21 Noyabr 2024 - 21
İslam alimləri və hüquqşünasları yaxşılığa əmr etməyi, pislikdən çəkindirməyi bir şərtlə düzgün hesab edirlər ki, yaxşılığa çağıran və pislikdən çəkindirən şəxsi heç bir təhlükə gözləməsin. Lakin İmam Hüseynin (ə) yaxşılığa əmr etmək və pislikdən çəkindirmək məqsədi ilə həyata keçmiş inqilabında deyilən şərtə əməl olunmamış, o həzrət bu yolda ən böyük təhlükə olan özünün və dostlarının elə faciəli şəkildə öldürülməsi, əhli-əyalının və övladlarının acınacaqlı vəziyyətdə əsir getməsini qəbul etmişdir. Halbuki fiqhi hökmlər əziz Peyğəmbərin (s) və imamların əməllərindən, dediklərindən əldə olunur. Cavabı budur ki, qeyd olunan şərt ümumidir və bu hökm xüsusi məsələlərə aid deyil. Mətləbə aydınlıq gətirmək üçün aşağıdakı iki məsələyə diqqət yetirmək lazımdır:
1) Günahkar şəxsin mövqeyi
2) Yaxşılığa əmr edən və pislikdən çəkindirən şəxsin mövqeyi.
Əvvəla: əgər günah edən şəxs ictimai-siyasi mövqe nöqteyi-nəzərindən elə bir səviyyədədir ki, onun etdikləri başqaları üçün örnək hesab olunur və nəticədə onun əməlləri cəmiyyət daxilində bid’ət (İslamda olmayan qanun) formasında icra olunacaqsa, bu zaman hər bir dindar və ayıq müsəlmanın sükutu bağışlanmaz bir günahdır. Belə bir müsəlman yaxşılığa əmr etmək və pislikdən çəkindirmək onun malı, canı bahasına başa gəlsə də qiyam etməli, cəmiyyət daxilində bid’ət şəklində yayılan o günahın qarşısını imkan daxilində almalı və o günaha aludə olanı bu işdən çəkindirməlidir. Əgər şərait ona bu qədər irəli getməyə imkan vermirsə, heç olmasa sözlə o əmələ qarşı öz etirazını bildirməli və daha bu barədə sözün təsiri, zərərin olmaması məsələsi ortaya çıxmamalıdır. Bidət qoyanların və zalımların əməllərinin qarşısında Əmirəl-mö’mininin bir dəstə xüsusi davamçılarının etiraz tərzi bu dediklərimizə dəlil və şahid ola bilər. Meysəmlər, hücrlər, əbuzərlər, onlarla sadiq şiə və şiəlik məktəbinin şagirdləri zalımlar qarşısında müqavimət göstərmişlər. İslamın, imamlığın varlığını müdafiə etmək, qarışıq və əyri bir yolun əmələ gəlməsinin qarşısını almaq, İslamın əsl yolunu qorumaq, hətta bə’zən ən kiçik əyintinin qarşısını almaq, Islamın ilk baxışda o cılız görünən bircə hökmü üstündə candan, maldan, vardan, övladlarının canından belə keçmişlər.
İkinci isə yaxşılığa əmr edən, pislikdən çəkindirənin şəxsiyyətinə diqqət yetirmək lazımdır. Məzhəb yaradanlar, peyğəmbərlik və İlahi hökmləri təbliğ etməyi öhdəsinə götürənlər, yəni, peyğəmbərlər, həmçinin “ehtiyat qüvvə” kimi bu hökmlərin mühafizəçisi olanlar - imamlar, məzhəb başçıları və onların yerində oturanlar, İlahi qanunların qarşısında xüsusi məsuliyyət daşıyırlar. (Sualda qeyd olunan fiqhi hökmdən əlavə). Başqa sözlə desək bəhs etdiyimiz fiqhi hökm bizim kimi adi insanlara aiddir. Lakin peyğəmbərlər, onların canişinləri, Quranın və İslamın həqiqi keşikçilərinin qarşısında bu vəzifələrin, proqramların fövqündə duran daha ağır və xüsusi vəzifələr mövcuddur. Əgər hər bir peyğəmbər öz vəzifəsini və məsuliyyətini hamı üçün nəzərdə tutulmuş şərtlərə əsasən yerinə yetirsəydilər, nə onlarla düşmənləri arasında müharibə olardı, nə də onların öyrətdiklərindən və hökmlərindən yer üzündə bir əsər qalardı. Həzrət İbrahim (ə) bütpərəstliklə mübarizəyə qalxarkən, azğın qüdrətlilər və böyük insan axını ilə qarşı-qarşıya durarkən, bütləri bir-bir sındırarkən heç bir təhlükədən qorxmur, vahimələnmirdi.
Şəriət sahibi olmayan həzrət Yəhya (ə) (bilavasitə Allah tərəfindən keçmiş şəriətləri qorumaq vəzifəsini daşıyırdı) qeyri-şəri bir nikaha görə öz dövrünün azğın şahına qarşı çıxdı və bu mübarizəni o qədər davam etdirdi ki, kəsilmiş başını bir teştə qoyaraq o azğın padşaha gətirdilər. İmam Hüseynin (ə) Kərbəla səfəri boyu bu hadisəni təkrar-təkrar yada salmasının sirri budur: “Yəhya ibn Zəkəriyyanın başı Bəni-İsrail pozğunlarından birinə hədiyyə olundu...” Bir sözlə, vəhy keşikçilərinin və şəriət saribanlarının başqa məsuliyyəti vardır.
Məhəmmədsadiq Nəcmi