22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura günü necə qeyd olunmalıdır?
17.08.2018

Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir.

Aşura gününün əməllərinin bəzisi bunlardır. Aşuraya keçən gecə oyaq qalıb ehya saxlamaq tövsiyə edilib. Kimə həmin gecəni Kərbəlada keçirmək qismət olarsa, İmam Hüseynin (ə) məzarı üzərindəki məsciddə ibadət etsə, böyük savaba çatar. Insan bu gecə öz evində və ya öz şəhərindəki məsciddə də oyaq qalsa, savab sahibi olar. Aşura gecəsində çox namaz qılmaq, dua etmək, aşura şəhidlərinin müsibətini yada salmaq, xüsusilə, həmin gecə Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin və qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarının bağışlanması üçün Allaha yalvarmaq yerinə düşər.

Aşura gecəsi qılınması müstəhəb olan namazlar dini kitablarda qeyd olunub. Həmin namazların bir neçə variantını təqdim edirik:

«Aşura gecəsinin müstəhəb namazını qılıram, qürbətən iləllah» niyyəti ilə 4 rükətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 50 dəfə İxlas (Qul huvəllah) surəsini oxumaq. Namazdan sonra isə 70 dəfə bu duanı demək: «Sübhanallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vallahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim». Tərcüməsi: «Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan savayı tanrı yoxdur. Allah hər şeydən qüdrətlidir. Qüdrət və qüvvət yalnız uca və əzəmətli Allaha məxsusdur». Namazdan sonra Peyğəmbərə və nəslinə çoxlu salavat demək də tövsiyə edilib. Buna «Həzrət Əlinin namazı» deyirlər.

Aşura gecəsi sübh açılana az qalmış dörd rükətlik namaz qılmaq, hər rükətdə Fatihədən sonra 10 dəfə ayətül-kürsi, 10 dəfə Ixlas, Fələq və Nas surələri oxumaq, namazı qılıb qurtardıqdan sonra 100 dəfə İxlas surəsini təkrarlamaq məsləhətdir.

Aşura günündə İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq tövsiyə edilib. Xüsusilə, «Aşura ziyarətnaməsi»ni oxumağın böyük savabı var. (Bu ziyarətnamənin həcmi böyükdür və dua kitablarına daxil edilib). Həmin gün çoxlu dua etməyin, tövbə və istiğfarı çoxaltmağın faydası var. Gün ərzində min dəfə Ixlas surəsini oxumaq, min dəfə də bu cümləni söyləmək yaxşıdır: «Allahümməl-ən qətələtəl-Hüseyn». Tərcüməsi: «Allahım, Hüseynin qatillərinə lənət et».

Əlbəttə, bütün bu deyilənlər müstəhəbdir, vacib deyil və kim nəyə gücü çatarsa onu edə bilər.

Aşura günündə möminlər yaxşı olar ki, Kərbəla faciəsini bir an da olsa unutmasınlar, kədər içində olsunlar, şadlanmağı özlərinə rəva bilməsinlər. İmam Rza (ə) buyurub: «Hər kim bizim (yəni Əhli-beytin) müsibətlərini yadına salsa və başımıza gələnlərə ağlasa, bütün gözlər ağladığı gün (yəni qiyamət günündə) onun gözü ağlamaz. Hər kim gecə yatmayıb, bizim (yəni Əhli-beytin) məsələləri müzakirə edilən məclisdə otursa, hamının qəlbi öldüyü gün onun qəlbi ölməz». Yenə İmam Rza (ə) Şəbib adlı şəxsə buyurub: «Əgər hər hansı səbəb üzündən ağlamaq istəsən, Hüseynə ağla. Çünki onun başını qurbanlıq quzu kimi kəsdilər. Onunla birlikdə qohumlarından 18 nəfər də şəhid oldu; onların yer üzündə tayı-bərabəri yoxdur». İmam Hüseynin (ə) aşağıdakı sözləri də buna işarədir: «Mən zülmlə qətlə yetirilən şəxsəm. Elə bir mömin olmaz ki, məni xatırlayanda ağlamasın».

Aşura gününü mütləq məsciddə keçirmək lazım deyil. İnsan öz evində də bu günü qeyd edə bilər. Amma aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan təziyə məclislərində iştirak etməyin savabı daha böyükdür. Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl İmam Hüseynə (ə) və aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsindən əsas məqsəd insanları ağlatmaq deyil. Ağlamaq da haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır. Unutmayaq ki, Kərbəla faciəsindən sonra Əməvi xəlifələrinin zülmünün ərşə dayandığı günlərdə Əhli-beyt məktəbi məhz İmam Hüseyn (ə) təziyəsinin sayəsində yaşamışdır. Bu məclislərə toplaşıb aşura hadisəsini yad edən, şəhidlərə mərsiyə deyib ağlayan adamlar İmam Hüseynin (ə) hansı məqsədlər uğrunda mübarizə apardığını öyrənir, Onunla düşmənçilik edən qüvvələri tanıyırdılar. Kərbəla səhrasında baş vermiş rəngarəng hadisələrin təsvirini eşidir, şəhidlərin mübarizlik məktəbindən dərs alırdılar. Həzrət Məhəmməd Peyğəmbər (s) öz sağlığında İmam Hüseynin (ə) gələcək şəhadətini dəfələrlə xəbər vermişdi. Bu hədislərin bir qismində Kərbəla faciəsinin sonrakı nəsillərə də böyük ideoloji və əxlaqi təsir göstərəcəyi bildirilir. Hədislərin birində deyilir ki, Peyğəmbər buyurub: «Hüseynin qətli möminlərin qəlbində heç vaxt sönməyəcək bir hərarət yaradar».

Mühərrəmlik mövsümündə məsələnin bu tərəfinə daha çox diqqət yetirmək lazımdır. Mərsiyə və növhə deyib ağlamaq öz yerində, amma moizə və nəsihət vasitəsilə aşura ideyalarını insanlara başa salmaq daha vacibdir. Zənnimizcə, həmin gün dini ocaqlarda məclis keçirməklə məhdudlaşmaqdansa, elm və təhsil ocaqlarında – mədəniyyət sarayları, kitabxanalar, ali təhsil müəssisələri, muzeylər və sairə obyektlərdə də elmi-nəzəri konfranslar təşkil etmək, din xadimləri ilə görüş keçirmək yerinə düşərdi. Kütləvi informasiya vasitələrinin, televiziya və radionun, qəzet və jurnalların, internet saytlarının öhdəsinə daha böyük məsuliyyət düşür. Lakin çox təəssüf ki, bu gün nəinki dünyəvi məkanlarda bu cür tədbirlər keçirilmir, hətta dini ocaqlardakı proqramlar da bəzən qənaətbəxş olmur. Bəzi mollalar öz vəzifələrini yalnız yanıqlı səslə mərsiyə deyib camaatı ağlatmaqda görürlər ki, bu da onların dünyagörüşünün darlığından irəli gəlir. Hətta bəzi üzdəniraq «din xadimləri» aşura günü camaatın çoxluğunu, insanlara hakim olan emosional abü-havanı qənimət bilir və bundan pul qazanmaq vasitəsi kimi istifadə edirlər. Aşura günündə nəzir qutularının başqa günlərdəkinə nisbətən daha çox gözə soxulması, məscidlərdə «minbər üçün» pul yığılması, küçələrdə dilənərək «nəzir» istəyən adamların sayıınn onqat artması da buna sübutdur.

Əlbəttə, biz aşura günü təziyə məclisləri keçirilməsinin və bu məclislərdə Əhli-beyti sevənlərin ağlamasının əleyhinə deyilik. Bunun savabı barədə hədis və rəvayətlərin etibarlılıq dərəcəsi onlara qarşı hər hansı şəkildə etiraz etmək ehtimalını sıfıra endirir. Amma aşura şəhidlərinə yas saxlayan zaman bəzi dini və etik normaları diqqət mərkəzində tutmağı lazım sayırıq. Əhli-beytin başına gələn hadisələri təhrif edən, İmam Hüseynin (ə) mübariz simasını zəlil və aciz formada təqdim edən, olmayan hadisələri al-əlvan boyalarla göstərməyə çalışan moizələr söyləmək, bu cür mərsiyə və növhələr oxumaq din xadiminə yaraşan hərəkət deyil. Bu cür əhval-ruhiyyənin hökm sürdüyü məclislərdə iştirak etmək də heç kimə nə savab, nə şərəf gətirər.

Aşura faciəsinin həqiqi təsvirini verən, bu hadisənin mahiyyətini düzgün formada çatdıran, Əhli-beyt şəhidlərinin və əsirlərin müsibətini təhrifsiz canlandıran mərsiyələrə qulaq asmaq, öz səsi ilə buna dəstək vermək, habelə, sağlamlığa ziyan verməmək şərti ilə sinə və zəncir vurmaq heç də bəzi Əhli-beyt düşmənlərinin iddia etdikləri kimi günah deyil. Əksinə, bunun böyük savabı var. Hədislərdə səmimi niyyətlə İmam Hüseyn (ə) müsibətinə ağlayan və hətta gözündən bir damcı yaş axıdan şəxsin Allah tərəfindən hədsiz mükafatlara layiq görüləcəyi, axirətdə uca məqama sahib olacağı haqqında xeyli hədislər vardır. Əlbəttə, bu o demək deyil ki, bir il halal-harama əhəmiyyət vermədən yaşayan, günah içində batan adam aşura günündə məscidə gedib sinə vurmaqla, mərsiyə deməklə, ağlamaqla bir illik bütün günahlarını yuyacaq və cənnətin ən uca mərtəbəsində yer alacaq. İmam Hüseynə (ə) ağlamağa o adamın haqqı çatar ki, Onun qurban getdiyi ideyaları tanısın, bunlara ehtiramla yanaşsın, günahdan çəkinsin. Əks halda, özü Yezid kimi yaşayıb, camaatın gözündə yaxşı görünmək üçün, ya da cəhənnəmə düşməmək xatirinə əzadarlıq etməyin nə faydası var? Allah bu cür əzadarlığı qəbul edərmi və ona savab yazarmı?

Oxuculara tövsiyə edirik ki, aşura günündə (ümumiyyətlə, mühərrəmlik mövsümündə) Kərbəla faciəsini, İmam Hüseynin (ə) həyatını təsvir edən dini kitablar oxusunlar. Mühərrəmlik günlərində öz evində təziyə məclisləri təşkil etməyin, başqalarına aşura faciəsi haqqında danışmağın, onları bu mövzuda kitab oxumağa və filmlərə baxmağa həvəsləndirməyin böyük savabı var. Şübhəsiz, bütün əlamətdar günlər kimi aşura günündə də ehsan məclisləri təşkil etmək, ehtiyaclı adamlara maddi yardım göstərmək Allah yanında çox bəyənilən əməllərdəndir.

Aşuranın hörmətini gözləməyən, şadlıq edib sevinən, şən musiqilərə qulaq asmaq adətindən əl çəkməyən, bununla da dindarların hissləri ilə oynayan adamlarla rəftarda çalışaq ki, müsəlman əxlaqını unutmayaq. Yaxşı olar ki, qeyri-radikal vasitələrlə, nəsihətlə onları başa salaq və bu işin günah olduğunu anlamalarına şərait yaradaq. Bu cür insanlar cəmiyyətin qınaq obyekti olduqlarını hiss etsələr, yəqin ki islah olarlar.

/islam.az/