvanını məhz Emin Bağırov böyüyüb boya-başa çatdığı Binəqədi kəndinin Dağlılar məhəlləsinə saldıq.

Şəhid Emin Bağırovun atası İmran Bağırov, qardaşı Yaqub Bağırovla səmimi ortamda baş tutan söhbətdə şəhidimizlə daha da yaxından tanış olduq və dəyərli şəxsiyyətinin görünməyən tərəfləri bizim üçün də aşkar oldu. İlk öncə söhbətə xalqımız və millətimiz üçün dəyərli övlad böyüyüb başa çatdıran şəhid atası İmran Bağırov başladı.

"Uşaqlıdan vətənpərvər və imanlı bir uşaq idi. Məktəb dövründən hərbçi olmağı çox arzu edirdi. 9-cu sinifdə oxuyanda Naxçıvaniski adına hərbi məktəbə sənədləri vermək istəyirdi ki, biz razı olmadıq. Həmişə hər yerdə birinci olmağı arzu edirdi. İdmanla çox ciddi məşğul olurdu və "Uşu-Sambo" üzrə respublika çempionluğunu qazanmışdı. Adını da peyğəmbərin Əmin ləqəbinə uyğun olaraq Emin qoymuşduq. "

Qardaşı Yaqub Bağırov: "Uşaqlıqdan bir yerdə böyümüşdük, həmişə bir yerdə olardıq. Məktəbdə də dərslərini yaxşı oxumuşdu. Hərbçi olmaq böyük arzusu idi. Amma atamız istədi ki, universitetə daxil olsun. İmkanımız az olduğuna görə, repetitor yanına gedə bilməmişdi. Ona görə universitetə daxil ola bilmədi. Əsgərliyə gedən ilk gündən xüsusi təyinatlılara yazılmaq istəyirdi. Komandiri deyirdi ki, məndən əl çəkmirdi, deyirdi məni xüsusi təyinatlılara yaz. Əsgərliyinin 9 aylığında atama zəng elədi ki, bəs gəl Xırdalana, xüsusi təyinatlılara gedirəm. Atamla görüşəndə dedi ki, ata bəs mənə halallıq ver, xüsusi təyinatlılara yazılmışam. Kurslarını bitirib Cəlilabadda xidmət edirdilər. Sonuncu dəfə mart ayında gəlmişdi evə, 40 dərəcə temperaturu var idi. Nə qədər dedik ki, gəl səni hospitala yatızdırıb müalicə etdirək, razı olmadı. Axırıncı dəfə atama zəng vurmuşdu ki, bəs Lələ Təpəni almışıq, narahat olmayın hər şey yaxşıdır."


Şəhid olma xəbərini nə vaxt aldız?

Yaqub Bağırov: "Axşam dükandaydım, bir nəfər cavan oğlan dükana yaxınlaşıb dedi ki, bəs bura deyirlər şəhid gəlib. Deyəndə ki, bəs mənim qardaşım əsgərdir, oğlanın rəngi ağardı. Ondan sonra hərbi komissarlığa gedib maraqlandıq, oradan təsdiqlədilər ki, Emin şəhid olub. Mən bilirdim ki, müharibə olsa Emin özünü qabağa atacaq. Çünki, hər işdə və yerdə daima öndə və birinci olmağı arzu edirdi. Əsgər yoldaşları və komandirləri danışırlar ki, Emin müharibənin ən qızğın çağlarında neçə nəfər hərbçini və zabiti xilas edib."

Şəhid atası İmran Bağırov: "Emin gilin azad etdikləri ərazilərə gedib baxdım. Kifayət qədər böyük bir ərazi geri qaytarılıb. Əgər orduya bir qədər də şərait yaradıb icazə versəydilər, daha böyük əraziləri azad edərdilər."

- Aprel döyüşlərindən sonra, xüsusilə övladlarınızın şəhid olmasından sonra cəmiyyətdə vətənpərvərlik və şəhidlik ruhiyyəsinin canlanması müşahidə edildi. Hətta azyaşlısından tutmuş, qocasına qədər hər kəs əlinə silah götürüb müharibəyə getməyə hazır idi. Hər kəs də bu düşüncədə idi ki, torpaqlarımızın geri qaytarılması yalnız müharibə ilə mümkün olacaq. Şəhid ailəsi olaraq siz necə fikirləşirsiz, torpaqlarımızın işğaldan azad edilməsi hansı formada mümkündür?

İmran Bağırov: "Yalnız və yalnız müharibə yolu ilə torpaqlarımızın geri qaytarılması mümkün olacaq. Heç kim də fikirləşməsin ki, siyasət və diplomatik yollarla torpaqlarımızı qaytara biləcəklər. Müharibəsiz torpaqlarımızın geri qaytarılması mümkün deyil. Buna hər kəs milyon faiz əmin olmalıdır. Ermənilər heç vaxt aldıqları torpaqları xoşluqla geri qaytarmazlar. 100 ildə görüşlər keçirib danışsalar torpaqların geri qaytarılması mümkün deyil."


- Bəs şəhid atası olmaq necə bir hissdir?

- Qürurvericidir. Amma övlad acısı çox çətindir. Lakin şəhidliyin şəhid üçün öz şirinliyi vardır ki, biz onu anlamarıq. Yeganə dünyasını dəyişən şəxslər şəhidlərdir ki, bir neçə dəfə şəhid kimi ölməyi Allahdan arzu edirlər. Eminin şəhidliyindən sonra insanların göstərdikləri diqqət və münasibət olduqca qürurvericidir. Binəqədi Bələdiyyəsi tərəfindən bu yaxınlarda Eminin ad günü qeyd edildi. Bələdiyyədə fəaliyyət göstərən Aytac xanıma sözügedən tədbirin keçirilməsində çox böyük zəhmətləri oldu. Bizim qəlbimiz yalnız bu cür diqqət və məhəbbət nəticəsində rahatlıq tapır. Diqqətsizlik gördükdə istər-istəməz narahat oluruq. Həmçinin şəhidlik abu-havasının cəmiyyətdə qorunub saxlanması şəhid ailələri üçün olduqca zəruridir.


- Eminin necə şəhid olması haqqında nə deyirlər?

Yaqub Bağırov: "Əvvəlcə məlumat yayıldı ki, Emin gil guya minaya düşüb şəhid olublar. Amma sonradan komandirləri dedi ki, Emin gilin dəstəsi minaya düşməyib. Onlar ən qızğın ərazilərdə müharibə aparıblar. Hətta bəzi yerlərdə ermənilərlə əl-bəyaxa davaya qədər gediblər. Eyni zamanda çox saylı düşmən ordusundan adam da qırıblar. Emin düşmən tərəfinin artilerriya zərbəsi nəticəsində şəhid olub. "


- Şəhid ailəsi olaraq göstərilən diqqət və qayğını qənaət bəxş hesab edirsinizmi?

İmran Bağırov: "Xeyir. Ev-eşiyimin durumundan hiss edilir ki, vəziyyətimiz necədir. Emin Şəhid olandan sonra bizə ancaq pensiya kəsilib vəssəlam. Bir nəfər də olsun gəlib qapını döyməyib ki, necədir vəziyyətiniz? Bir dəfə çağırıb parnikdə işləməyi təklif etdilər. Parnikdə işləmək lazımdırsa, gəlib elə öz həyətimdə işləyərəm. Uşağa desən belə bir sözü, gəlib şəhid ailəsinə deməz. Biz indiyə qədər nə istəmişiksə Eminin adı üçün istəmişik. İstəyimiz budur ki, ən azından Eminin xatirəsi əbədiləşdirilsin. Bəlkə ailə olaraq bununla bir qədər toxtaxlıq taparıq. Şəhidin dəyəri Allah yanındadır və Allah özü şəhidlərə dəyər verib. Şəhid adı və məqamı İmam Hüseyndən(ə) qalmadır. Emin şəhid olana qədər milli qəhrəman aid bütün göstəriciləri yerinə yetirib. Daha Milli Qəhrəman necə olmalıdır ki? Ətrafımızda olan insanlar bizə Eminə görə o qədər hörmət edirlər ki, bəzən özümüz narahat oluruq. Bu diqqəti və hörməti hökümət nümayəndələrindən və rəsmi şəxslərdən daha çox, adi insanlardan görürük. Təəssüf doğuran budur ki, vətənin müdafiəsi lazım olanda bizlər yada düşürük. Lakin nəsə bölüşdürmək lazım olanda dərhal sinələrini qabağa verib, əllərindən gələn hər şeyi edirlər ki, özləri sahib çıxsınlar. Bəzən oturub fikirləşirəm, od tutub yanıram ki, bu məmləkətdə bir idmançının fənninə verilən dəyər bizim şəhid övladlarımızın qanına və qeyrətinə verilən dəyərdən üstündür."


- Şəhid olmamışdan öncə nəsə hiss etmişdiz?

Yaqub BAğırov: "Hətta kiçik yaşlarından deyirdi ki, mən böyüyəndə qəhrəman olacam. Əsgərlikdə olduğu müddətdə də sosial şəbəkədəki profillərində tez-tez şəhid olmaq haqqında statuslar yazırdı. Anamıza deyərdi ki, "ölsəm ağlama, şəhid anası ağlamaz, mən ölsəm sən şəhid anası olacaqsan." Bu cür qəribə hadisəlıər çox baş vermişdi. Görünən budur ki, çox arzu edirdi ki, şəhid olsun sonda arzusuna yetişdi."

İmran Bağırov: "Mən həmişə ona nəsə olsaydı dərhal hiss edirdim. Ad günümüzdə bir gündə idi. Əsgərlik vaxtlarında onun vəziyyəti yanında olmaya-olmaya hiss edirdim. Dərhal gedirdim, görürdüm doğurdan da nəsə olub. Amma özümü bağışlaya bilmirəm ki, onun ölüm halını necə olub hiss eləməmişəm."

/İslaminsesi.org/