21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin addımı vəhy və hikmətdən kənar deyildi
04.10.2018

İmam Hüseyn (ə) Məkkədən Kufəyə hərəkət edəndə bu cümləni buyurdu: “Bizim ümidimiz, inandığımız budur ki, Allahın bizim barəmizdə verdiyi qərar xeyrimizədir”.

Bəzən biz insanlar xeyir və şər, yaxşılıq və pislik məsələsini anlamaqda yanlışlığa düçar oluruq. Bu yanlışlıqlara düçar olmaq baxış tərzlərindən qaynaqlanır.

Məsələn bizim belə bir baxışımız var ki, hər şeyi əqli və elmi baxımdan hesablayırıq. Yəni yaxşılıqda yaxşılıq, pislikdə isə pislik görürük. Bu baxışa real baxış deyilir. Çünki həm elmin tələbi budur ki, yaxşını yaxşı, pisi pis görəsən, həm də əqlin tələbi.

İnsanın baxış tərzlərindən biri də nankor baxışdır. Yəni insan yaxşılıqları pislik kimi görür. Yaxşılığı pislik kimi görmək insana xas olan nankor baxışdır.

Amma bir baxış da var ki, digərlərindən fərqlənir. O hansıdır? O elə baxış tərzidir ki, pisliklərin içində də yaxşılıq görürsən. İnsanların pis hesab etdikləri sənə yaxşılıq kimi görünür. Bu əqli və elmi baxışdan fərqlidir. Bu baxış bəzən hikmət baxışı da adlanır.

Qurani-Kərimdə buyurulur: “Allah kimə hikmət bəxş edibsə, ona çox böyük, ali bir şey vermiş olub”.

Baxın Kərbəla hadisəsinə. Kərbəla hadisəsində əqli, elmi baxımdan elə də bir mühüm bir şey görünmür. Bu baxışla baxanlar Kərbəlada bir dəstənin məğlubiyyətini görürlər, qılıncların, nizələrin altında doğranan bir dəstə insanı görürlər. Əqli və elmi baxışla yalnız bunlar görünür.

İmam Hüseynə (ə) deyirdilər, hara gedirsən, bununla sən bir iş görə bilməyəcəksən. Hətta İmam Hüseyn Məkkədən çıxanda Mədinədən İmamla birlikdə gələnlərdən biri üzünü ona tutub soruşur, ağa, sən əminsən ki, biz düz iş görürük? İmam Hüseyn cavabında ona deyir ki, ey kaş, bu sözü sən məndən Mədinədə soruşaydın. O adam səbəbini soruşur. İmam buyurur, əgər bu sözü məndən Mədinədə soruşsaydın, mən vəhyin varid olduğu, Cəbrailin gəlib-getdiyi o qapını sənə göstərərdim. Yəni İmam Hüseyn istəyir ona desin ki, səni başa salardım ki, əgər biz bir şeyə qərar veririksə, vəhyin əsasında qərar veririk. Ola bilər, bizim qərarımızın zahiri tərəfi sizi düşündürməsin, çünki bizim addımlarımızın zahirinə siz elm və əql ilə baxırsınız. Amma vəhyin bizə öyrətdiyi hikmətlər də var.

Sərdar Hacıhəsənli