21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Dövrümüzün aşuraları - Video
26.07.2018

Yeddinci əsrdə İraqın Kərbəla şəhərində bir faciə yaşandı: Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) öz tərəfdarları və qohum-qardaşı ilə birgə vəhşicəsinə qətlə yetirildi. Həmin gün tarixə Aşura adı ilə düşdü. Amma bu, ilk aşura olsa da, sonuncusu olmadı.

Ötən əsrdə öz ölkəmizdə baş verən aşuralara nəzər salaq: 1905-ci il aşuraları, 1918-ci il 31 mart aşurası, 1920 və 1937-ci il aşuraları, 1990-cı il 20 yanvar aşurası, 1992-ci il 26 fevral aşurası, 8 may Şuşa, 17 may Laçın aşuraları və sair. Bir qədər kənara çıxsaq, Fələstin, Livan, Əfqanıstan, İraq, Bəhreyn, Yəmən, Nigeriya və digər aşuralar...

İmam Hüseyn (ə) bir dəfə öldürülmədi. Harada məzlum insan öldürülür, azadlıqsevər kütlələr məhv edilirsə, orada Hüseyn öldürülür; harada cinayət baş qaldırır, zalımlar hakim olursa, orada Yezid hökmranlıq edir, İbn Ziyad meydan sulayır. Çünki Hüseyn yazıq və məzlum kütlələrin rəhbəri, azadlıq rəmzi, zalımlar əleyhinə mübarizə simvoludur.

İmam Hüseyn öz hərəkət, bəyanat və çıxışlarıyla təkcə Yezid əleyhinə deyil, dünya durduqca bütün zalım, işğalçı və təcavüzkarlar əleyhinə üsyana qalxdı. O həzrətin bəzi sözlərinə nəzər salaq: “Müsəlman ümmətinə Yezid kimi birisi rəhbərlik edəcəksə, İslam dini ilə vidalaşmaq lazımdır”; “Mənim kimisi Yezid kimisinə beyət etməz”.

Bu və digər cümlələrilə İmam Hüseyn öz qiyamının ümumbəşəri olduğunu, Yer üzünü fəsada aparan bütün zalımlar əleyhinə reallaşdığını göstərir və belə deməyə əsas verir: İmam Hüseyn təkcə Yezid əleyhinə deyil, bütün zalımlara qarşı ayağa qalxdı. O, dünya durduqca məzlumların lideri, azadlıq mübarizələrinin ideoloji rəhbəri olaraq qalacaqdır!

İmam Hüseyn aşurasına qarşılıq vəzifələrimiz az-çox bəllidir. Bəs dövrümüzün aşuralarına qarşı mövqeyimiz necə olmalıdır?

Görəsən, İmam Hüseyn aşurasını böyük təntənə ilə qeyd edib, digər aşuralara biganə qala bilərikmi?! Qurani-kərimə və Peyğəmbər sünnəsinə əsaslanaraq, bu suala qətiyyətlə “yox” cavabını vermək olar. Quranda belə oxuyuruq: “Bütün iman gətirənlər qardaşdırlar”. Peyğəmbərimiz belə buyurub: “Müsəlmanların problemlərinə biganə qalan müsəlman deyil”; “Kim bir insanın “ey müsəlmanlar!” - deyə çağırdığını eşitsə, lakin köməyə getməsə, müsəlman deyil!” Yəni təkcə Azərbaycanda, Fələstində, Bəhreyndə, Yəməndə, Kəşmirdə və ya Myanmada müsəlmanlara yox, hətta Anqolada, Panamada və yaxud Mozambikdə qeyri-müsəlmanlara da zülm olunsa və biz biganə qalsaq, müsəlman deyilik! Qurani-kərimin belə bir zamana görə dəvəti isə daha maraqlıdır: "(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda və (həmçinin zalımların əlində) aciz qalmış kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?!"

Beləcə, çətinləşir müsəlmanın işi. İslamda biganəlik yoxdur. Müsəlman təkcə müsəlmanların deyil, bütün insanların probleminə diqqətlidir. İslam dini azadlıq və ədalət naminə Hüseyn kimi qurban verib. Elə buna görə də, müsəlman haqsız öldürülən insanları, zülm altında inləyən kütlələri gördükdə istər-istəməz Hüseyni xatırlayır. Onun üçün Qarabağ da, Qüds də, Səna də, Zaria da Kərbəla ola bilər. Həqiqi İslamı başa düşən hər kəs Adəm övladının başına gətirilən faciəvi səhnələrə, düşmən əlində qalan torpaqlarımıza, mal tövləsinə çevrilmiş məscidlərimizə, zalımların zindanında işgəncə olunan möminlərə, Qəzzada, Arakanda, Yəməndə qətlə yetirilən məsum körpələrə baxsa, görər ki, ora Xocalı deyil, Qəzza deyil, Səna deyil, ora Kərbəladır, İmam Hüseynin qətlgahıdır! Görər ki, bu yerlərdə İmam Hüseynin başı Şimr əlindədir, bu yerlərdə Zeynəbi və Hüseynin yetim balalarını əsir aparırlar...

Söz yox ki, İmam Hüseynə əza saxlamağın, Əhli-beyt müsibətinə ağlamağın böyük savabı var. Lakin İmam Hüseyn nə üçün canından keçdi?! Bundan ötrü canından keçdi ki, üstündən 1300 il sonra haqqında yazılan gözəl şeirlərə, məlahətli səslə oxunan rövzələrə qulaq asıb həzz alaq, yaxud sinə vurub ağlayaq?! Məgər imamlarımız əzadarlıq haqqında bu qədər tövsiyələri ondan ötrü eləməyiblər ki, biz “hər gün Aşura, hər yer Kərbəla!” dərsini öyrənək?! Məgər dünyanın dahi şəxsiyyətləri Aşura qiyamını örnək seçərkən İmam Hüseynə rövzə oxuyub ağlamağı nəzərdə tuturdular, yoxsa onun fədakarlığını, azadlıq mübarizəsini, köləlik əleyhinə üsyanını, müqəddəs amalı uğrunda hər şeyini qurban verməsini?!..

Kerbela.info