21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin (ə) ziyarəti haqqında
20.07.2018

İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin fəziləti çoxdur. Buna aid bəzi məqamlara nəzər salaq. Məclisi, Əhli-beytin (ə) böyük alimlərindən olan və əmisi olan Süleymandan nəql edir: "Kufədə olan zaman qonşularımdan biri mənim evimdə idi. Söhbət əsnasında ona İmam Hüseyn (ə) qəbrini cümə günü ziyarət etməyin fəzilətini danışırdım, ancaq o, inkar edirdi. Sabahısı günü Kərbəlaya getmişdik və birdən həmin qonşumu gördüm. Bunun səbəbini soruşmamışdan qabaq özü mənə dedi: "Gecə yatdım və gördüm ki, Qiyamət bərpa olmuşdur, səmadan bir qara rəngli taxti-rəvan nazil oldu və orada iki aləm xanımı olan Fatimeyi-Zəhra (s) var idi. Bütün əllər ona tərəf uzanmışdı və o həzrətdən (s) şəfaət diləyirdi. Baxıb gördüm ki, orada yazılıb ki, cümə gecəsi İmam Hüseyn (ə) qəbrini ziyarət edənlər üçün atəşdən rahat nicat vardır. Dedim: "Ey aləmin bibisi, mənə də lütf et ki, mənim ona çox ehtiyacım vardır". Buyurdu: "Məgər sən oğlum Hüseynin (ə) qəbrini ziyarət etməyi inkar etmirdinmi?"".

Şeyx Əcəl Şeyx Mufidə və o, da müəllimi Muhəmməd ibni Müslimə nəql edir: "Mədinəyə getmişdim və xəstələnmişdim. Həzrət Muhəmməd Baqir (ə) üzərində dəsmal olan bir qabda mənə içəcək göndərmişdi. Öz nökəri vastəsilə onu mənə göndərmişdi və o, dedi: "Bunu iç ki, İmam (ə) mənə göstəriş vermişdir ki, bu dərmanı içəsən". Götürüb içdim, soyuq bir şərbət idi. Çox dadlı və müşk iyi verən bir şərbət idi. Nökəri dedi: "Həzrət (ə) buyurdu ki, içəndən sonra xidmətinə gedəsən". Mən özümə təəccüb etdim, sanki məni ipdən açmışdılar. Qalxdım və o Həzrətin (ə) evinə getdim. Rəhmət istədim. Həzrət (ə) buyurdu: "Bədənin sağalıb, içəri gir". Ağlayaraq daxil oldum və salam verdim. Əlini və başını öpdüm. Buyurdu: "Ey Muhəmməd! Niyə ağlayırsan?" Dedim: "Qurabanın olum, səndən qürbətə görə". Buyurdu: "Allah bizim davamçılarımızı elə xəlq etmişdir ki, bəla onlara tərəf qayıdır. Ancaq sənin qürbətin! Mömin bu dünyada xəlq olmuşlar arasında qəribdir. Ta bu fəna dünyadan Allah rəhmətinə qovuşana qədər. Həzrət Əba Abdullah Hüseynin (ə) qəbrinə get ki, Fərat sahilindədir. Allah qəlbindən agahdır və sənə bu niyyətə görə mükafat verəcəkdir. Hüseyn (ə) qəbrini ziyarət edirsənmi?". Dedim: "Bəli". Dedi: "Hər nə qədər qorxun çox olarsa, savabı daha çox olar. Hər kim bu səfərdə qorxu görər, Qiyamət gününün qorxusundan amanda olar. Bağışlanmış halda qayıdar". Sonra buyurdu: "O şərbət necə idi?" Dedim: "Şəhadət verirəm ki, siz Əhli-beyt (ə) rəhmətsiniz və sən vəsisən. Nökər o şərbəti gətirəndə ayağa qalxa bilmirdim. Onun kimi ləziz və xoş ətirli və sərin heç bir şərbət görməmişdim. Nökər dedi ki, yanınıza gəlim. Ayağa qalxdım, elə bil heç nəyim yox idi və ipdən açılmışdım. Allaha şükür olsun ki, sizləri bizə rəhmət göndərmişdir". Buyurdu: "Ey Muhəmməd! İçdiyin o şərbət İmam Hüseyn (ə) türbətindən idi. Mənim şəfa verdiyim ən yaxşı şeydir. Onu heç bir şeylə bərabər tutma ki, biz həyat yoldaşlarımıza və uşaqlarımıza ondan veririk. Onda çox xeyr görürük". Sonra Həzrət türbəti götürmək qaydasını başa salır və buyurur: "O, Həcərül-əsvəd kimidir. Əvvəli yaqut kimi ağ idi və hər bir xəstə özünü ona sürtəndə şəfa tapırdı. O, dərdlərin sahibi, küfr və cahiliyyət əhli özlərini ona sürtdükləri üçün qaraldı və təsiri az oldu". Soruşdum: "Bəs mən onu necə aparım?" Buyurdu: "Bizim yanımızda nə qədər istəyirsənsə iç, özünlə aparan zaman sağlam qalmaz". Mən o türbətdən iki dəfə içdim və bir daha ağrım qalmadı.

Müqəddəs Zəncani yazır ki, bəzi hədislərdə deyilir ki, İmam Hüseyn (ə) zəvvarlarının bu ziyarət üçün xərclədiyi hər dirhəm qarşısında Allah ona behiştdə 12 min şəhər əta edər. Hər atdığı addıma görə 70 həcc və 70 ümrə savabı yazılar. Nə zaman o səfərdə ölərsə, rəhmət mələkləri onu müşayiət edər. Kəfənini behiştdən gətirərlər. Onun üçün namaz qılar və behişt reyhanlarından qəbrinə xalı sərərlər. İmam Hüseyn (ə) zəvvarı Kərbəlaya yaxınlaşan zaman Fatimeyi-Zəhra (s) behişt huriləri ilə bir yerdə onu qarşılamağa gələr və buyurar: "Mənim qərib övladımın zəvvarı, xoş gəlmisən. Müjdə olsun sizə dünya və axirət xeyrinə görə". Həzrət Fatimeyi-Zəhra (ə) məzlum oğlunun ziyarətində onunla bir yerdə olar. Onu mənzilə çatdırar. Əməl dəftərinə Peyğəmbərin (s) qəbul olmuş min həcc və min ümrə savabını yazar. Öz evinə qayıtmaq istəyəndə Allahın Rəsulu (ə) mələk göndərər və buyurar: "Əməllərini əvvəldən başla ki, Allah keçmiş günahlarını bağışladı".
Kərbəla ziyarətini tərk edənlər.

Harun ibni Xaricə İmam Sadiqdən (ə) nəql edir: "Həzrətdən İmam Hüseyn (ə) ziyarətini tərk edənlər haqqında soruşdum. Həzrət buyurdu: "Cəhənnəm əhlidir"".
Bir nəfər İmam Sadiqdən (ə) soruşur: "O kəs ki, İmam Hüseyn (ə) ziyarətinə gedə bilər, ancaq onu etmir, onun haqqında nə deyə bilərsiniz?" Həzrət (ə) buyurdu: "Deyərəm ki, bu şəxs Peyğəmbərə (s) və biz Əhli-beytə (ə) qarşı ağ olmuşdur. Bizim əmrimizi yüngül hesab etmişdir. Hər kim cəddim Hüseynin (ə) qəbrini ziyarət edər, Allah hər bir hacətini yerinə yetirər. Ruzisini artırar, 50 il günahını bağışlayar, savabı özünə və əhlinə qayıdar. Allah Kərbəla yolunda xərclədiyi hər dürhəmə qarşı 10 min dirhəm onun üçün xəzinə edər. O zaman ki. məhşur olar ona deyərlər ki, sənin on min dirhəmin vardır ki, Allah sənə əta etmişdir".
Allah bizlərə də o Şəhidlər sərvərinin hərəmini ziyarət etməyi nəsib etsin.

/deyerler.org/