22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubu yazanlar
13.10.2018

İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubunu bu 4 nəfər yazdı:

1) Süleyman ibn Sürəd Xuzai – səhabə idi, Cəməl və Siffeyn döyüşlərində İmam Əlinin (ə) qoşununda döyüşmüşdü. Amma Müslim ibn Əqili Kufədə tək qoydu, Kərbəlaya da gəlmədi, Muxtara da qoşulmadı. Hicrinin 65-ci ilində 90 yaşında ikən TƏVVABİN (tövbə edənlər) qiyamına başçılıq etdi və şəhid oldu.

2) Müsəyyib ibn Nəcbi Fəzari – tabeindəndir (səhabədən hədis eşidənlər). Qadisiyyənin fəthində öz qəbiləsinə başçılıq edib. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində İmam Əli (ə) üçün döyüşdü. Amma Kufədə Müslimi tək qoydu və Kərbəlaya da gəlmədi. Hicrinin 65-ci ilində TƏVVABİN qiyamında şəhid oldu.

3) Rifaət ibn Şəddad Bəcəli – Quran qairisi, rəşadətli adam idi. Kufədə Müslimi tək qoydu. Kərbəlaya gəlmədi. TƏVVABİN qiyamında iştirak etdi. Muxtarın qiyamına qoşularaq 66-cı hirci ilində şəhid oldu.

4) HƏBİB ibn MƏZAHİR (ya Müzəhhər) – bəziləri deyirlər səhabə olub. Quran hafizi, zahid, abid və çox sadə həyat tərzi yaşayan biri idi. İmam Əli, İmam Hüseyn və İmam Həsənin (ə) yaxınlarındandır. Bütün döyüşlərdə iştirak edib. İmam Əlinin (ə) xilafətində “xüsusi təyinatlı dəstə”nin komandiri idi. Bundan əlavə İmam Əlinin (ə) “sir sahibi” hesab edilir. O, Meysəm Təmmara və Meysəm də ona necə şəhid olacaqları barədə danışmışdı -(qeybi xəbərlərə agah idilər).

Müslim Kufəyə gələndə Həbib və Müslim ibn Övsəcə onun üçün camaatdan gizlincə beyət alırdılar. Kufəlilər Müslimin ətrafından dağıldıqdan sonra onlar (Həbib və ibn Övsəcə) gizlincə Kufədən qaçaraq özlərini Məhərrəm ayının 7-də İmam Hüseynə (ə) çatdırdılar.

“Rəsulullahın (s) övladı məzlumcasına öldürülərsə və bizi diri qalarıqsa, Qiyamət günü Peyğəmbər (ə) yanında heç bir üzrümüz olmaz” - demişdi HƏBİB.
Mənbə: Baqir Düryab Nəcəfi, “Əvvəlinha dər Aşura”, s.30.

P.S: Əgər insanın bəsirəti, dünya görüşü olmazsa, ən həlledici məqamlarda düzgün qərar verə bilməyəcək. Bəsirətli olmaq üçün isə təkcə elm və iman kifayət eləmir. İman “yəqin”, “itaət” və “təslimiyyət” üzərində qurulmalıdır.

Biz Allaha, Rəsuluna və imamlara inanırıqsa, onların əmrlərinə tabe olmalıyıq, həmçinin də onların inanılmış (xüsusi və ya ümumi) nümayəndələrinin də sözlərinə uymalı və yollarını izləməliyik. Dini məsələlərdə özbaşınalıq, nəfsə uyğun danışmaq, dövrün şousuna aldanmaq və Allahın razılığını insanların “like”na satmağın sonu bədbəxlik, dünya və axirətdə rüsvayçılıqdır.

Əgər göstərilən ilk 3 nəfər də Həbib kimi iradəli və ciddiyyətli olsaydılar, tarixi dəyişə də bilməsydilər, ən azından indi onların da adı Kərbəla şəhidlərinin ziyarətnaməsində idi.

Yuxarıda göstərilən insanların hansısa əməlləri onların tamamilə bəxbət olmasının qarşısını aldı, sonda peşman oldular və çalışdırlar ki, səhvlərini düzəltsinlər. Amma, şayəd, mənim və sənin elə bir əməlimiz də yoxdur ki, Allah o əmələ görə, bizə bir şans daha versin!
Gəlin, verilən şansları itirməyək!

Mirməhəmməd Bəşirov