23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Nə üçün qəməri təqvimi məhərrəm ayı ilə başlayır? Bunun Aşura ilə əlaqəsi varmı?
12.09.2018

Sual: Nə üçün qəməri təqvimi məhərrəm ayı ilə başlayır? Bunun Aşura ilə əlaqəsi varmı?

Cavab: Ərəblərdə lap əvvəldən təqvim 12 aydan ibarət olub, il aylara bölünüb. Bizdəki kimi günəş ilindən istifadə olunmayıb, ay ili tətbiq olunub. Əvvəllər təqvimin başlanğıcı kimi Nuh peyğəmbərin tufanı götürülüb. Əbrəhənin Kəbəyə hücum etdiyi il Fil ili adlandırılıb və tarixi bu hadisədən saymağa başlayıblar. Məsələn, Fil ilindən 5 il sonra filan iş oldu, 10 il sonra filan hadisə baş verdi və sair. Bunlar İslamdan öncəyə aiddir.

Hansı ayın ilin əvvəli hesab olunmasına gəldikdə isə, İslam peyğəmbərindən 200 il əvvəl ərəblər - Məkkə böyükləri yığışaraq müzakirə aparıblar, məhərrəm ayını ilin birinci, zilhiccə ayını isə sonuncu ayı elan ediblər. Zilhiccə ayında hacılar Məkkəyə toplaşıb həcc əməlini yerinə yetirir, sonra evlərinə qayıdırlar. Bununla həyatlarında mühüm hadisə baş vermiş olurdu, yəni həcc ziyarətindən qayıtmaq ciddi məsələ hesab olunurdu və insanlar sanki tətildən sonar yeni ilə başlayırdılar.

Digər mühüm məqam isə haram ayların məhərrəm ayından etibarən başlanmasıdır. Məhərrəm ayı haram ayların əvvəlincisi hesab olunduğu üçün bu ayın əvvəlindən etibarən müharibələr dayandırılırdı. Ona görə qərara gəliblər ki, məhərrəm ayı ilin ilk ayı olsun. Beləliklə hələ İslam peyğəmbərindən 200 il əvvəl məhərrəm ayı ərəblərdə ilin ilk ayı təyin olunmuşdu.

Bildiyiniz kimi, Həzrət peyğəmbərimiz (s) rəbiüləvvəl ayının 1-də hicrət etmişdi. Yəni ilin üçüncü ayında. Bununla da hicri təqviminin ilk ili həmin tarixdən hesablanmağa başladı.

Bəzilərinin fikrincə, təqvimin hicrətdən sayılmağa başlanması həzrət Əlinin (ə) təklifi ilə qəbul olunub. Bəzilərinin isə fikri budur ki, yeni təqvim Allah tərəfindən vəhy yolu ilə çatdırılmışdı. Hər halda, peyğəmbərimizin hicrəti yeni tarixin əvvəli hesab olunmağa başlandı. Amma ilkin dövrlərdə müsəlmanlar təqvimi illə yox, ayla hesablayırdılar. Məsələn, hicrətdən 50 ay sonra, yaxud 10 ay sonra və sair. Bu da getdikcə ayların çoxalması səbəbilə çətinliklər yaradırdı. Belə qərara alınır ki, tarixi hesablamağı illərə çevirməklə yerinə yetirsinlər, yəni ayların sayı çoxalmasın. Həmçinin Qurani-kərimdə də vurğulanır ki, Allah yanında ayların sayı 12-dir. Qərara alınır ki, ilk il peyğəmbərin hicrət etdiyi il olsun. Burada yenə fikir ayrılığı yaranır. Belə ki, təqvim ilinin əvvəlini məhərrəm ayından, yoxsa hicrətin baş verdiyi rəbiuləvvəldən hesablamaq arasında iki fikir meydana çıxır. Yekunda qərara alınır ki, yenə əvvəlki kimi ilin əvvəli məhərrəm ayı hesab olunsun. Bu qərar da Aşuradan öncəyə aiddir və İmam Hüseynlə (ə) əlaqəsi yoxdur.

Kerbela.info