22 Noyabr 2024 - 22
Böyük və əzəmətli aylardan hesab edilən Məhərrəm hicri qəməri ilinin birinci ayıdır. Məhərrəm Qurani-Kərimdə qiymət verilən 4 aydan biri olmaqla, haram aylardan sayılır. Məhərrəmi digər aylardan fərqləndirən daha bir böyük hadisə və şəxsiyyət də var: Bu Kərbəla hadisəsi və İmam Hüseyn (ə) şəxsiyyətidir. Hər il Məhərrəm ayının 10-cu gününü – Aşuranı, müsəlmanlar dərin hüzn və kədərlə anırlar. Çünki məhz Aşura günü Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn (ə) 72 inanclı ilə birlikdə Kərbala adlanan yerdə Yezid tərəfindən şəhid edilmişdir. Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Çünki məhz Aşura məktəbi insanlara bir çox dəyərləri aşılayaraq, onları düz yola yönəldir.
Bəs görəsən vəfa, sədaqət, dostluq kimi münasibətlər Aşura məktəbində necə təsvir olunur?
İnsana lazım olan bütün xüsusiyyətlər Kərbəla faciəsində öz əksini tapıb: “ Həm ictimai, həm sosioloji baxımdan bütün nüanslar Kərbəla hadisəsində təsvir olunub. imamın yanında olan şəxslərin hər birinin özünəməxsus xasiyyət çaları olub. Kərbəla hadisəsində hər bir əzhab ən gözəl xüsusiyyətlərini nümayiş etdirib. Biz düzgün mənbələrə və mötəbər alimlərin çıxışlarına istinad edərək həmin tarixi əhvalatları tapa bilərik. Eyni zamanda insanın həm Allahla, həm İmamla, həm də digər bəşər övladları ilə rabitəsini Kərbəla hadisəsində görərək, götürüb öz həyatımızda tətbiq edə bilərik.
Bəzi insanlar özlərində islahat aparmaq istəməyəndə, imamda olan gözəl xüsusiyyətləri gördükdə, “O imam idi” deyərək cavab verirlər. Lakin unutmaq lazım deyil ki, biz Allahın höccəti səviyyəsinə yüksələ bilməsək də, ən azından imamın dostu olmağımız mümkündür. İmamın dostu olmaq isə elə böyük məqamdır ki, orada vəfa, sədaqət, dostluq və bu kimi digər xüsusiyyətlər cəmləşib. İmamın əzhabı bütün bu xüsusiyyətləri özündə birləşdirdiyi üçün , Allah 14 əsrdir ki, onların xatirəsini yaşadır.
Fərid Abdullah