22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura nə səbəbdən tarixin dönüş nöqtəsi oldu?
08.10.2018

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü mövzumuz – “Aşura nə səbəbdən tarixin dönüş nöqtəsi oldu?” ətrafında olacaq.

Əvvəla, qeyd etmək lazımdır ki, Aşura vaqiəsindən əvvəl də, sonra da kifayət qədər tarixdə iz buraxan hadisələr olub, böyük müharibələr, zahirən böyük rəşadət nümunələri, parlaq qəhrəmanlıqlar olub. Elə tarixdən bildiyimiz Böyük Vətən Müharibəsində də kifayət qədər məlum qəhrəmanlıq nümunələri olub.

Bəşəriyyət tarixi hələ qədim dövrlərdən belə zahiri nümunələrlə çox zəngindir. Səbəb çox sadədir: bir döyüşçü, hər zaman özünün nəhayi kamalını ya şöhrətdə, ya da vuruşduğu amallar uğrunda canından keçməkdə görür.

Məsələn, qədim Spartada belə bir deyim var idi: “Ya qalxan üzərində, ya əldə qalxanla”. Yəni ya şöhrət qazanıb geri qayıtmaq, və ya şərəfli ölüm seçmək.

Amma Aşura fenomeni bütün bunlardan fərqlənir, bütün bunların üstündə durur. Və həqiqətən Aşura fenomeni tarixdə dönüş nöqtəsini rolunu oynayır. Nə üçün? Burada niyyət fərqlidir. Bu fenomen ən yüksək amala əsaslanır. İmam Hüseyn (ə) bu ali amal uğrunda ən dəyərliləri, ən əzizəri, ən qiymətliləri qurban verib və əvəzində heç bir dünyəvi hədəf izləməyib.

İmamın müsibətli şəhadət tarixçəsinə baxdıqda, görürük ki, bütün mümkün əziyyətləri imama veriblər. Blokada, susuzluq, imamın övladlarının və qardaşlarının şəhadəti, Əli Əkbər ağanın doğram-doğram edilməsi, dodaqları təşnə Əli Əsğər ağanın boğazından oxlanması...

İmamın əziz qardaşı həzrət Abbası (ə) necə ağrılı şəhadətə məruz qoydular – qollarını kəsdilər, ox ilə gözünə vurdular (Allah lənət eləsin Kərbəla şəhidlərinin qatillərinə) – nə böyüklükdə müsibətlər gördü İmam Hüseyn (ə)...

İmam Hüseyn (ə) qeybi biliklərlə bilirdi öz aqibətini. Babası Peyğəmbərlə (s) Mədinədə vidalaşanda, həzrət Rəsul (s) röya aləmində onu agah etmişdi ki, imam özü şəhid olacaq, ailəsi isə əsir düşəcək. Amma İmam Hüseyn (ə) bu yolun axırını bildiyi halda, ən əzizlərini götürdü özü ilə, balalarını götürdü özü ilə, körpəsini götürdü – heç kimi saxlamadı. İmam Hüseyn (ə) bu amal yolunda – ən yüksək amal yolunda, dinin yaşanması yolunda ən qiymətlisini verdi, həyatını verdi.

Qardaşı Muhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə ki, bütün nəsillər üçün qoyulub, İmam Hüseyn (ə) elan etdi ki, niyyəti yalnız İslamı yaşatmaqdır. Ona görə bütün bunların fonunda bəlli olur ki, Mədinədən Məkkəyə, Məkkədən də Kufəyə hərəkət etdikdə imam öz missiyasını kamilən bilirdi və hər kəsə də bəyan edirdi. İmamın niyyəti – öz həyatı bahasına İslamı məhv olmaqdan xilas etmək idi.

Yenə də Aşuranın dünya tarixində dönüş nöqtəsi olmasına qayıdaq.

Diqqət edək: Peyğəmbərin (s) kürsüsünü qəsb edən dinsizlər, dinin adından çıxış edərək, Peyğəmbərin (s) canişinini, dinin həqiqi başçısını məhv etmək istədilər, bununla da İslamı aradan aparmaq istədilər. Qüvvələr qətiyyən bərabər deyildi. Belə olan halda, İmam Hüseyn (ə) elə bir qurban verməliydi və o qurbanı elə verməliydi ki, düşmən xar və zəlil olsun, öz mənfur hədəfinə çata bilməsin.

İmam Hüseyn (ə) öz haqq mübarizəsi ilə dini qorudu və onu gələcək hücumlardan da sığortaladı. Necə? İmam bir mübarək məktəb qoydu ki, Qiyamətə qədər Allahın dinini müdafiə edəcəkdir.

Zalımlar İmam Hüseyni (ə) kiçildib bir qiyamçı səviyyəsinə salmaq və beləcə məhv etmək istəyirdilər. Amma İmam Hüseyn (ə) öz hərəkatını bir sönməyən inqilaba çevirdi.

Bir İlahi imam olaraq, həzrət Hüseyn (ə) həm mübarizəsini metodoloji düzgün qurduğu üçün, həm hərəkatı ixlaslı olduğundan, həm hər addımda Uca Allahın proqramını həyata keçirdiyi üçün, eyni zamanda, verdiyi misilsiz qurbanlar hesabına zalımların planlarını alt-üst etdi və dinin məhv olmasına yol vermədi. İş o yerə çatdı ki, lənətlik Yezid özünə bəraət qazandırmağa çalışdı, öz cinayətlərini İbn Ziyadın (lən) üstünə yıxmağa cəhd etdi. Halbuki, bundan öncə öz rəzil cinayətləri ilə fəxr edirdi.

Beləliklə, imamın şəhadətindən qısa bir müddət keçmişdi ki, artıq Yezid (lən) istibdadının məğlubiyyəti labüd oldu. İnsanlar haqqı bildilər və qatilləri lənətlədilər.

İmam Hüseyn (ə) öz hərəkatı ilə ümmətə elə bir enerji verdi ki, o enerjidən artıq dünyada 250-300 milyon insan bu məktəbin ardıcılıdır.

Və bu məktəbin ən böyük təbərrüklərindən biri odur ki, hər il 20-30 milyon insan İmam Zaman ağanın (ə.f) zühuruna hazırlıq kimi, nəhəng bir Ərbəyin yürüşü həyata keçirir.

İmam Hüseynin (ə) ölməzliyinin ən böyük nümunəsi – dünyanın hər bir yerində hər il keçirilən və get-gedə daha çox vüsət alan Aşura tədbirləridir.

Uca Allah Kərbəla şəhidlərinə rəhmət və Kərbəlada cinayət törədənlərə isə lənət etsin!

Əli Əbuturabi