21 Noyabr 2024 - 21
Sual: Muxtar Səqəfi hicri ilinin 66-cı ilinin rəbuil əvvəl ayında Kufə sarayını ələ keçirdi və bir ildən artıq İraqı nəzarətdə saxlaya bildi. Muxtar 67-ci ilin ramazan ayında şəhid edildi. Bu zaman ərzində o hakimiyyəti niyə İmam Səccada tapşırmadı?
Cavab: İmam Səccadın imamət dövründə Bəni-Üməyyə hakimiyyətinə qarşı 3 qiyam baş verib. Mədinəlilərin Hürrə qiyamı, Təvvabin və Muxtar Səqəfinin qiyamı. Onların hər üçü demək olar ki, Əhli-beytin (ə) qətliam edilməsi və Yezid və nümayəndələrinin zülmünə qarşı idi.
Muxtar Səqəfi qiyama qalxanda əsas hədəf kimi İmam Hüseyn (ə) və Əhli-beytinin intiqamını almaq şüarını səsləndirirdi. Bu axıra qədər də belə oldu və o şüarları əməldə də lazımınca göstərə bildi.
Bu qətidir ki, İmam Səccad, İmam Hüseynin qatillərinin cəhənnəmə vasil edilməsini eşidəndə Muxtara dua edərdi. Məsələn Muxtar Kərbəla faciəsinin əsas səbəbkarı Ubeydullah ibni Ziyadın başını İmam Səccada göndərəndə imam ona dua etdi.
Muxtar başı birinci növbədə İmam Əlinin oğlu Mühəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə İmam Zeynül-abidinə (ə) göndərdi. Übeydullahın başını İmam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. İmam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu: “Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin. İndi duam yerinə yetdi”. Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, imam yemək yeyəndə onun hüzuruna daxil olsun. İmam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi.
Muxtar qiyama başlayanda onun legitimliyi barədə və dəstək almaq üçün İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyəyə və İmam Səccada məktub yazdı.
İmam Səccad məktuba cavab verməmişdi, amma Muxtarın qiyamı məsələsi ilə məşğul olmağı Məhəmməd Hənəfiyyəyə tapşırmışdı.
Bəzi Kufə əhli Muxtarın qiyamı barədə tərəddüddə olanda Mədinəyə Məhəmməd Hənəfiyyənin yanına oradan da İmam Səccadın yanına getmişdilər. İmam Səccad onlara buyurdu: “Əmican əgər bir bəndə qalxıb bizi dəstəkləmək istəsə camaata vacibdir ki, ona yardım etsinlər. Mən bu işdə səni nümayəndə etdim. Məsləhət olanı yerinə yetir!” ( Biharul-Ənvar, cild-45, səh -365)
Bu faktlara əsasən İmam Səccadın Muxtarın qiyamını dəstəkləməsi və onun üçün dua etməsi qətidir.
Amma Muxtarın hakimiyyəti imama tapşırmamasına gəldikdə isə əvvəldə də deyildiyi kimi Muxtar imama qiyamdan öncə məktub yazmışdı.
Amma imam ona cavab verməmişdi. Bu isə imamın ehtiyatlı addım atması deməkdir.
Qeyd etmək lazımdır ki, Muxtar İraqı xüsusilədə Kufə və ətrafı yalnız il yarım nəzarətdə saxlaya bildi. Muxtar kufəlilərə və iraqlılara yenə arxayın deyildi. Bunu təcrübədən keçirmiş İmam Səccad necə yenidən kufəli əyanların vədinə aldana və onlara arxalana bilərdi?!
Bundan əlavə İmam Səccad ailəsilə birgə Hicazda Mədinədə yəni Muxtarın məğlub etdiyi Abdullah ibni Zubeyrin hakimiyyəti nəzarətində yaşayırdı və buradan Muxtara aşkar şəkildə verilən dəstək təhlükələrə səbəb ola bilərdi.
Suala cavab olaraq demək olar ki, əslində Muxtar qiyamdan əvvəl imama məktub yazmaqla ondan legitimlik istəmişdi. İmam da bunu Məhəmməd Hənəfiyyə vasitəsilə Muxtara vermişdi. Buna əsasən Muxtar hakimiyyəti imam tapşırmayıb sualı əsassızdır.
(islamtimes)