08 May 2024 - 8

08 May 2024 - 8

Ən böyük arzusu Azərbaycan bayrağına bükülərək dəfn edilmək olan şəhidimiz
12.06.2018

Şəhid anası Ceyran Axundova: "Baş verənlərdən sonra belə bir qənaətə gəlmişəm ki, bu vətən ancaq kasıblarındır. Varlıların vətəni yoxdur. Ola bilsin varlılar bu dünyada özlərini və mənafeyilərini qoruyaraq 5-10 gün artıq yaşasınlar. Lakin bu dünyadan başqa bir axirət dünyası da vardır ki, hər kəs etdiklərinin əvəzini görəcəkdir. Şəhidlik zirvəsi ancaq halal zəhmətlə böyüdülən övladların haqqıdır və yalnız bu yolla o uca mərtəbəyə yüksələ bilərlər.“

“Torpaq uğrunda ölən varsa Vətəndir!” - demiş böyüklərimiz. Əslində vətən anlayışının mövcudluğu məhz böyüklərimizin dediyi kimi onun uğrunda canını fəda etmiş mərd və fədakar övladlarına görədir. Bu günə qədər xalqımızın çoxsaylı mərd oğulları da Allahın bu qanununa əməl edərək Azərbaycan adlı bir məmləkətin və vətənin mövcudluğuna səbəb olublar. Həmin fədakar şəhidlərdən biri də aprel ayının əvvəlində cəbhə bölgəsində başlayan müharibə zamanı qəhrəmancasına şəhid olan sumqayıtlı şəhid Əbdülməcid Axundov idi

Bizlər də öz növbəmizdə şəhid Əbdülməcid Axundovun yaşadığı Sumqayıt şəhərinə saldıq. Olduqca mehr-məhəbbətli, qonaqpərvər və fədakar ailənin və dostlarının qonaqlarına göstərdikləri münasibət insanı duyğulandırmaya bilməzdi. Əslində belə bir fədakarlıq nümunəsi təəccüb də doğurmadı. Çünki şəhidlərin böyükdükləri ailə, kənd el-oba mütləq formada belə olmalıdır ki, oradan məhz şəhid Məcid kimi dəyərli övladlar yetişsin.

Şəhid Məcid Axundovun anası Ceyran xanım, qardaşı Elçin və əmisi qızı İlhamə xanımla səmimi ortamda baş tutan söhbətdə şəhidimizlə daha da yaxından tanış olduq və dəyərli şəxsiyyətinin görünməyən tərəfləri bizim üçün də aşkar oldu. İlk öncə söhbətə övlad itkisinin qəm qüssəsindən saçları ağaran, xalqımız və millətimiz üçün dəyərli övlad böyüyüb başa çatdıran şəhid anası Ceyran Axundova başladı.

“Əbdülməcid şəhid olmamışdan öncə ayağından yaralanıbmış. Ayağı rezinlə bağlayaraq digər şəhid yoldaşı Elvin Mirzəyevi ərazidən çıxarmaq istəyirmiş. Sonra hər ikisi bir yerdə şəhid olublar. Komandiri özü dedi ki, Əbdülməcid bir neçə əsgər yoldaşını yaralı vəziyyətdə xilas edərək ərazidən çıxarıb. Həmin əsgərlər hazırda müalicə alırlar və valideynləri yas mərasiminə gələrək Əbdülməcidin dayıları ilə görüşmüşdülər. Təəssüf ki, həmin vaxt mənim halım yaxşı olmadığına görə, onları görə bilməmişdim. Lakin çox istərdim ki, Əbdülməcidin əsgər yoldaşlarını görüm.”

Qardaşının şəhid olma xəbərini hamıdan əvvəl alan böyük qardaş Elçin Axundov isə həmin günü belə xatırlayır:

“Gecə saat 2-də Əbdülməcidin əsgər yoldaşlarından birinin whatsapı ilə çətin də olsa əlaqə yarada bildik. Əsgər bizə yazdı ki, hazırda biz neytral zonadayıq və döyüş gedir. Məcidi soruşanda isə bildirdi ki, Məcid əvvəl mənimlə idi, indi nə qədər axtarırıqsa tapa bilmirik. Ondan sonra gecə ilə Tər-Tərə yollandıq. Orada bizə bildirdilər ki, əsgərlər bombardman edilən neytral zonada qalıblar, kiminsə orada sağ qalması inandırıcı deyil. Elə orada da bildik ki, Əbdülməcid şəhid olub. Əsgər yoldaşları deyirdilər ki, ayağından yaralanmışdı, yerdə sürünürdü. Ondan sonra Əbdülməcidi görməyiblər. Əbdülməcidin döyüşə getdiyi tabor böyük qəhrəmanlıq göstərib. Əbdülməcidin özü də özünü ən qaynar yerlərə ataraq döyüşüb.”

Əbdülməcidi necə xatırlayırsız, necə bir xüsusiyyətə malik övlad və qardaş idi?

Ceyran Axundova: “Əbdülməcid o qədər özünə güvənən uşaq idi ki, gücü çatdı-çatmadı sinəsini qabağa verərdi. Ona görə həmişə ehtiyat edirdim ki, bu xüsusiyyətinə görə başına nəsə gələr. Uşaq yaşlarından döyüşkən idi. Müdafiəyə ehtiyacı olanların müdafiəsinə qalxardı. Qəhrəmanlığı isə çox xoşlayırdı. Xüsusilə Mübariz İbrahimov və Ramil Səfərov sanki Əbdülməcidin idealına çevrilmişdi. Şəhid Mübarizin dəfn mərasiminə o qədər həvəslə və çox baxırdı ki, bəzən mən acıqlandırdım ki, az bax belə şeylərə. 2-3 il bundan öncə qeyri-döyüş itkiləri və əsgər ölümləri ilə bağlı Bakıda keçirilən aksiyada da məndən xəbərsiz iştirak etmişdi. Heç vaxt bu cür haqsızlıqlarla barışmazdı və deyərdi ki, nəyə görə camaatın balaları heç nədən hərbiyə aparılıb öldürülməlidir. Bir dəfə yadımda idi, hər ikimiz hərbidə heç bir səbəb bilinmədən ard-arda öldürülən əsgərlərin xəbərini oxuyub bir yerdə o qədər ağladıq. Gecə gündüz işğal altında olan torpaqlarımıza görə müharibə arzu edirdi. Bəzən deyirdim ki, müharibə olsa səni qoymayacam getməyə. Cavabında deyirdi ki, müharibə başlasa sən mənim qarşımı ala bilməzsən. Birdə görəcəksən ki, getmişəm. Əsgərlikdə olanda da gecə-gündüz çalışırdı ki, arxa hissədən önə getsin. Komandiri də barəsində danışırdı ki, çox ürəkli və cəsur bir əsgər idi. Hətta Əbdülməcidin vuruşmasından dəhşətə gəliblərmiş.”

Qardaşı Elçin Axundov: “O məndən 1,5 il kiçik idi və aramızda həmişə pərdə olardı. Amma daima hörmətimi saxlayardı. O məndən kiçik olmasına baxmayaraq, daha ürəkli idi və özünü daima qabağa atardı. Balaca olmasına baxmayaraq məni müdafiə etməyə çalışırdı.”

Ceyran Axundova: “Qardaşının həmişə hörmətini saxlayardı. Məktəbdə oxuduğu vaxt dərslərini öyrənməsi və çalışqanlığı yüksək olsa da, nadincliyinə görə həmişə məni məktəbə çağırardılar. Amma sonralar məlum olurdu ki, məktəbə çağrılmağıma səbəb olan nadinclikləri Əbdülməcid eləməyibmiş. Sadəcə həmişə özünü önə verib deyərmiş ki, mən eləmişəm. Bir dəfə məndən məktəb üçün 10 manat istədi ki, bəs pəncərənin şüşəsini sındırmışam, onu təmir etdirməliyəm. Şəhid olandan sonra müəllimələri yas yerində dedilər ki, həmin vaxt pəncərəni Əbdülməcid sındırmayıbmış. Başqa uşaq sındırmasına baxmayaraq bu özünü qabağa veribmiş. İstəmirmiş ki, kimsə danlansın və kiməsə söz gəlsin.“

Əbdülməcidin adını kim qoymuşdu?

Ceyran Axundova: “Adını əmisi qoymuşdu və babasının adı idi. Mənasını da sonralar öyrəndim ki, Allahın adından götürülüb. Yəni Məcid olan Allahın qulu. Ümumiyyətlə Əbdülməcidin ata tərəfində bu cür adları çoxdur. Əbdülməcid babasının adı, Nadirşah atasının adı, Əbdülhəkim və Əbdülhəmid əmilərinin adı idi. Yəni bu cür adlar nəsildə çox idi. Balaca olanda adından xoşu gəlmirdi. Amma sonradan həyətdə oynayanda bir nəfər türk adı haqqında ona demişdi ki, sənin adın əsl kişi adıdır. Ondan sonra evə sevincək gəldi dedi ki, ana bəs mənim adım nə gözəl addır. Ondan sonra öz adından çox xoşu gəlirdi.”

Sonucu dəfə nə vaxt əlaqə saxlamışdız?

Elçin Axundov: “Aprel ayının 1-i mənim ad günüm idi, zəng edib məni təbrik elədi və sonra anama verdim bir azda anamla danışdı. Tələsirdi həmin gün vaxtının az olduğunu deyirdi.”

Ceyran Axundova: “Mart ayının 21-i xəbərlərdə eşitdim ki, Tərtərdə atışma olub. Sonra Əbdülməcidlə yazışdıq. Güllələrdən ibarət ürək şəkili var idi, onu mənə göndərib bayramımı təbrik etdi. Atışmanın baş verib-vermədiyini soruşdum, bildirdi ki, sakitcilikdir hər şey qaydasındadır.

- Ceyran xanım şəhid anası olmaq necə bir hissdir?

- Övladımın şəhid olmasından sonra cəmiyyətin, xalqın mənə və övladıma verdiyi dəyəri görəndən sonra gördüm ki, şəhid anası olmaq mənim başımı uca elədi. Elə valideynlər vardır ki, hər şeyi var, amma yaşayan övladına görə hər kəsin yanında başı aşağıdır. Lakin mənim oğlum yanımda olmaya-olmaya, onun göstərdiyi şücaətə və qəhrəmanlığa görə hər kəsin yanında başım ucadır. Mənim oğlumu hər kəs özünki bilir. Bütün bunlara rəğmən balamı da ürəyim istəyir. Hər birimiz əvvəl-axır haqq dünyasına qovuşacağıq. Əbdülməcid isə ən yüksək zirvəni fəth eləməklə Allaha qovuşdu. Ən böyük arzusu idi şəhid olmaq. Həmişə deyirdi ki, ana bir də gördün ki, məni də bayrağa büküb gətirdilər. Nəhayət öz arzusuna çatdı.

Elçin Axundov: “Anam dediyi kimi, hamımızın başını uca etdi. Ölənə kimi də başımız uca olacaq. Amma yenə də qardaş itkisi acıdır”.

- Ceyran xanım övladınızın şəhid olmasından sonra sosial şəbəkələrdə insanları duyğulandıran və təsirləndirən videoçıxışınız yayımlandı. Həmin çıxışınızda bildirmişdiniz ki, ağlamayacağıma dair oğlumun məzarı üzərində söz vermişəm. O vaxta qədər ki, torpaqlarımızı tam şəkildə işğaldan azad ediləcək. Bir şəhid anası olaraq necə fikirləşirsiz, torpaqlarımızın işğaldan azad edilməsi hansı formada mümkündür?

- Sülhlə torpaq azad edilməz. Ancaq müharibə ilə torpaqlarımız işğaldan azad edilə bilər. Sülh danışıqları ilə torpaqlarımızın işğaldan azad edilməsi qeyri-mümkündür. Şəhid anası olaraq ona görə ürəyim və içim yanır ki, övladlarımızın böyük coşqu və şücaətlə meydana atılaraq torpaqlarımızı işğaldan azad etmək istəyi yarımçıq saxlanıldı. Torpaqlarımız tam azad edilsə idi, and içirəm ki, heç vaxt ağlamazdım. Yəni qürurla və fəxarətlə deyərdim ki, işğal altında olan torpaqlarımız 24 ildən sonra bizim oğullarımız hesabına alınıb. Amma yenə də 24 ilə sülhlə belə bir metr geri qaytarılmayan torpaqlarımızın az bir hissəsinin belə bizim balalarımızın qanı hesabına geri qaytarılması bizim üçün böyük fəxr və qürurdur. Əbdülməcid 1993-cü ildə, Qarabağ döyüşlərinin ən qızğın çağında dünyaya gəlmişdi. Mən heç vaxt inanmazdım ki, həmin dövrdə dünyaya gələn uşaqlar 23-24 ildən sonra yenidən müharibə edəcəklər. Görünən budur ki, bunlar yenidən sülh və saziş imzalamaqla illərlə torpaqlarımızın işğaldan azad edilmə prosesini uzadacaqlar. Elə analar övladlarını şəhid verə-verə yaşayacaqlar. Artıq 1993-94 cü ildə şəhid olan oğullarımızın övladları şəhid olmağa başlayıblar. İndi bizim şəhid olan övladlarımızın övladları da nə vaxta kimi şəhid olmalıdır!? Övladlarımızı cəmiyyət üçün yararlı vətəndaş kimi böyütmək istəyirdik və kifayət qədər uşaqlarımızla bağlı arzularımız var idi."

- Şəhid ailəsi olaraq göstərilən qayğı və diqqəti qənaətbəxş hesab edirsinizmi?

- Sağ olsunlar ki, dəfn və yas mərasimlərini yüksək səviyyədə keçirdilər. Ailə olaraq heç nədən xəbərimiz olmadı və hər bir işi özləri yoluna qoydular. Buna görə minnətdarlığımı bildirirəm. Lakin yas və dəfn mərasimindən sonra xüsusi bir diqqət qayğı müşahidə etmirik. Şəhidlərimizin adının əbədiləşdirilməsi, hər hansı bir küçəyə adının verilməsi, yaşadığımız ərazilərə büstünün qoyulması, məktəblərə adlarının verilməsi ilə bağlı aidiyyəti qurumlara və millət vəkillərinə müraciət etmişəm. Hələ ki, bir cavab yoxdur və gözləmə mövqeyindəyik.

- Sonuncu sualımız Əbdülməcidin şəhid olduğu bir gündə yayılan bir informasiya ilə bağlıdır. Əbdülməcid şəhid olan gün mediada “məmur oğlu şəhid oldu” – deyə bir məlumat yayıldı. Bu barədə sizin də fikiriniz maraqlı olardı? Əbdülməcid həqiqətən məmur övladı idi?

- Düşünürəm ki, bu məlumat hansısa səriştəsiz jurnalistin qələminin məhsulu idi. Görünür dövlət qulluqçusu ilə məmur ifadələrini səhv salıb. Həm də mümkün idi ki, sözügedən informasiya qəsdən dövriyyəyə buraxılmışdı. Həmin vaxtı əhalini narahat edən və sual yaradan məsələlərdən biri də məmur övladlarının əsgər getməməsi və şəhid olanlar arasında adlarının keçməməsi idi. Bütün bu şəhidlər içərisində yeganə dövlət qulluqçusu olan mən idim ki, övladım şəhid oldu. Əbdülməcidin dəfnindən bir neçə gün sonra sözügedən məlumatın “məmur övladı şəhid oldu” başlıqla getdiyini xəbər tutdum və buna etirazımı bildirdim . Sadəcə olaraq ayıbdır belə bir məlumatı yaymaq. Həmin məlumatın yayılması məmurlarında işini yüngülləşdirmişdi. Yəni düşünə bilərdilər ki, artıq məmur övladı şəhid olub, biz rahat ola bilərik. Cəmiyyətin məmur övladlarının şəhid olması xəbərini bu qədər həvəslə gözləməsinin də səbəbi hər kəsə gün kimi aydındır. Yəni yuxarı təbəqənin övladları əsgəri xidmətdə yoxdurlar, ya da ki, adları orada gedir, özləri iştirak etmirlər. Və ya hansısa xarici ölkələrdə saxlayaraq övladlarını qoruyurlar. Nəyə görə şəhid cənazələri ancaq kasıbların evindən çıxmalıdır? Məgər bu vətən varlıların və məmurların deyil? Lakin bütün baş verənlərdən sonra belə bir qənaətə gəlmişəm ki, bu vətən ancaq kasıblarındır. Varlıların vətəni yoxdur. Ola bilsin varlılar bu dünyada özlərini və mənafeyilərini qoruyaraq 5-10 gün artıq yaşasınlar. Lakin bu dünyadan başqa bir axirət dünyası da vardır ki, hər kəs etdiklərinin əvəzini görəcəkdir. Şəhidlik zirvəsi ancaq halal zəhmətlə böyüdülən övladların haqqıdır və yalnız bu yolla o uca mərtəbəyə yüksələ bilərlər.“

Əmisi qızı İlhamə Axundzadə: “Əbdülməcid mənim üçün qardaş kimi idi. Xaraktercə çox yaxşı müsbət xüsusiyyətləri var idi. Çox zadəgan düşüncəli uşaq idi. Qəhrəmanlığı ilə başımızı uca elədi. Həmişə facebookda fotolarının altında yazardım ki, sən nəslimizin fəxrisən. Həqiqətən nəslimizin fəxrinə çevrildi.”

Sonra əziz şəhidimizlə bağlı evin bir güşəsində yaradılan xatirə güşəsi ilə tanış olduq.

Sonda şəhid ailəsinə və yaxınları üçün zər-zibalı otaqla, yanan şamın söhbətindən bəhs edən təmsildən qısa epizodu xatırladıb yazımızı yekunlaşdırırıq.

Təmsildə qızıl və gümüşdən bəzədilmiş bir otağın onu işığa qərq edən şamın yanında öz gözəlliyinə görə öyündüyü söylənilir. Şam isə öz növbəsində yana-yana təmkinlə özündən deyən otağın söhbətlərinə qulaq asır.

Nəhayət zərli-zibalı otağın uzun-uzadı özünü tərifləməsindən sonra şamın söylədiyi bir kəlmə bəzəkli otağı bir daha özünü öyməyəcəyinə vadar edir.

Sənin bütün bu gözəlliklərinin, zərin, qızılının və gümüşünün görünməsinin yeganə səbəbi budur ki, mən yanaraq ətrafa işıq saçıram. Yəni mən yanmasam sənin bayaqdan öyündüyün bütün gözəlliklərinin hamısı qaranlığa qərq olar.

Bizdə cəmiyyət və xalq olaraq bütün varlığımız və mövcudluğumuza görə məhz bu dəyərlər uğrunda canlarına fəda edib, şam kimi əriyərək, dünyamızı işıqlandıran şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

/islaminsesi/