25 Noyabr 2024 - 25
Bu sualı verənlər, adətən, Kərbəla hadisəsini iki şəxs arasında gedən savaş kimi anlayanlardır. Halbuki, bu inqilabı iki şəxs yox, iki dəyər, iki ideologiya, iki məntiqin toqquşması kimi təhlil etsə idilər, məsələ aydınlığa qovuşardı. Yezid batil, Hüseyn isə haqq ideologiyanı təmsil edirdi. Yezid küfrü, Hüseyn (ə) isə haqqı, daha dəqiq ifadə ilə qeyd etsək, Yezid şeytan və onun düşüncə tərzini, Hüseyn (ə) isə ilahi dəyərlərin təmsilçisi idi. Elə buna görə də əminliklə deyə bilərik: “Kərbəla hadisəsi haqq ilə batilin savaşı idi”.
Deməli, Kərbəla hadisəsi ideologiyadır, məntiqdir. Ona görə də deyirik: “şəhid şəxs deyil, ideologiyadır, məntiqdir". Əsrlərdir Kərbəla hadisəsinin yaşadılmasının da səbəbi məhz elə budur. Bütün müsəlmanlar ilahi dəyərlərin cəm olduğu bu ülvi və pak ideologiyanın yaşadılması naminə can və malları ilə bu yolda səy göstərirlər.
Bu sadə məntiqi anladıqdan sonra “niyə hələ də İmam Hüseynə (ə) əza saxlayırsınız, bu mərasimləri qeyd edirsiz?” deyənlər görəsən niyə və nəyə təəccüb edirlər? Məgər haqq və həqiqət unudulmalıdır? Məgər haqq və ilahi dəyərlər müəyyən zamanla əlaqəlidir? Əlbəttə, yox!
Kərbəla hadisəsi şəxslər arasında olan savaş, yaxud İmam Hüseyn (ə) sadəcə bu savaşdakı bir fərd kimi analiz edildikdə əsla doğru nəticə almaq mümkün olmayacaq. Həzrət Hüseynin (ə) Yezidə buyurduğu sözə diqqət edin: “Mənim kimisi sənin kimisinə beyət etməz”. Həzrət Hüseyn (ə) demir ki, mən sənə beyət etmirəm, deyir: “Mənim kimisi...” Bu cümlə özü bir daha bunu bəyan edir ki, İmam Hüseyn (ə) bu savaşda fərd yox, bir pak və ülvi ideologiyanın təmsilçisi olub. Bu cümlə, Qiyamətədək açıq bir cümlədir. Yəni İmam Hüseyn (ə) kimi pak və ülvi ideologiyanın təmsilçiləri heç zaman Yezid kimi şeytani düşüncənin daşıyıcılarına beyət etməz.
Bu kimi sualları ünvanlayanlara biz də bu qəbildən olan digər sualları ünvanlaya bilərik, məsələn, niyə uzun illərdir ki, Xocalı, 20 Yanvar, 31 Mart soyqırımı hər il təkrar-təkrar qeyd olunur? Niyə hər il bu günlər rəsmi şəkildə matəm günləri elan edilir? Cavab eynidir, çünki o şəhidlər müqəddəs amal uğrunda özlərini fəda etmişlər!
İmam Hüseyn (ə) və dostları da Kərbəla hadisəsində ən müqəddəs işlərdən birini – Allah dinini qorumaq, hifz etmək missiyasını yerinə yetirdilər və bu yolda şəhidlik mərtəbəsinə ucaldılar. Elə bu səbəbdən onlara hər il əza saxlanılır, həmin gün bütün müsəlmanlar tərəfindən əzəmətlə yad edilir. Odur ki, bu növ suallar ünvanlayanlara biz də bu kimi suallar verməklə, onları düşündürmək yolu ilə də həqiqəti onlar üçün aydınlada bilərik.
Böyük mütəfəkkir, şəhid Mütəhhərinin bu suala cavabı.
Sual: Niyə hələ də İmam Hüseynə (ə) əzadarlıq edirik?
Cavab: Peyğəmbəri-Əkrəm (s) və pak imamların zamanından dini öndərlər Hüseyn ibn Əlinin adının diri qalması və onun müsibətinin hər il təzələnməsi barədə təkidlə göstəriş vermişlər. Niyə? İslamda bu nə göstərişdir?! Niyə imamlar mövzuya bu qədər əhəmiyyət verirdilər, niyə Hüseyn ibn Əlinin ziyarətinə bu qədər rəğbət və istək vardır? Bu niyələrə diqqət olunmalıdır. Bəziləri deyə bilər ki, Həzrət Zəhraya (ə) təsəlli olsun deyə belə etmişlər. 1400 ildən sonra da Həzrət Zəhranın (ə) təsəlliyə ehtiyacı olması gülməli söz deyilmi? Halbuki, İmam Hüseynin (ə) özünün dediyinə və dinin zəruri hökmünə görə, o şəhid olduqdan sonra, Zəhra ilə bir yerdədir. Bu nə sözdür? Məgər Həzrət Zəhra uşaqdır ki, 1400 ildən sonra da baş-gözünə vuraraq ağlasın və biz də gedib ona başsağlığı verək? Elə dini xarab edən bu cür sözlərdir. Hüseyn (ə) İslamın əməli məktəbini təsis etdi. O, İslam qiyamlarının əməli nümunəsidir. Onlar Hüseynin məktəbinin yaşaması üçün və ildə bir dəfə Hüseynin (ə) öz şirin, uca və qəhrəmanlıq doğuran sözləri ilə zühur etməsi xatirinə bu hadisənin yaşamasını istəyir və ona israr edirdilər. İstəyirdilər ki, Hüseyn (ə) fəryad edərək desin: “Haqqa əməl olunmadığını, batil şeylərin inkar edilmədiyini görmürsünüzmü? Belə bir halda mömin həqiqi olaraq Allahın görüşünə can atmalıdır”.
Onlar istəyirdilər ki, “ölüm biabırçı həyatdan yaxşıdır!” şüarı həmişə diri qalsın. İstəyirdilər ki, “səadəti ölümdə, biabırçılığı isə zalımlarla birgə yaşamaqda görürəm!” şüarı həmişə diri qalsın. İstəyirdilər ki, Hüseynin başqa sözləri: “ölüm Adəm övladına boyunbağı qızın boynuna biçilən kimi biçilmişdir”, “zillət bizdən uzaqdır” və bu kimi başqa sözləri diri qalsın. İstəyirdilər ki, Hüseyn (ə) özü və ailəsi tərəfdən olan çətinliklərinə baxmayaraq 30 min nəfərin qarşısında dünyanın görmədiyi bir mərdliklə dayanaraq bunları söyləsin. İstəyirdilər ki, Hüseyn məktəbi, təlim-tərbiyəsi diri qalsın, onun ruhundan bir şölə bu ümmətin ruhuna hoparaq parlasın. Bu istəyin fəlsəfəsi də çox aydındır.
(Şəhid Mütəhhəri, “İmam Hüseyn qəhrəmanlığı”, səh. 26-27-28)
Mahir Şəkərov