21 Noyabr 2024 - 21
Allahı tanıma bütün işlərin və varlığın əsasıdır. Bu, yaradılışın məqsəd və qayəsidir. Hər kim bu yola qədəm qoymamışdırsa demək öz yaradılış hədəfinə doğru yol almamışdır. Bu çox mühüm bir məsələdir. Çünki hər kəsin yaşamı və həyat tərzi, dünyaya baxışı və davranışı bu mühüm nöqtədən qaynaqlanır. Hər kəsin əqli və dünyaya baxışı Allahı tanıması qədərdir. Çünki yaradılışın hədəfi Allahı tanımadır. İnsan rəbbini tanıdıqca aləmin həqiqətinə vaqif olur. Bu da öz növbəsində insan şəxsiyyətini formalaşdırır.
Mümkündür deyilsin, bəs inkar əhli necə, onların bu yoldakı payı hansı həddədir? Cavabında deyilir ki, hər kəs ixtiyari ya qeyri-ixtiyari, tanıyaraq və ya tanımadan, rəbbinə doğru “yol” almaqdadır:
Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq! (Bəqərə-156).
Həzrəti İmam Hüseyn (ə) dan yetişən dəyərli bir kəlamda insanın rəbbini tanıması və bu tanımanın onun şəxsiyyətini formalaşdırmasındakı rolu barəsində buyurulur:
“Bir gün Huseyn ibn Əli (ə) öz əshabı arasına gəldi və salam verib Allaha həmd və səna, Peyğəmbərə salam və salavat deyib buyurdu: Ey insanlar and olsun Allaha! Allah bəndələri Onun Özünü tanımaqdan (mərifətindən) başqa bir şey üçün yaratmayıb. Onu tanıyanlar Ona ibadət edərlər. Onun ibadəti ilə qeyrilərinə ibadətdən ehtiyacsız olarlar. Bu zaman bir kişi soruşur: Ey Allah Rəsulunun (s) nəvəsi Allahı tanımaq nədir? İmam (ə) buyurdu: Allahı tanımaq Onun Höccətlərini (cəmi peyğəmbər və imam) tanımaqdır”.
Hədisdə bir neçə mühüm məqama işarə edilir ki, yaradılışın hədəf və qayəsi Allahı tanımaqdır. Allahı tanımaq mərhələsinə qədəm qoymayan kəs demək hələ bihudəlik mərhələsindən xaric olmamışdır.
Allahı tanımaq mərhələsinə yol almış bəndə Onun əzəməti və qudrəti qarşısında özünü məsuliyyətli bilər, Onu razı salacaq yolu arayar. Bu yol da yalnız ibadətdən keçir. Onu tanıyan ibadətə ehtiyac duyur.
İbadət mərhələsində sabit qədəm olan bəndə etdiyi ibadətləri (hər növ) ilə formalaşar, Allahdan qeyrisinə möhtac olmaz. Nəticədə Allah yolunda sabit qədəm olar.
Bütün bunlar Allahın höccətlərini (ə) tanımaqla baş verir və höccətləri tanıdıqca ilahi mərifət Ali şəkildə baş verir. Bu da insanın ağlı, düşüncəsi və həyat tərzində təzahür edir. Hər kəsin səviyyəsi onun Allahı tanıması qədərindədir.
Y.Nuriyev