21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura qiyamında hədəf seçimi və nəticə
15.08.2018

Kərbəla macərası və hicrətin 61-ci ilinin aşurasında o torpaqda baş verən möhtəşəm hadisə o qədər əzəmətli və nurludur ki, ondan sonra həmişə İslam dünyasının və hətta ondan xaricdəki mütəfəkkirlərin müzakirə və tədqiqat mövzusu olmuş, ondan yüzlərlə həmişəyaşar dərs götürülmüşdür. Əbu Abdullahın (ə) bu qanlı və məzlum qiyamda məqsədi bu araşdırmaların ən mühüm mövzusu və Aşuranın ən önəmli dərsidir. Hətta o, Mədinədən Məkkəyə və ondan sonra İraqa sarı hərəkət edəndə də bu sual aktual idi ki, bu hərəkət və qiyamda məqsəd nədir?

İmam Hüseynə (ə) deyirdilər ki, Mədinə və Məkkədə sizə hörmət olunur; Yəməndə hamı şiədir; kənarda elə yerə gedin ki, sizin Yezidlə, Yezidin də sizinlə işi olmasın; bu qədər müridiniz, bu qədər şiələriniz var, yaşayın, ibadət və təbliğ edin, nə üçün qiyam edirsiniz? Məqsəd nədir?

Şəhidlər ağasının qiyamı üçün deyilən müxtəlif məqsədlər arasında iki ehtimal daha məşhur və zahirdə həqiqətə daha yaxındır:

Birinci ehtimal: Bir qrup belə düşünür ki, Əbu Abdullahın (ə) məqsədi fəsadlı Yezid hökumətini kənarlaşdırmaq, bütün ictimai və siyasi sahələrdə Peyğəmbər (s) yolunun və imamətin icrası ilə İslam hökuməti qurmaq olmuşdur.

Bu söz yarıdoğrudur; demirik səhvdir. Bu sözdə məqsəd belə də ola bilər: o həzrət hökumət qurmaq üçün qiyam etdi, amma əgər bunun imkansız olduğunu görsəydi, deyəcəkdi ki, daha olmadı, qayıdaq. Əgər belədirsə, bu səhvdir. Bəli, hökumət məqsədi ilə hərəkət edən şəxs bu işin mümkün olduğu yerə qədər gedir; bu işin həyata keçməsinə ehtimalın mövcud olmadığını gördükdə isə vəzifəsi qayıtmaqdır. Əgər məqsəd hökumət qurmaqdırsa, insan mümkün olana qədər getməli, mümkün olmayan yerdə isə qayıtmalıdır. Əgər bu qiyamda həzrətin məqsədinin düzgün Əli (ə) hökuməti qurmaq olduğunu deyən şəxsin məqsədi budursa, bu, düzgün deyil. Çünki imamın hərəkətlərinin məcmusu bunu göstərmir.

İmamın Mədinədən Kərbəlaya qədər hərəkəti boyunca müxtəlif və bəzən etimadlı insanlar dəfələrlə müxtəlif təhlükələr və hətta öldürülmək ehtimalı üzərində təkid göstərirdilər. Şəhidlər ağası da hər dəfə hərəkətin məqsədinin və onun yerinə yetirilməsinin əhəmiyyətini vurğulayırdı. Odur ki, bu məqsəd bütün Aşura hadisəsini əhatə edə bilməz.

İkinci ehtimal: Bir qrup insan düşünür ki, Əbu Abdullahın (ə) məqsədi hökumət məsələsi deyildi. Çünki o, Yezidi devirib hakimiyyətə gələ bilməyəcəyini bilirdi. O ümumiyyətlə şəhid olmaqdan ötrü qiyam etdi.

Bu söz də bir zaman dillər əzbəri idi. Bəzi şəxslər bunu gözəl poetik təbirlərlə bəyan edirdilər. Həzrətin şəhid olmaqdan ötrü qiyam etməsi sözü yeni söz deyil; hətta mən gördüm ki, bizim bəzi böyük alimlərimiz də bunu buyurmuşlar. Onlara görə İmam Hüseyn (ə) buyurub ki, yaşamaqla bir iş görmək olmur, gedib şəhid olmaqla bir iş görək.

Bu iddianın qarşısında demək lazımdır ki, müqəddəs şəriətdə şəhadətin mənası gedib özünü ölümə atmaq deyil; bizim dini mətnlərimizin heç birində belə bir tövsiyə yoxdur.

Deməli, Əbu Abdullahın (ə) öz dostları ilə birgə şəhidliyə can atması üçün vacib və tərcihli bir məqsəd olmaldır.

Ayətullah Xameni