22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura və iki yolayrıcı
08.08.2018

Şübhəsiz, böyük Aşura vaqiəsi iki yolayrıcıları ilə düyünlənmişdir ki, biri insanı xöşbəxtliyə, digəri isə bədbəxtliyə doğru aparır.

“Hər yer Kərbəla və hər gün Aşura!” (Kullu ərzin Kərbəla və kullu yəvmin Aşura!) olduğundan, insan həyatı boyu iki yolayrıcıları ilə üzləşməli olur:

1. Dünya və axirət yolayrıcı

İslam dünyagörüşündə dünya əsl və hədəf deyil, mənəvi təkamülə yetmək, Allahın razılığını qazanmaq və axirət savabına nail olmaq üçün bir alət və vasitədir.
Qurani-Kərimin ibarəsi ilə desək:

وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ

“Allahın sənə vermiş olduğundan axirət evini (əbədi səadət evini) qazan...” (“Qəsəs”/77.)

Həqiqətdə, müstəqil gözlə baxılan və hədəfə çevrilən dünya məzəmmət olunur. Buna bir eynəyi misal göstərə bilərik: əgər insan eynəyin şüşələrinin arxasından əşyalara tamaşa edərsə, əşyaların ətrafını rahatlıqla görəcək, yox, əgər əşyalara baxmaq əvəzində diqqətini eynəyin özü və şüşələrinə yönəldərsə, təbii ki, bir şey görməyəcək! Əmirəlmöminin Əli (ə) bu zəmində buyurur:

إِنَّمَا الدُّنْيَا مُنْتَهَى‏ بَصَرِ الْأَعْمَى‏ لَا يُبْصِرُ مِمَّا وَرَاءَهَا شَيْئاً وَ الْبَصِيرُ يَنْفُذُهَا بَصَرُهُ وَ يَعْلَمُ أَنَّ الدَّارَ وَرَاءَهَا فَالْبَصِيرُ مِنْهَا شَاخِصٌ وَ الْأَعْمَى إِلَيْهَا شَاخِصٌ وَ الْبَصِيرُ مِنْهَا مُتَزَوِّدٌ وَ الْأَعْمَى لَهَا مُتَزَوِّد

“Dünya qəlbi kor olanların baxışlarının son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır).
Gözüaçıq və bəsirətli insanlar isə gözünü düzgün açıb onu (dünyanın faniliyi və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Demək, gözüaçıq və bəsirətli insan nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın əbədi yer olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyindən) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün ilarhi göstərişlərə göz yumar).” (“Nəhcül-bəlağə”, xütbə/133.)

“Aşura” faciəsində dünyaya hədəf və ya vasitə baxışı özünü göstərdi. Bəziləri onu ilahi rəhmət və razılığa doğru aparacaq bir vasitə hesab edərək əbədi səadət yolunu seçdirlər. Onlar Kərbəla şəhidləri və şəhidlər sərvəri imam Hüseynin (ə) vəfalı səhabələri idilər.

Aşura günü, sübh çağı Kufə ordusunun sərkərdəsi Hürr ibn Yezid Riyahinin qəlbində dönüş yaranır, dünya ilə axirət yolayrıcısında sərgərdan qaldıqda, sonda belə bir qərara gəlir:

اِنِّي‏ وَ اللَّهِ‏ أُخَيِّرُ نَفْسِي‏ بَيْنَ‏ الْجَنَّةِ وَ النَّارِ فَوَ اللَّهِ لَا أَخْتَارُ عَلَى الْجَنَّةِ شَيْئاً وَ لَوْ قُطِّعْتُ وَ حُرِّقْتُ

“Allaha and olsun ki, mən özümü cənnətlə cəhənnəmin arasında görürəm! Allaha and olsun ki, məni tikə-tikə doğrayıb yandırsalar da, cənnətdən başqasını seçməyəcəyəm!” Ondan sonra imam Hüseynin (ə) qoşununa və Kərbəla şəhidlərinin sırasına qoşuldu. (“Əl-irşad”, Şeyx Müfid, 2-ci cild, səh.99.)
Ömər Səd kimilər isə dünya ilə axirət yolayrıcısında dünyaya hədəf gözü ilə baxdıqlarından özlərini itirir, dünya malından keçə bilmirlər. Ömər Səd, Übydüllah ibn Ziyaddan düşünüb bir qərara gəlmək üçün möhlət istəyir. O, həmin gecə özü ilə aşağıdakı beytləri zümzümə etməyə başlayır:

فَوَ اللَّهِ مَا أَدْرِي وَ إِنِّي لَوَاقِفٌ ‏أُفَكِّرُ فِي أَمْرِي عَلَى خَطَرَيْنِ
‏أَ أَتْرُكُ مُلْكَ‏ الرَّيِ‏ وَ الرَّيُّ مُنْيَتِی‏ أَمْ أَرْجِعُ مَذْمُوماً بِقَتْلِ حُسَيْنٍ‏
فَفِي قَتْلِهِ النَّارُ الَّتِي لَيْسَ دُونَهَا حِجَابٌ وَ مُلْكُ‏ الرَّيِ‏ قُرَّةُ عَيْنِی

“Allaha and olsun ki, (nə edəcəyimi) bilmirəm! Bir halda ki, bəyənmədiyim iki təhlükə üzərində dayanmışam; Rey mülkünümü tərk edim? Halbuki o, mənim arzu və istəyimdir. Yoxsa, Hüseyni öldürməklə bədnam olum?! Hüseyni öldürmək cəhənnəm odu ilə nəticələnəcək ki, bu, heç kimə gizli deyil, lakin Rey mülkü gözümün işığıdır.” (“Mənaqibi-ali Əbu Talib (ə)”, İbn Şəhr Aşub, 4-cü cild, səh.98.)

Sonda Rey mülkü onun gözü və qəblini kor etdi, dünyanı axirətdən üstün tutmaqla əbədi bədbəxtliklə sonuclanan yolda qədəm götürdü.

2. Haqq və batil yolayrıcı

Haqq və batil məfhumları insan xilqətinin tarixi qədər qədimdir və Aşura faciəsində kulminasiya nöqtəsinə çatır. İmam Əlinin (ə) bu kəlamı diqqəti özünə cəlb edir:

كَيْفَ‏ يَنْفَصِلُ‏ عَنِ‏ الْبَاطِلِ‏ مَنْ لَمْ يَتَّصِلْ بِالْحَق

“Necə ola bilər, insan batildən uzaqlaşsın, amma haqqa qovuşmasın”. (“Üyunul-hikəm vəl-məvaiz”, Əli ibn Məhəmməd Leysi Vasiti, səh.384.)
Hər bir hadisə ya haqdır, ya da batil; üçüncü tərəf yoxdur. Odur ki, əgər kimsə haqqın tərəfində deyilsə, batilin tərəfində olması şübhəsizdir; istər sükut etsin, istərsə də, birtərəf mövqedə qərar tutsun!

Aşura faciəsində şəhidlər sərvəri imam Hüseynin (ə) yardım səsini eşitdikdə, mallarının, özü və əhli-əyalının təhlükəyə düşəcəyindən qorxaraq o həzrətə yardım əlini uzatmayanlar Yezidin tərəfinə qoşulmasalar da, batil cəbhəsinin nümunələrindən hesab olunurlar! Ali Rəhbər Ayətullah əl-üzma Xamenei şairlərlə görüşü zamanı belə buyurmuşdur: “Haqla batilin mübarizəsində bitərəf qalmağın mənası yoxdur. Belə bir şəraitdə, mütləq haqqın tərəfində və batilin önündə durmaq lazımdır...” (1394-cü hicri-şəmsi ili, “Tir” ayının 10-u.)

Übeydullah Hürr Cöfi bu dəstədən sayılır. İmam Hüseyn (ə) özü onun görüşünə gedib, Aşura karvanına qoşulacağını bildirdikdə, səadət və xoşbəxtliyinə arxa çevirdi, halbuki Yezidin də ordusuna qoşulmadı. Amma öz adını batil cərgəsində yazdırdı. (“Vəq`ətut-Təff”, Əbu Müxnəf Kufi, səh.176.)

Rza Şükürlü