23 Noyabr 2024 - 23
Ziyarətə nail olmuş möminlər bunları bilməlidirlər:
Uca Allah saleh imamların ibadətini biz bəndələrinə nümunə göstərib. Biz nəsihəti onlardan almalı və əməl etməliyik. Allah onların müqəddəs məqbərələrinin ziyarət sevgisini insanların qəlbinə salıb və onların daim xatırlanmasını istəyib. Onların insanlar yanında hörmətləri günü-gündən artmaqdadır. Bu ziyarət insanlara uca Allahı və onun xoşbəxtlik amili olan hökmlərini xatırladır. Çünki məsumlar Allaha itaət və dinə xidmət yolunda ən böyük fədakarlıq nümunələri göstərmişlər.
Allaha xatir namaza önəm verin! Hədislərdə göstərildiyi kimi, namaz dinin sütunu və möminin meracıdır. O, qəbul edilsə, digər əməllər qəbul edilər, qəbul edilməsə, digər əməllər də qəbul olunmaz. Namazı ilk vaxtında qılmağa çalışın. Namaz vaxtı çatanda başqa bir işlə məşğul olmaq möminə yaraşmaz. Namaz ibadətlərin ən üstünüdür.
İmam Hüseyn (ə) Kərbəlada "Mənə namazı xatırlatdın; Allah səni daim namaz qılanlardan etsin" dedi və ox yağışı altında namaz qıldı.
İşlərdə niyyətiniz Allah üçün olsun, çünki əməlin dəyəri onun ixlası qədərdir. Allah qeyri-ilahi niyyətlə edilən heç bir əməli qəbul etməz. Ziyarətçilər bu səfərdə Allahı çox zikr etməli, atdıqları hər addımda ixlaslı davranmalıdılar. İxlaslı əməl insanı hər iki dünyada ucaldar.
Allah eşqinə, hicaba və İslam geyiminə riayət edin! Bu, Əhli-beytin (ə) çox ciddi yanaşdığı məsələdir. Onlar Kərbəlada ən çətin şəraitlərdə belə hicaba dair ən gözəl nümunə göstəriblər. Belə ki düşmənlərin əziyyətlərinin heç biri çadralarına hücum qədər onların qəlbini yaralamadı. Möminlər, xüsusən də xanımlar iffətin şərtləri daxilində hərəkət etməli, iffətlərinə xələl gətirəcək hər cür geyim və davranışlardan uzaq durmalıdılar.
Bu məsələlərə riayət olunarsa, ziyarət nəfsin tərbiyəsinə, sonra isə əməllərin təsirinin artmasına kömək edər, Ərbəin mərasimində iştirak etmək İmam Hüseynin (ə) moizə məclisində iştirak etmək kimi olar.
Ayətullah Seyid Əli Sistani