22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Hüseyn aşiqi olmaqla, hüseynçiliyin fərqi
25.08.2018

Hüseyni (ə) sevmək, Hüseyn (ə) aşiqi olmaq bir şeydir, Hüseynçi (ə) olmaq isə başqa bir şeydir. Biz Hüseyni (ə) sevə bilərik, Hüseyn (ə) aşiqi ola bilərik, amma bu o demək deyil ki, biz Hüseynçiyik. Hüseyn (ə) aşiqi olmaq məhəbbətdir, biz bir insanı sevə bilərik bir insana məhəbbətimiz ola bilər və məhəbbətdən dolayı onun hüznünə göz yaşı tökə bilərik və onun sevincli günlərinə şadlana bilərik. Bu bizim eşqimizin göstəricisidir. Amma bu hələ də bizim Hüseynçi (ə) olmağımız demək deyil. Hüseynçi (ə) olmaq daha yüksək bir mərhələ daha yüksək bir məqam istəyir. O, budur ki, biz Hüseynçi olmaq üçün Hüseynin (ə) missiyasını davam etdirməliyik. Biz Hüseynçi o zaman ola bilərik ki, İmamın buyurduğu missiyanı davam etdirə bilək. Ona görə də, Hüseyn (ə) aşiqi olmaqla, Hüseynçi (ə) olmaq bir-birinə qarışdırılmamalıdır.

Hər bir insan ola bilər İmam Hüseyni (ə) sevsin ona məhəbbəti olsun, necə ki, Kərbəlada İmam Hüseyni (ə) sevənlər var idi, amma Hüseynin (ə) köməyinə gəlməmişdilər, onlar dünya həyatından, malından keçə bilməmişdilər amma Hüseyni (ə) sevirdilər Hüseynə (ə) məhəbbətləri var idi. Amma Hüseynçi olmaq məhəbbətdən də o yana, bir növ fədakarlıq istəyir. Hüseynçi (ə) olmaq nələrdənsə keçməyi tələb edir. Deməli biz bu iki məfhumu ayırmalıyıq. Məsələn bir insan özünü tərəzinin gözünə qoyub, özünü tanımaq istəsə ki, mən nə qədər Hüseyn (ə) aşiqiyəm, nə qədər Hüseynçiyəm (ə) gərək bu meyarlar əsasında özünü dəyərləndirsin. Əgər Hüseynə (ə) ağlayırsa, Hüseynin (ə) şad günündə sevinirsə, Hüseynə (ə) qəlbində məhəbbəti varsa, Hüseynin adı gələndə gözündən yaş tökülürsə, bəli bu Hüseyn (ə) aşiqidir, amma sırf bununla Hüseynçi (ə) olmağı isbat edə bilməz və bunlar Hüseynçi olmağın meyarı deyil.

Hüseynçi olmaq üçün ictimai ədalət şüurunda olmaq lazımdır. Bir insan əgər ictimai ədalət şüurundadırsa, bir insan əgər cəmiyyətin islah edilməsi şüurundadırsa və bunun fərqindədirsə və bir insan həyatını bu yolda fəda edirsə, bu yolda xərcliyirsə bu həqiqətəndə Hüseynçidir. Deməli İmam Hüseyn (ə) aşiqi olmaq və İmam Hüseynçi (ə) olmaq bir-birindən ayırd edilməlidir.

Təbriz Nəcəfi