22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Keşiş:
31.08.2018

Xarkovda olanda baxdım ki, azan vaxtıdır, amma namaza dayanmağa münasib bir yer yoxdur. Gördüm aralıda bir kilsə görünür, üz tutdum ora. İçəri daxil oldum gördüm bir dəstə keşiş əyləşib söhbətləşirlər. Ədəblə yaxınlaşdım salam verdim dedim əgər icazə versəydiniz burada namaz qılardım, çünki azan vaxtıdır. Bir qədər duruxdular, bir-birinə baxdılar. Əvvəl başa düşmədilər və bir qədər ümumi sükutdan sonra aralarında ən yaşlı olanı dilləndi.
Dedi: Axı bura məscid deyil və həm də bizim ümumi inanc baxışlarımız fərqlidir.

Dedim: Məgər bura Allahın evi deyilmi? Məgər bizim Rəbbimiz bir deyilmi?

Baxdı bir qədər təbəssümlə dedi: Orası elədir, amma bizim Məryəm oğlu Məsihə baxışlarımız fərqlidir, bəs bu necə?

Dedim: Doğrudur, əsas odur ki, biz də və sizlər də kilsəni Allahın evi və müqəddəs bilirsiniz, bizim dinimiz sizə ehtiram və hörmətlə yanaşmağı əmr edir. Çox əhli kitab var ki, öz dinlərində ola-ola bizim müqəddəsləri də özlərinə örnək tutur. Məsələn, Aşura günlərində dəstə-dəstə əhli kitabdan olanlar bizim imamımız Həzrət Hüseyni (ə) ziyarətə gəlir və bu ali dəyər bizi hardasa birləşdirir. Yanımda dayanan başqa bir keşiş o dəqiqə dilləndi. Üzünə mənalı təbəssüm verib dedi: Mən 1997-ci ildə orada (Kərbəlada) olmuşam, sizin rəhbərinizi ziyarət eləmişəm. Hətta mənə "Kərbəlayi" də deyirdi sizinkilər.

Söhbətimizin yekununda ən yaşlı keşiş kilsənin nəhəng sütunlarından birini əliylə tumarlaya-tumarlaya qəmli halda dedi, Hüseyn də Məsih kimi bəxtsizdir, vəfasızlıqlar Məsih kimi onu da həlak elədi, Hüseyn də Məsih kimi bizi birləşdirir... Bu arada qəhərləndim, özümü tuta bilmədim gözlərim sulandı...

Həqiqətən də İmam Hüseyn (ə) insanları birləşdirən ən möhkəm və ən qalıcı dəyərdir. Namazdan sonra yaşlı keşiş yaxınlaşdı məni bağrına sıxdı, mən ona üzərimdə gəzdirdiyim İmam Rza (ə) türbətindən bir təsbeh bağışladım o da sandıqı açıb ordan bu xaçı çıxarıb mənə uzatdı dedi, bu da İsa Məsihin (ə) qəmli qədəmgahından hazırlanıb, qoy üzərində olsun, həmişə səni mühafizə eləsin. Onsuz da biz bir gün birləşəcəyik!

Vüsal Həsənəli