21 Noyabr 2024 - 21
Əhli-sünnənin müxtəlif kitablarında, hədis, tarix, rical, təfsir, həmçinin ədəbiyyat və incəsənətlə bağlı yazdıqları kitablarda bütün Əhli-sünnə alimləri İmam Hüseyn (ə) məsələsinə toxunublar. Çünki İmam Hüseyn (ə) Əhli-beytdəndir və Əhli-sünnə alimlərinin böyük əksəriyyətinin etirafına görə, Təthir ayəsinin mistaqından biridir. Həmçinin mübahilə ayəsinə izah verən Əhli-sünnə alimləri şəxsiyyətləri qeyd edərkən burada İmam Hüseyn (ə)-ın həyatına da toxunublar. Həm İmam Hüseyn (ə)-ın peyğəmbərlə keçirdiyi uşaqlıq dövrünə, həm İmam Əlinin zamanındakı döyüşlərinə və həmçinin də Kərbəla hadisəsinə işarə ediblər. Çünki İmam Hüseyn (ə) Əhli-sünnə kitablarında bütün müsəlman alimləri tərəfindən həm peyğəmbərin nəvəsidir, həm Əhli-beytdən biridir, həm bir hədis alimidir (yəni Əhli-sünnə nəzərində hədis ravisidir) və həm də Kərbəlanın şəhididir. Və bu mövzularda yazılmış bütün kitablarda Əhli-sünnə alimləri İmam Hüseyn (ə)-ın həyatına işarə ediblər.
İlk öncə Qurani-kərimdə Əhli-beyt haqqında olan ayələrin Əhli-sünnə təfsir kitablarında yer almasına toxunaq. Əhli-beytə işarə edən ayələrin təfsirində Əhli-sünnə təfsirçiləri İmam Hüseyndən danışıb və bu barədə onun təfsir hədisləri nəql ediblər. Bunlardan Təthir, Mübahilə, Məvəddət ayələri barəsində olan hədislərdə İbn Kəsirin, İbn Cövzinin, Süyutinin, H. Hakimin, Veyzabinin, Sələbinin, Təbərinin, Fəxri Razinin və Zəməxşərinin təfsir kitablarında sözügedən Təthir ayəsi (Əhzab, 33), Mübahilə ayəsi (Ali-İmran, 61) və Məvəddət ayəsi (Şüra, 23) qeyd olunur.
Bütün Əhli-sünnə təfsirçiləri, özəlliklə də adını qeyd etdiklərim bu ayələrin təfsirində İmam Hüseynin (ə) fəzilətlərindən, üstünlüklərindən söz açıblar və onun Əhli-beytdən olduğunu, fəzilətli bir şəxs olduğunu etiraf ediblər. Böyük Əhli-sünnə təfsirçisi Şeyxül-İslam Həqqi, Ruhil-Bəyan təfsirində İmam Hüseyn barədə danışankən buyurur ki, İmam Hüseynə (ə) əziyyət etmək peyğəmbərin hədisinə görə elə peyğəmbərin özünə əziyyət etməkdir və peyğəmbərə əziyyət etmək İslamdan çıxmaq, xaric olmaq və kafir olmaq deməkdir.
İkinci yerdə Qurani-Kərimin təfsir mənbələrindən sonra hədis qaynaqları dayanır. Hədis qaynaqlarında da ilk dövrdən ilk yazılan kitablarda İmam Hüseynin (ə) həm peyğəmbərin nəvəsi olaraq, həm səhabə olaraq, həm də Əhli-beytdən biri olaraq barəsində hədislər deyilib. Və İmam Hüseyn ravi kimi sənədlərdə qeyd olunub. İmam Hüseynin övladlarından İmam Hüseynin özünün vasitəsi ilə İmam Əlidən və birbaşa peyğəmbərdən müxtəlif Əhli-sünnə kitablarında hədislər qeyd olunub. Bu hədis kitablarından və məşhur qədim kitablardan biri Əhməd İbn Həmbəlin (hicri qəməri tarixi 241-ci ildə vəfat edib) Müsnət kitabıdır. Bu kitabda İmam Hüseynin (ə) vasitəsi ilə peyğəmbərdən 7 hədis nəql edilib.
Həmçinin Əhli sünnənin 6 səhih kitabından birincisi olan Səhih-Buxaridə Məhəmməd ibn İsmail Buxarinin kitabında İmam Həsən və İmam Hüseynin fəzilətinə işarə edən hədislər var. Və burada qeyd olunur ki, Peyğəmbər onları sevirdi və deyirdi ki, İlahi mən bunları sevirəm, Sən də bunları sev.
Əhli-sünnənin 6 səhih kitabından biri olan Sünən kitabında İbn Macə İmam Həsən və İmam Hüseynin fəzilətləri barədə müxtəlif hədislər gətirir və bu hədisi orada qeyd edir: "Hər kim Həsən və Hüseyni sevsə məni sevib, hər kim onlara qəzəblənsə, düşmənçilik etsə mənimlə düşmənçilik edib". Əlavə olaraq İbn Macə İmam Hüseyndən ravi kimi də istifadə edir. Yəni imamın peyğəmbərdən nəql elədiyi hədisləri kitabında qeyd edir.
Əhli-sünnənin başqa bir səhih kitabı "Sünəni Tirmizə" adıyla məşhurdur. Kitabın müəllifi Tirmizi 3-cü əsrin sonlarında dünyasını dəyişib. 279-cu ildə o da yenə öz sələfləri kimi İmam Həsən və İmam Hüseynin dəyərli insan olmaqları, Peyğəmbər tərəfindən sevilməkləri barədə hədislər gətirib və bu hədis orada keçib: "Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdır".
Sünən-Kübra da Əhli-sünnənin altı hədis kitabından biridir. Yenə də İmam Hüseyn və İmam Həsən haqqında, onların fəzilətləri haqqında hədislər gətirilib. Eyni zamanda onlardan ravi kimi istifadə ediblər.
Sünən ibn Macə də digər bir yerdə bunu qeyd edib ki, Abdullah ibn Ziyadın başı kəsilib Muxtarın qabağına qoyulanda rəvayət edirlər ki, orada bir ilan gəlir və burun vasitəsi ilə başa girir. Bunu ibn Macə öz səhih kitabında gətirib. Bəs o niyə bunu burada gətirib? İstəyir ki, İmam Hüseyni (ə) müdafiə eləsin və İmam Hüseyni öldürənləri imamın qətlinə səbəb olanların pis insan olduqlarına və cinayətə əl atdıqlarına işarə etsin.