22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Katarsis, Aşuranın emosional dərki və iradəvi kədərlənmə
25.07.2018

İnsan vaxtaşırı müəyyən emosional yenilənməyə, təmizlənməyə ehtiyac duyur. Belə ki, insanın gündəlik həyatı onu müxtəlif emosional, psixoloji gərginliklərin içərisinə aparır, nəticədə insanın bu gərginliklərdən azad olunması zərurətə çevrilir. Bəzən bu, təbii baş verir. Bəzən də buna insanın özünün iradə etməsini təklif edirlər.

Tibb elmi bu müstəvidə gəlib çatdığı nəticəni katarsis adlandırır. Katarsis – yəni insanın mənəvi, psixoloji yenilənməsi. Belə ki, fitri olaraq kiminsə, nəyinsə itkisindən və ya hər hansı hadisədən kədərlənən, sarsılan insanın, bu kədəri, sarsıntını müalicə etmək üçün, özünün və ya yaxınlarının başına gələn ondan da böyük və ondan da ağır hadisələri yadına salması və kədərlənməsi tövsiyə olunur. Bir müddət bu barədə düşünən, kədərlənən insanda nəticədə katarsis baş verir. İnsan özünü əvvəlkindən daha rahat və yenilənmiş hiss edir. Beləcə katarsis vasitəsilə insan iradəvi kədərlənərək, dünya müstəvisində rahatlıq tapmış olur.

Ümumilikdə insan baş verən xoşagəlməz hadisələri ilk olaraq emosional dərk edir və onda kədər hissi yaranır. Baş verənlər insanın yaxınları, əzizləri və ülvi hissləri ilə bağlı olduqda, kədərin şiddəti daha da yüksəklir.

Aşura və Kərbəla hadisəsi Əhli-Beyt (ə) sevdalıları üçün emosional dərk edilən ən mühüm hadisələrdən biridir. Aşura və Kərbəlanın dərki də onunla tanış olan zaman ilk olaraq emosional müstəvidə baş verir. Lakin, Aşura məktəbinin yaşanması üçün yalnız fitri kədər kifayət etməmişdiir. Aşura məktəbinin günümüzə kimi gəlib çatması, yaşanması fitri momentlə bağlı deyil. Bu, bir iradəvi kədərlə bağlıdı. Çünki, ülvi hisslərlə yanaşı, fitri kədər insanın dəyərləri ilə həmahəng olmalıdır. Bu halda, emosional dərklə yanaşı, bir əqli dərk də baş verir. Bu ikili vektor üzrə baş verən dərk, Aşura məktəbinin nəsillərdən-nəsillərə ötürülməsini təmin edir.

İmam Rza (ə) atası İmam Museyi Kazımın (ə) Məhərrəm ayında əməli olaraq iradəvi kədərlənməsi barədə belə buyurur.

“Atam İmam Kazım (ə) o zaman ki, Məhərrəm ayı gələrdi, şadlığın əsərini onda görməzdin. Davamlı olaraq qəmgin olardı, o zamana qədər ki, Məhərrəm ayının 10-u gəlib çatardı. O gün onun üçün müsibət, qəm və ağlamaq günü olardı”.

Yekunda, həm katarsis və həmçinin də dinimizin iradəvi kədərlənməyə çağırışlarının zahirdə eyni olduğu demək mümkündü. Lakin, katarsisdən fərqli olaraq, dinimizin İmam Hüseyn (ə) üçün iradəvi kədərlənməyə çağırışı, insanlara əbədi səadət də vəd edir. Necə ki, İmam Sadiq (ə) buyurur: “Kim Hüseynin (ə) əzasında ağlasa, yaxud özünü ağlayanlara oxşatsa, behişt ona vacib olar”.

Asif Əziz