21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) ziyarətinin Allah yanında savabı
06.07.2018

Bu hədislər də öz növbəsində iki yerə bölünür:

1.İmam Hüseyn (ə)- ın ziyarəti barəsində olan hədislər.

2.O Həzrətin ziyarətinin necə olması haqqında olan hədislər.

İmam Hüseyni (ə) ziyarət etmək həm insanın dünyası üçün həm də axirəti üçün faydalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İmam Hüseyni (ə) ziyarət etməyin, insanın mənəviyyatına da böyük təsiri var.

Rəvayətdə vardır: «Dünya, axirət tələb edən adama haramdır, axirət isə dünyanı tələb edən adama haramdır. Bunların hər ikisi isə (dünya və axirət) Allahı tələb edən adama haramdır».

Bu hədisin mənasından aydın olur ki, Allahı sevən və Onun razılığını əldə edən şəxs üçün dünya və axirətin heç bir mənası yoxdur. Buna misal olaraq Əlini (ə) qeyd etmək olar. Beləki, o həzrət buyurur: «İlahi mən sənə nə cəhənnəmin qorxusundan nə də behiştinə görə ibadət etmirəm. Mən səni tanımışam və məni bu xurmalıqda ibadət etməyə sənin ibadətinin ləzzəti çəkib gətirir» Odur ki, əgər bir insan dünya və axirətə göz yumub irfan əhli, mərifət sahibi, və Allah aşiqlərindən olsa, belə bir insanın eşq və mərifətində İmam Hüseynin (ə) ziyarətinin böyük təsiri var. Bununla bağlı İmam Sadiqdən (ə) bir neçə hədis qeyd etmək olar.

Buyurur: «Hər kim İmam Hüseyni (ə) ziyarət etsə, Allah həmin şəxsə on min şəhər əta edəcək.»

Alimlər bu hədisin izahı ilə bağlı qeyd etmişlər ki, şəhərdən məqsəd dünyada mövcud olan şəhərlər deyil. Bəlkə hədisin mənası budur ki, Allah İmam Hüseyni (ə) ziyarət edən şəxsin gözünün önündən və qulaqlarından bütün pərdələri götürər. Allah həmin şəxsin qəlbinin bəsirətini açar. Belə olduqda, o şəxsə nə dünya gərəkdir nə də axirət.

Tarixdə nəql olunur ki, Əliyə (ə) bir anbar dünya malı gətirib verirdilər. Əli (ə) onların hamısını camaata paylamayınca evə getmirdi. Orada haqqı olanların hamısının haqqını qaytarırdı. Bütün beytül-malı payladıqdan sonra orada iki rükət namaz qılıb Allaha belə buyururdu: «İlahi, çox şükür olsun ki, boynumda olan təklifi əda etdim. İndi evimə rahat gedə bilərəm.»

Peğəmbər (s) özü də elə idi. Necə ki, tarixdə qeyd olunub, Peyğəmbər (s) buyurardı: «Əgər günəşi mənim sağ əlimə, ayı isə sol əlimə qoysanız belə, mən yenə də Peyğəmbərliyimdən əl çəkməyəcəyəm. Yəni bütün dünyanı mənə versəniz belə, mən yenə də öz təklifimdən əl götürməyəcəyəm.»

Bu səbəbdəndir ki, əgər insanın bəsirət gözü açılsa, və insan Allahını tanısa, onda həmin şəxsə nə dünya lazım olar nə də axirət. Belə bir şəxs daha günah etməz.
Təfsirçilər bu mətləblə bağlı başqa bir hədis də nəql edirlər: Allah təala buyurur: «Mənim bəndələrim nafilə, gözəl və müstəhəb əməllərlə Allahın məhəbbətini qazanmağa çalışarlar. Mən onları sevdikdə və onlar bu məhəbbəti qazandıqda, onların qulaqlarından və gözlərindən pərdələr götürülər. Mən onların qulağı, gözü, dili və əli olaram». Odur ki, hər kim dünyada İmam Hüseyni (ə) ziyarət edərsə bax belə bir insana çevrilər.

İkinci hədis belədir: İmam Sadiq (ə) buyurur: «Bir insan İmam Hüseynin (ə) ziyarəti məqsədiylə öz evindən çıxarkən birinci addımı atdığı an Allah onun bütün günahlarını bağışlayar. Ondan sonra atdığı hər bir addımda o şəxsin nuraniyyəti çoxalar. Gəlib qəbirə yetişdikdə, Allah taala o şəxslə münacat edərək buyurar: Ey mənim bəndəm çağır məni səs verim, nə hacət və istəyin varsa, istə, mən də əta edim».

Ücüncü hədis belədir: İmam Sadiq (ə) buyurur: Qiyamət günü süfrələr açılacaq. Bu süfrələr bir neçə cürdür; Bir süfrədə yeməklər, bir süfrədə geyimlər, bir süfrədə hurilərdir. Bəzi insanlar belə şeylərin həvəsində olmadığından, onlar elə süfrə axtarar ki, orada nuraniyyət var. İmam buyurur: Bu nuraniyyət süfrəsinin kənarında oturmaq, istəyən kəs gedib adını Hüseynin (ə) zəvvarlarının siyahısına yazsın. Orada o şəxslər oturacaqlar».

Nəql edirlər ki, bir gün axşam həzrət durub geyinib, keçinib, ətirlənib evdən çıxdı. Soruşdular: Ağa hara gedirsən? Həzrət buyurdu: Huri qazanmağa. Gəlib Kəbənin kənarında dayanaraq buyurdu, İlahi mən səni istəyirəm. Huri nədir, Cənnət nədir? İmamın bu cavabı o zaman həmin şəxslər üçün qane edici cavab idi. Onlara bəzi şeylərin sirlərini və həqiqətini demək olmazdı. Çünki, deyilsəydi, hələ dərk etməzdilər.

Dördüncü hədis Əbu Usamənin hədisidir. O deyir: Mən İmam Sadiqdən (ə) eşitdim ki, həzrət buyurdu: «Qiyamət günü Cənnətdə bir iclas olacaq. Orada Peyğəmbər, Əli (ə), Fatimə (s), məsumlar və möminlər iştirak edəcək. Kumeyl duasında buna işarə edən Əli (ə) 3 dəfə «Ya Rəbb» çağırdıqdan sonra Allahdan 10 hacət istəyir. O hacətlərin sonuncusu budur ki, İlahi, sən istədiyin şəxslərin iclasına məni də daxil et. Odur ki, İmam Sadiq (ə) buyurdu: Məsumların, möminlərin iştirakı ilə keçiriləcək iclasda iştirak etmək istəyən insan, İmam Hüseyni (ə) ziyarət etsin. İmam Hüseynin (ə) ziyarətinin insanın həm dünyasına həm də axirətinə mənfəəti var.

Ziyarət nə deməkdir?

Çox insan Kərbəlaya gedib. Şimrdə İmam Hüseynin (ə) başını Kərbəlada kəsib. Hər Kərbəlaya gedən əgər bu şərəfə nail olsa, onda Şimr və başqa ona bənzər insanlar da Kərbəlada olublar. Allahın bu ziyarət müqabilində verəcəyi dünya fəzilətinin, axirət fəziləti və həm də mənəviyyatın nuraniliyinin qazanılmasında bir şərt. O ziyarətin şərti var, elə belə deyil.

Müfəzzəl (İmam Sadiqin (ə) şagirdlərindəndir) deyir: Həzrət mənə buyurdu ki, Müfəzzəl heç Hüseynin (ə) ziyarətinə gedirsən? Cavabında dedim ki, gedirəm. Deyir ki, həzrət mənə baxıb buyurdu:

-O ziyarəti etməsən ondan yaxşıdır. Ağa necə ola bilər ki, o ziyarətə getməməyim getməyimdən yaxşı olsun?

Həzrət buyurdu: -Ona görə ki, siz yığılaraq, deyib gülə-gülə gedirsiniz; rahat yerdə qalırsınız; ziyarət edib qayıdırsınız. Elə bilirsiniz oldunuz Kərbəlayı. Halbuki o həzrəti susuz öldürüblər; o həzrəti ac öldürüblər. O həzrət şəhid olan vaxt nə haldaydı? Bax, ziyarəti də elə həmin halla etməlisən. Ondan sonra o fəzilətləri həmin şəxsə verərlər.

İmam Sadiqdən (ə) olan ikinci hədis belədir: «İmam Hüseynin (ə) ziyarətinə gedərkən, ürəyi sınıq, təvazökaranə, qəmli və qüssəli halda ac və susuz getməlisən. Çünki o həzrət ac və susuz şəhid oldu. Həzrət torpaq üstündə şəhid oldu. Belə halla get ziyarət et, hacətlərini istə və qayıt gəl. Orada qalıb oranı özünə vətən etmə!»

Hədislərdən biri də budur:
«Hər kim İmam Hüseynin (ə) qəbrinin ziyarətinə piyada getsə, Allah həmin şəxs üçün min savab yazar, min günahını pozar və min dəfə də dərəcəsini qaldırar. Sonra buyurur: Fərat çayına yetişdin, orada dayan, Fərat suyuyla qüsl al. Qüslü bitirdikdən sonra ayaqqabılarını çıxart və oradan qəbirə qədər ayaqyalın get. Yeriyəndə də zəlil bəndələr kimi yol yeri.»

Mühəmməd ibn Müslim nəql edir: İmam Sadiqdən (ə) soruşdum:
-Yəbnə Rəsulillah! Mən sənin cəddinin ziyarətinə gedirəm. Kərbəlaya da həccə gedən şəxslər kimi gedim?

Həzrət buyurdu:
-Bəli. Necə həccə gedirsənsə, eləcə də Kərbəlaya get. Sonra həzrət həmin səfərin ədəb-ərkanını açıqlayaraq buyurdu:

-Yol-yoldaşlarına qarşı bəd əxlaq olma. Xoş sözlərdən başqa heç bir şey söyləmə. Bacardığın qədər Allahı zikr et. Təmiz paltarla ziyarətə get. Ziyarətə başlamazdan öncə qüsl et. Qəlbində xüzu və xuşu olan halda ziyarətə yollan. Nə qədər bacarırsan, bir o qədər hərəmdə dua və namaz qıl. Peyğəmbər və ali Peyğəmbərə çoxlu salavat de. Vaxtını sənə lazım olmayan şeylərə sərf etmə. Gözünü haram baxışlardan qoru. Əgər yolda birinin nəyəsə ehtiyacı olsa, dayan və köməklik göstər. Getdiyin mömin qardaşlarınla cibiniz bir olmalıdır. Yolda təqiyyə lazım olsa, təqiyyə et. Allahın haram buyurduqlarının hamısından çəkin. Əgər dediyim kimi ziyarət etsən, onda sən düzgün ziyarət etmisən. Əgər insan ömründə bir dəfə belə bir ziyarət etsə, bu ziyarət onun bütün ömrünə bəs edər. Qeyd olunan fəzilətlərin hamısını Allah bu şəxsə verər.»

Hənnam ibn Subəyr: Atam mənə İmam Sadiqdən (ə) nəql edib: İmam atama buyurdu: «Sən cəddim Hüseyni hər gün gedib ziyarət edirsən?

-Ağa xeyr.

-Həftədə bir dəfə gedə bilərsən?

-Xeyr.

-Ayda bir dəfə gedə bilirsən?

-Xeyr.

-İldə bir dəfə gedə bilirsən?

-Bəzi vaxtlar gedirəm. Həzrət mənə baxıb buyurdu:

-Sən İmam Hüseynin (ə) barəsində sanki, cəfa edirsən. Mən susdum. Həzrət buyurdu:

-Əgər bacarsan, hər gün ziyarət et. Bacarsan, həftədə bir dəfə et.

Dedim:
-Ağa mən uzaqda yaşayıram. Tez-tez getməyə imkanım yoxdur.

Həzrət buyurdu:
-Sənə bir ziyarət öyrədim, hər gün əməl et. Hətta uzaqda olsan da. Gündə bir dəfə çıx damın üstünə və yaxud üstü açıq bir yerə. Bir sağa bax, bir sola və başını göyə qaldırıb İmam Hüseynin (ə) hərəmini niyyət edərək de:

Əssəlamu ələykə Ya Əba Əbdillah.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Sonra həzrət buyurdu: Belə etsən, (müstəhəb) həccin və ümrənin savabını sənə verərlər.

/ixlas.az/