22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Nəcib Fazilin qələmindən İmam Hüseyn (ə) və Kərbəla
15.09.2018

Məşhur türk şairi Nəcib Fazil Qısakürəyin öz nəqli ilə Həzrət Hüseyn (ə) və Kərbəla həqiqətləri...

Həzrət İmam Hüseyn (ə) Kufəyə getmək üçün səfər hazırlıqlarını tamamlamaq üzrədir.

Elə yola düşmək istədiyi anda əvvəlcə Ömər ibn Əbdürrəhman, sonra isə İbn Abbas onun yolunu kəsib getməməsi üçün yalvardılar:

- Kufəyə getmə! Oranın əhalisi üzüdönükdür. Sən ərəblərin ağasısan. Hicaz xalqı sənin arxandadır. Məkkədə qal və beyətlə bağlı mövqeyini burada möhkəmləndir. Əgər iraqlılar öz vədlərinə sadiqdirlərsə, səni niyə Kufəyə çağırırlar ki?! Özləri dəstə-dəstə bura gəlsinlər. Əgər Hicazdan ayrılmağın mütləq zəruridirsə, Kufə kimi qeyri-sabit bir yerə getməkdənsə, Yəmən kimi qüvvətli qalaları, dağlıq ərazisi və hər cür müdafiəyə münasib olan yerə get, xalqı da sənin atanın dostlarıdır. Getmə, ey Hüseyn, Kufəyə getmə!

Həzrət Hüseyn (ə) cavab olaraq buyurdu:

- Öyüdləriniz ata öyüdü, nigarançılığınız da qardaşcasınadır. Amma mənim buranı tərk etməyim və Kufə yolunu tutmağım artıq qətidir. Sizin artıq mənə salamatlıq diləməkdən başqa vəzifəniz yoxdur.

Onlar yenə təkid etdilər:

- Heç olmasa, ev sakinlərini və yaxınlarını özünlə aparma.

Həzrət Hüseyn (ə) bu tövsiyəni də dinləmədi. Tale öz işini elə gətirdi ki, peyğəmbər nəvəsi onların məsləhətini qəbul etmədi və ailə, uşağını, bütün yaxınlarını yığaraq Məkkdən İraqa doğru yola düşdü. Həzrət bir miqdar irəlilədikdən sonra məşhur şair Fərəzdəqlə qarşılaşdı və soruşdu:

- Xalqın fikri nədir, halları necədir?

Böyük şair və hikmət sahibi bu cavabı verdi:

- Xalqın qəlbi səninlədir, amma qılıncları sənin düşmənlərinlə... Qəza və qədər səmadan enər və Allah öz istədiyini gerçəkləşdirər.

Bu vaxt Abdullah ibn Cəfərin oğulları yetişdilər və atalarından gələn bir məktubu Həzrət İmama (ə) verdilər.

Məktubda xahiş olunurdu ki, özü karvana çatıncayadək hərəkət etməsinlər. Həzrət Hüseyn (ə) yoluna davam etdi. Kufədəki hadisələrdən xəbərsiz olduğu üçün yola düşdüyünü və tezliklə Kufəyə çatacağını bildirən bir məktub yazaraq yaxınlarından biri ilə oraya göndərdi. Məktubu aparan şəxs Qadisiyyədə ələ keçirildi. Sonra Kufə valisi Übeydullahın sarayına göndərildi və onun əmri ilə öldürüldü.

Həzrət Hüseyn (ə) isə yoluna davam edirdi. Yol boyunca bəzi şəxslər də ona qoşuldu. Birlikdə hərəkətə davam etdilər. Sələbiyyə yaxınlığında Müslim ibn Əqilin öldürülməsi xəbərini aldılar.

Bütün karvan gözyaşlarına qərq oldu. Bəzi dostları təkrarən yenə xahiş etdilər:

- Geriyə dön, ya İmam!

İmam yenə razı olmadı. Bir neçə məntəqə keçdikdən sonra Müslimin ardıyca göndərdiyi süd qardaşı Abdullahın da Übeydullah ibn Ziyad tərəfindən şəhid edildiyi xəbəri gəldi. Qafiləyə tamamilə hüzn və kədər hakim oldu. Lakin yenə yola davam edildi...

Kufəyə doğru yaxınlşadıqca qarşıda bir alay süvari göründü...

Bunu görüncə sağ tərəfdə bir dağa sığındılar. Süvarilər də onları təqib edərək qarşılarını kəsdi. Atlıların başında Hürr ibn Yəzid adlı bir nəfər dayanırdı. Namaz vaxıt çatanda Həzrət Hüseynin (ə) müəzzini azan oxudu. Həzrət İmamın (ə) arxasında camaat namazı təşkil edildi. Hürr ibn Yəzid də əsgərləri ilə birlikdə Həzrət Hüseynə (ə) iqtida etdi və namaz qıldı. Namazdan sonra Həzrət Hüseyn (ə) bir xütbə oxudu və belə buyurdu:

- Beyət üçün kufəlilər tərəfindən edilmiş dəvətə görə bura gəldim.

Hürr cavab verdi:

- Biz səni dəvət edənlərdən deyilik. Bizə səni tapmaq və Kufəyə qədər müşayiət etmək tapşırılıb.

Buna görədir ki, Həzrət Hüseyn (ə) ilk dəfə öz dəstəsindəkilərə müraciət edərək atlarına minib geri qayıtmaları üçün əmr verdi.

Lakin Hürr buna mane oldu:

- Nə Mədinəyə qayıda bilərsiniz, nə də Kufədən başqa bir yerə!

Artıq dustaq hesab edilirdilər. Atlarına mindilər və sol tərəfə yol aldılar. Hürr və süvarisi də onların arxasıya hərəkət edirdi.

Bir az hərəkət etdikdən sonra qarşılarına Kufə və ətraf məntəqələrdən olan bir neçə kişi çıxdı. Hürr bunları İmam Hüseynlə (ə) görüşdürmək istəmirdi, lakin Həzrətin sərt tələbinə qarşı çıxa bilmədi və görüşə razı oldu. Gələnlər kufəlilərin halını və Müslim ilə digərlərinin necə qəddarlıqla şəhid edildiklərini danışdılar. İçlərindən biri belə dedi:

- Sənin dostun az, düşmənin isə çoxdur. Gəl bizim obamızın yerləşdiyi dağa çəkilək. O dağda olsaq, düşmən üzərimizə dərya qədər əsgər göndərsə də yenə bir şey edə bilməzlər. On gün keçdikdən sonra digər qəbilələr də köməyimizə gələr. Başçısı olduğum iyirmi min Tai qəbiləsinin dərhal əmrimizdə hazır olacaqlarına inanıram.

Həzrət Hüseyn (ə) buyurdu:

- Allah sənə xeyirli aqibət nəsib etsin! Lakin hələ çətin ki, biz yolumuzu dəyişək.

Bu söhbətdən sonra o şəxslərdən ayrıldı və məhərrəm ayının ikinci günündə Kərbəla səhrasına çatdı.

Kərbəlaya varid olduğu günün səhəri qarşılarında 4 min nəfərlik ordu gördülər. Komandan isə Ömər ibn Səd idi.

Übeydullahın adamı olan Ömər dərhal Həzrət Hüseynə (ə) tərəf bir elçi göndərdi və soruşdu:

- Nəyə görə gəlmisiniz?

- Kufəlilər istədilər, mən də gəldim. İstəklərindən vaz keçiblərsə, mən də geri qayıdaram.

Təklif səsləndirildi:

- Yəzidə beyət et, ya Hüseyn!

- Əsla!

Bunun ardınca Ömər İmam Hüseynin (ə) suyunu kəsmək üçün beş yüz atlı göndərdi. Atlılar suyun qarşısını kəsdilər və Həzrət Hüseyn (ə), dəstəsi, cinahı mühasirəyə alındı, çölün ortasında susuz və yardımsız qaldılar.

Suyu kəsənlərdən bir lənətlik İmam Hüseynə (ə) tərəf belə hayqırdı:

- Bir damlasını belə dadmadan, suya baxa-baxa öləcəksən!

Peyğəmbər nəvəsi üzünü göylərə tutdu və belə dua etdi:

- Ya Rəbbim, Sən bu adamı susuzluqla həlak et!

O şəxs sonralar qəflətən xəstələnir, xəstəliyi isə sudan doymamaq olur, tuluqlarla su içdiyi halda susuzluqdan qıvrılan halda can verir.

Həzrət Hüseyn (ə) gecə yarısı başladılan mühasirə fəaliyyətinin səbəbini soruşmaq üçün qardaşı Abbası göndərdi. Abbasa artıq döyüş halında olduqları bildirildi. İmam Abbası yenidən göndərərək bu istəyini ifadə etdi:

- Döyüşü sabah səhərə qədər ertələyək.

Ömər bu istəyə müsbət cavab verdi. Peyğəmbər nəvəsinin məqsədi öz ailəsinə və yaxınlarına lazım olan öyüdləri vermək, həmçinin gecəni ibadət və istiğfarla keçirmək idi.

İmam ətrafdakıları bir yerə toplayır və sözə başlayır:

"- Allahım, sənə həmd edirəm ki, bizi nübuvvətlə ehsan etdin. Bizdə haqqı eşidən qulaqlar, haqqı görən gözlər və haqqı qəbul edən qəlblər yaratdın. Bizə Quranı nazil etdin, din elmini öyrətdin. Bizi Sənə şükr edən qullarından et! Bundan sonrası budur ki, mən səhablərimdən daha vəfalı və xeyirli dost, ailə üzvlərimdən daha şəfqətli və sadiq ailə görmədim. Allah hamınıza məndən ötrü xeyirli ehsanlar nəsib etsin. Ancaq düşünürəm ki, qarşımızdakı düşmənlə hesablaşmağımızın vədəsi bu axşam çatmaqdadır. Son meydan sabah olacaq. Bu baxımdan hamınıza izn verirəm, mənə heç bir borcunuz qalmamış şəkildə, yəni sərbəst və rahat şəkildə gecə ilə buranı tərk edə bilərsiniz. Bu gecəni dəvə kimi istifadə edən, fürsəti qaçırmayın, gecənin qaranlığına bürünüb uzaqlaşın. Hər biriniz ailə üzvlərimin birinin əlindən tutub getsin. Hamınız Allahın lütfünə nail olun. Kəndlərə, qəsəbələrə yayılın ki, Allah üzərinizdən möhnət və məşəqqəti qaldırsın. Düşmənlər mənimlə vuruşmaq, məni məğlub etmək niyyətindədirlər. Bunu əldə etsələr, başqa bir şey istəməzlər".

Həzrətin oğulları, qardaşları və qardaşlarının oğulları irəli atıldılar:

- Səni buraxıb getməyi və səndən sonra yaşamağı Allah bizə göstərməsin!

Cavab verildi:

- Oğullarım, qardaşlarım, qardaşlarımın balaları, Müslimin şəhid olması kifayətdir. Sizə mən izn verirəm ki, gedəsiniz.

- Bəs camaata nə deyərik?! Böyüyümüzü, ağamızı, atamızı, qardaşımızı, ən xeyirli əmimizi ox atmadan, bircə yara belə almadan tərk etdiyimizimi deyək?! Vallah, bu vəziyyəti əsla qəbul etmərik! Hamımız özümüzü, malımızı, yaxınlarımızı sənə fəda edər və ölənədək sənin yanında döyüşərik!

Müslim ibn Övsəcə əl-Əsədi ayağa qalxıb hayqırdı:

- Səni yalnızmı buraxaq?! Bəs onda sənin haqqını qorumaq məsələsində Allaha hansı səbəbi göstərərik?! Allaha and olsun, nizəmi düşmənin sinəsində qırıncayadək və qılıncımı dəstəyinə qədər sındırıncayadək səndən ayrılmaram! Silahım olmasa belə sənin uğrunda ölənədək daşlarla döyüşərəm.

Və digər bu cür çoxlu sədaqət və bağlılıq sözləri söyləndi...

Həzrət Hüseyn (ə) hamısı üçün dua etdi.

Əbuzər Ğəffarinin qulluqçusu qılıncını siyirərkən elə təsirli misralar söylədi ki, onları eşidən Həzrət Hüseynin (ə) bacısı Həzrət Zeynəb (ə) nalə çəkərək huşunu itirdi.

Xanım Zeynəb (ə) oyananda başı üstündə İmam Hüseyni (ə) gördü, İmam buyurdu:

- Əziz bacım, Allaha sığın. Bil ki, bütün dünya əhli öləcək, səma əhli də əbədi deyil. Allahın zatından başqa hər şey həlak olacaq. Anam, atam və qardaşım mən də xeyirli idilər, amma öldülər.

Bundan sonra Həzrət Hüseyn (ə) səhərə qədər ibadər və istiğfarla məşğul oldu.

Dan yeri sökülür... Kərbəla çölü gərilə-gərilə oyanır... Bir saniyə belə yatmamış Həzrət Hüseyn (ə) hər kəsi sübh namazına oyadır. Yanan qəlblərin şamında parıldayan Allah ismi... Üfüqdə getdikcə tündləşən qızılı çalarlar...

Həzrət Hüseyn (ə) atlı və piyada olmaqla 70-80 nəfərlik dəstəsini sıraya düzdü. Sağ və sol yanına dəstəsindəki ən güvəndiyi şəxsləri təyin etdi. Bayrağı etimad etdiyi şəxsə verdi, özü mərkəzə keçdi.

Minlərlə əsgərə qarşı yalnız 70-80 nəfər...

İrəli çıxdı və qarşısındakı müsəlmanlıq iddiasında olan əsgərlərə hayqırdı:

"- Ey insanlar! Sözümə qulaq asın, tələsməyin, sizə vacib olan şeyi deyim. Gəlişimdən ötrü səbəbimi bildirirəm! Səbəbimi qəbul edib sözümü doğrulasanız səadət qazananlardan olarsınız. Sözümü qəbul etməz, dediklərimi dinləməzsəniz, istədiyinizi etməkdə azadsınız".

Həzrət Hüseyn (ə) bu məqamda dayandı. Çünki bacıları ürək dağlayan tərzdə ağlamağa başlamışdılar.

Həzrət onların yanına getdi, sakitləşdirməyə çalışdı, sonra yenə əsgərlərin qarşısına qayıtdı və belə xitab etdi:

" - Ey insanlar, məni hər kəslə müqayisə edin və düşünün, mən kiməm? Vicdanınıza baxın, nəfslərinizi təqsirləndirin, görək mənim qanım sizə halaldırmı, öldürülməyim caizdirmi? Mən peyğəmbərimizin qızı ilə əmisi oğlunun övladı deyiləmmi? Şəhidlərin ağası Həmzə atamın əmisi, cənnətdə uçan Cəfər mənim əmim deyildirmi? Allahın Rəsulu (s) qardaşımla mənim barəmdə "Siz cənnət cavanlarının ağası, ümmətimin göz bəbəklərisiniz" deməmişdirmi? Şübhəsiz ki, bu dediklərimdə məni təsdiqləyərsiniz. Əgər təkzib etsəniz, aranızda Cabir ibn Abdullahdan, yaxud Əbu Səiddən, yaxud Səhl ibn Səddən, yaxud da Zeyd ibn Ərqəmdən soruşun. Onlar sizə xəbər verərlər. İçinizdə mənim qanımı tökmənizə mane olacaq bir kimsə yoxdurmu?!

Bu vaxt Şimr dil uzadaraq Həzrət Hüseynin (ə) sözünü kəsmək istədi. Lakin Həbib ibn Məzahir onu susdurdu. Həzrət sözünə davam etdi:

" - Əgər dediklərimə bir şübhəniz varsa, yaxud Peyğəmbərimizin nəvəsi olmağıma tərəddüdlə yanaşırsınızsa, bilin ki,, bu gün Şərqdən Qərbədək Allah Rəsulunun (ə) məndən başqa nəvəsi yoxdur. Deyin, öldürdüyüm bir məzlumun qanınımı, ələ keçirdiyim bir malın ziyanınımı ödəməyi, yoxsa bir yaralının qisasınımı istəyirsiniz məndən? Nə istəyirsiniz? Ey Şit ibn Rəba, ey Həccar ibn Əbcər, ey Qeys ibn Əşəs və ey Yəzil ibn Haris, Kufəyə gəlməyim üçün mənə məktub yazan siz deyildinizmi?

Həzrət Hüseyn (ə) bir an dayanıb cavab gözlədi. Adlarını çəkdiyi adamlar dedilər:

- Xeyr, biz belə bir şey etməmişik.

Həzrət İmam (ə) cavab verdi:

- Etdiniz, lakin indi inkar edirsiniz.

Düşmən ordusundan Qeys ibn Əşəs irəli atılıb bağırdı:

- Ya Hüseyn, Übeydullahın hökmünə baş əyib beyəti qəbul edirsənmi?

Həzrət Hüseyn (ə) cavab verdi:

- Bax bu dediyin isə heç vaxt baş tutmayacaq!

İmam atından endi. Züheyr adlı biri adını sürüb ortada dayandı və hər iki tərəfdən birdən artıq qan tökülməməsi üçün təsirli sözlər söylədi, lakin faydası olmadı.

Xain Şimr ox atdı. Zuheyr geri çəkildi və bu anda səhnələrin ən ülvisi canlandı. Həzrət Hüseyni (ə) ilk dəfə mühasirəyə alan Hürr ibn Yəzid Riyahi peyğəmbər nəvəsinin tərəfinə keçdi. Atını Hüseynə (ə) tərəf sürdü, İmamın önündə dayanıb belə nida etdi:

- Sənin tərəfinə keçirəm, indiyə qədərki cinayətlərimi bağışla!

Hürrün döyüşdən çəkinməklə bağlı öyüdlərinə ox atmaqla cavab verdilər.

Sonradan gəlmiş ordu komandanı Ömər ibn Səd irəliləyərək oxunu atdı və bağırdı:

- Budur döyüşü başlayıram, tərpənin!

Və ox yağışı...

Ziyadın qulamı Yəsarla Übeydulların qulamı Salim meydana çıxdılar və rəqib istədilər. Həzrət Hüseynin (ə) tərəfindən Abdullah ibn Umeyr əl-Kəlbi irəli çıxaraq qılıncı ilə iki dəfə zərbə endirməklə hər ikisini yerə sərdi. Toqquşma bütün dəhşəti ilə başladı. Həzrətin 72 nəfərdən ibarət dəstəsi minlərlə əsgər, qılınc, nizə, balta, gürzlər tərəfindən doğrandılar, deşildilər, qırıldılar və əzildilər.

Həzrət İmam Hüseynin (ə) iki oğlu, altı qardaşı, Həzrət Həsənin (ə) iki oğlu, çoxlu doğmaları, dostları və qohumları şəhid edildilər.

Bütün bu şəhid olanlar iki gündən bəri idi ki, dodaqlarını islatmaq üçün bir damla suya möhtac qalmışdılar.

Nəhayət ortada təkcə Həzrət Hüseyn (ə) qaldı. Kim və hansı məqam sahibi olduğunu izah edən misralar oxuyaraq atını düşmən cərgəsinə tərəf sürdü. Az vaxtda üzərinə su əvəzinə ox saçan halda, qlınclar, nizələr başına və sinəsinə işlədiyi halda iki cahan sultanının çiyninda daşıdığı nəvəsi atından yerə düşdü. Bütün kainata və bütün varlıq aləminə toplu olaraq qıymaq istəyəcək qədər xain bir əl uzandı və müqəddəs başı bədənindən ayırdı.

Geridə qalan qadın və uşaqlar isə əsir edildi. Əsirlər arasında sövcəsi Rübab, bacıları Zeynəb və Ümmi-Gülsüm, qızları Səkinə və Fatimə, bir də oğlu Əli Zeynəlabidin (ə)...

Bütün həqiqi müsəlmanlar sarsıldılar. Yüzlərlə, minlərlə şair kəzzab qəlbləri belə əridən mərsiyələr oxudular, dünya yarandığı gündən bəri bu hadisəyədək göy qübbəsi altında hər hansı peyğəmbər nəvəsinin başına gətirilməmiş belə bir müsibətin qarşısında vicdanlar sızladı...

Cinlərin belə ürəkyaxıcı mərsiyələr oxuyaraq nalə çəkdiklərini eşidənlər oldu.

Mənsur ibn Əmmar bu iki misranın nübuvvətdən hələ 300 il öncə bir daşın üzərində yazılmış formada qədim Roma torpaqlarında tapılmış olduğunu rəvayət edir.

Hüseynin başını bədənindən ayıran Sinan adlı insanlığın üz qarası bir zat mübarək başı fəxriyyə oxuyaraq Übeydullahın qarşısına qoyanda Kufə valisi, dastana çevrilmiş bu cinayətin biləvasitə tərtibçisi olduğu halda dözə bilmədi və Sinanın başını bədənindən ayırdı. Kərbəla hadisəsinə qarışanların hamısı bu və ya digər şəkildə bəlalı aqibətləri ilə üzləşməli oldular. Bir vaxt gəldi Muxtar ibn Übeyd öz əsgərləri ilə Kufəyə daxil oldu və Kərbəla işinə bulaşmış altı min nəfəri məhv etdi. Übeydullah ibn Ziyad, Şimr və Ömər ibn Səd də bu dönəmlərdə cəzalarına çatdılar və ən böyük cəza aləminə daxil oldular.

Kərbəlaya qatılanların hər birinin öz cəzasına çatdığına dair ən gözəl əhvalat Yaqub ibn Süfyanınkıdır. O belə deyir: "Bir gecə oturub Kərbəla faciəsindən bəhs edirdik. Məclisdə oturanlardan biri bu faciəyə bulaşmış heç kəsin bəlasız qalmadığını iddia etdi.

Həmin məclisdə oturan yaşlı bir kişi irəli çıxdı və Kərbəlaya qatılanlardan və Hüseynin (ə) öldürülməsinə yardım edənlərdən olduğu halda bu günə qədər heç bir bəlaya məruz qalmadığını dedi. Bu vaxt otaqda yanan şamlardan biri sönəcək qədər zəiflədi. İxtiyar şamı götürüb fitilini düzəltmək istəyərkən sıçrayan bir qığılcım onun saqqalına bulaşdı və yanmağa başladı.

Məclisdəkilər qocanı söndürməyə nə qədər çalışdılarsa, bacarmadılar. Saqqalına doğru sıxdığı paltarı da alışdı, beləcə bütün bədəni oda qərq oldu. İxtiyar qaçaraq özünü kənarında olduğumuz Fərat çayına atdı və yana-yana boğularaq öldü".

Nəcib Fazil Qısakürək. "Peyğəmbər halqası", "Büyük Doğu" Nəşriyyatı, İstanbul