22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Düşünmək azadlığı uğrunda İlahi hərəkat
24.10.2018

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəmlik dönəminin əlamətdar məqamı ondadır ki, İmam Hüseyn (ə) eşqini yaşatmaq – insanın ruhi-mənəvi zənginliyinə rəvac verməklə yanaşı, Əba Əbdullahın (ə) mübarək məktəbinin əmələ gəlmə səbəblərini öyrənir və bu mübarək məktəbin, Aşura hərəkatının qarşısında duran hədəfləri təhlil edir.

Yaponiyada keçirilən əzadarlıq Ərəbistanda qadağada

Onu da qeyd etmək gərəkdir ki, İmam Hüseyni (ə) yad etmək, Aşura məktəbini yaşatmaq məqsədilə keçirilan əzadarlıq məclisləri dünyanın müxtəlif bölgələrində tamamilə fərqli durumda baş tutur. Misal üçün, Pakistanın bir çox bölgələrində Hüseyn (ə) əzadarlığı böyük şücaət tələb edən bir işdir. Hətta əzadarlığın nişanəsi olan qara köynək geymək belə, həyat üçün təhlükə kəsb edə bilir – o qədər böyük dözümsüzlüyü var bəzi vəhhabi-təkfirçi ünsürlərin Hüseyn (ə) əzasına. Bununla yanaşı, ABŞ-da, Fransada, Almaniyada – Avropanın hər yerində Aşura məclislərinin vüsəti ildən-ilə artır. Dünyanın ən ucqar nöqtələrində – Afrikadan tutmuş Arktikayadək – Hüseyn (ə) məclisləri düzənlənir. Amma İmam Hüseynin (ə) vətənində - Ərəbistanda əzadarları olmazın məşəqqətlərə məruz qoyurlar, əzadarlıq məclislərini dağıdırlar, bu məclislərı təşkil edənləri təqib edirlər.

Yəqin ki, Əba Əbdullaha (ə) da xoş olar ki, biz bugünkü məclisimizdə Səudiyyədə olmazın zülmlər görən, amma Əhli-Beyt (ə) yolundan çəkilməyən şəxsiyyətlərdən danışaq. Bu insanlara hər nə zülmlər edirlərsə də, əqidələridən döndərə bilmirlər, məhərrəm-səfər əyyamını keçirməkdən daşındıra bilmirlər...

Bu görkəmli simalardan olan, Ərəbistanın Qətif şəhərinin imam-cüməsi Şeyx Həsən Aşura ilə bağlı, Kərbəla məktəbi ilə bağlı son dərəcədə əlamətdar bir ifadə işlətmişdir. Və bu ifadənin əlamətdarlığını artıran odur ki, qətiflilər hər zaman İmam Hüseyn (ə) dönəminə xas bir mənəvi sıxıntı mühasirəsini yaşayırlar. Onlar Aşuranı nəzəri yox, praktiki tanıyanlardır. Əmələn saxlaya biliblər onlar bu gün İmam Hüseyn (ə) məktəbinə sədaqəti...

Beləliklə, diqqət edək Şeyx Həsənin işlətdiyi tezisə. Seyx Həsən demişdir ki, İmam Hüseyn (ə) qiyam etdiyi zülmlərdən biri – düşüncə və təfəkkürü məhv etməyə yönəli zülm idi.

Yəni, İmam Hüseynin (ə) zülmə qarşı qalxmağı, zülmü qəbul etməməyi – hamıya məlumdur. Amma ümumi zülm məfhumu ilə yanaşı, bunun tərkib hissəsi olan, bəlkə növləri, təzahürləri olan zülmlər var. İnsana fiziki əziyyət verməklə, mənəvi əziyyət verməklə, psixoloji sarsıntıya məruz qoymaqla, əqidsinə zor etməklə, şəxsiyyətini sıxmaqla səciyyələnən zülmlər var.

Düşünmək azadlığı

Əba Əbdullah – İmam Hüseyn (ə) hər cür zülmə qarşı qalxmışdı, zülmün bütün növlərinə qarşı bir İlahi hərəkata rəvac vermişdi. Və Əba Əbdullahın (ə) etiraz etdiyi böyük zülmlərdən biri də - təfəkkürü yox etmək, düşüncəni aradan aparmaq, sərbəst düşüncə azadlığını məhv etmək idi. Düşünmək, təhlil etmək, sual vermək – yox olma təhlükəsi altında olan kateqoriyalardan olmuşdu. Və bu təhlükənin önündə zəmanənin İmamı (ə) ayağa qalxdı...

Toplumun hər mənada yaşayışını təmin edən amillərdəndir düşünmək azadlığı. İnsanın fiziki yaşaması üçün hava, su, qida lazımdır, bu ünsürlər olmasa, insanın fiziki baxımdan yaşaması mümkün olmaz. Amma insanın insan olaraq mövcudiyyəti üçün təfəkkür, düşüncə azadlığı lazımdır. Bu azadlıq olmasa, insan yoxdur.

Düşüncəsi azad olmasa, insan, İNSAN olmaz. Əba Əbdullahın (ə) hərəkatı, mübarək məktəbi bütün digər zülmlərə qarşı qalxmaq öz yerində, digər azadlıqların yaşaması üçün qiyam etmək öz yerində, by azadlıqların bəlkə tacı olan düşünmək azadlığnı insanın əlindən almaq istəyən lənətlik yezidlərə qarşı mübarizə ilə səciyyələnən bir İlahi savaş idi.

İnsanı kor alət etmək istəyən, zatən hürr olaraq xəlq olunanı bir bioloji vahid səviyyəsinə endirmək istəyən zalımlara qarşı bir azadlıq yürüşü idi Kərbəla hərəkatı. İmam Hüseynin (ə) mübarək məktəbinin ən incə çalarlarındandır bu.

Seyyid Rəzi fenomeni

Bu gün bu mövzuya toxunmağımız təsadüfi deyil. Bu günlər – Əhli-Beyt (ə) məktəbinin ən parlaq ulduzlarından olan, düşüncə və təfəkkürün canlı simvollarından olan Seyyid Rəzinin vəfatının ildönümüdür. Bir məfkurə, düşüncə, elm işığı saçmışdı Seyyid Rəzi topluma. Bir onu kifayətdir demək ki, “Nəhcül-bəlağə” kimi fundamental əsərin müəllifidir Seyyid Rəzi. “Nəhcül-bəlağə” – Həzrət Əlinin (ə) nurani kəlamlarının toplusudur. Seyyid Rəzi özü bu barədə təvazökarlıqla belə deyir: “Mənə dedilər ki, belə bir şeyə ehtiyac var”.

Böyük və fundamental bir tədqiqat apardı Seyyid Rəzi. Və Seyyid Rəzinin bu işi görməyə həm elmi qabiliyyəti, elmi tutumu çatırdı, həm də ədəbi zövqü. Estetik zövqü imkan yaradırdı Seyyid Rəzinin Həzrət Əli (ə) kəlamını dərk etməyə.

Hicri təqvimilə 406-cı ildə, 47 yaşında Bağdadda rəhmətə gedib Seyyid Rəzı. Nisbətən cavan yaşında dünyadan getməsinə baxmayaraq, bərəkətli və mənalı ömrü ərzində o, İslam elminə böyük töhfələr vermişdi. Nəql edirlər ki, elm və ürfanda böyük tədqiqat sahibi olan, təqva nümunəsi olan qardaşı Seyyid Mürtəza o qədər mütəəssir olur Seyyid Rəzinin ölümündən ki, onun cənazəsini görmək taqəti olmur və qəmin şiddətindən müqəddəs Kazimeyn hərəminə pənah aparır...

Seyyid Rəzinin etdiklərinin yalnız ikisinə toxunmaq kifayət edər. Həzrət Əlinin (ə) mübarək kəlamlarını – “Nəhcül-bəlağə”ni toplamaq kimi nəhənğ iş görmək. Nə qədər insan hidayət tapmışdır bu əsər vasitəsilə, nə qədər qəlblər nurlanmışdır! Həzrət Əli (ə) dühasının kiçicik bir hissəsini tanımaq olur bu kitabdan... Amma bu kiçicik hissə bəs edir axtaran insanın nicat tapması üçün...

Seyyidin etdiyi ikinci fövqəl əhəmiyyətli məsələ – universitet yaratmaqdır. Adət üzrə, Bağdadın “Nizamiyyə” müəssisələri ilə bağlayırlar bugünkü anlamda universitetlərin təsisatını. Amma bu, dəqiq yanaşma deyil. Çünki, bundan onillər öncə Seyyid Rəzi “Darül-elm” adlı sözün bügünkü anlamında universitetin, elmi təhsil ocağının əsasını qoymuşdur. Və bu universitetin yetirmələri elmin inkişafına böyük töhfələr vermişlər.

Yaşadığımız məhərrəmlik əyyamında Seyyid Rəzini yada salmaq həm də ona görə önəmlidir ki, bu mübarək şəxsiyyət, İmam Hüseynin (ə) öz canı hesabına qoruduğu düşünmək azadlığını həyata keçirməyin canlı təcəssümüdür. Aşura məktəbi azadəliyin hər bir təzahürünə qarşı edilən zülmün əleyhinədir. İmam Hüseyn (ə) insanın azadəliyinin əsasında azad düşünmək haqqını görürdü. Bunlar üçün yaşamanın əhəmiyyətini görürdü. İmam Hüseyn (ə) fiziki aradan getməyi qəbul edirdi, amma düşüncə azadlığının məhvi ilə barışmağa razı deyildi.

Sözügedən Seyyid Rəzi də insan vücudunun özülünü təşkil edən düşünmək, sual vermək, təfəkkür etmək hürriyyətini yaşadan kişilərdən idi.

Aşuranın daha bir çaları

Gedək Aşura səhnəsinə. Çoxlu dərslər var, çoxlu çalarlar, nöqtələr var burada. Nə qədər tədqiq etsən də, bitmək bilmir bu dərslər...

Aşuranın sübhündən əsrinədək Əba Əbdullahın (ə) mübarək səhabələrindən, məsləkdaşlarından müqavimət göstərmək iqtidarında olanların hamısı artıq şəhadə yetişmişdir. Nəhayət o zaman yetişir ki, İmam Hüseyn (ə) minlərlə yezidkimilərin müqabilində tək-tənha qalır. Ümmətin İmamıdır Həzrət Hüseyn (ə). Axıradək kimisə hidayət etmək, qana susamışların cərgəsindən kimisə çıxararaq, xilas etmək üçün davamlı çağırış edirdi: “Varmı köməyə yetişən bir kəs ki, Allaha xatir Rəsulullahın Əhli-Beytini müdafiə etsin?!”.

Lənətlik Şimr, cinayətlərini tamamlamaq üçün yezid (lən) qoşununun piyadaları ilə İmamı (ə) dövrəyə alır və hər tərəfdən həmlələr edir. Bu zaman bu səhnəyə dözə bilməyən İmam Həsənin (ə) kiçik oğlu Abdullah xeymədən çıxır. Abdullah İmam Həsənin (ə) son yadigarıdır. İmam Həsənin (ə) bu balasının cəmi 11 yaşı var. Əmisi ilə Kufəyə yollanmışdır. Kufə karvanı Aşura karvanına çevrilir. Aşura gününün əsri yaxınlaşdıqca, bu karvan nəyi varsa, Allah yolunda qurban verir. Fədakarlığın bütün zirvəsi buradadır. Bəşəriyyətə fədakarlıq dərsi keçilir burada...

Aşuranın əsri yaxınlaşır. Yezidin (lən) əmrini yerinə yetirən yezidkimilər mühasirə halqasını sıxlaşdırırlar. Həzrət Əlinin (ə) və Xanım Zəhranın (s.ə) nəvəsi, İmam Həsənin (ə) oğlu Abdullah bu səhnəyə dözmür. Görür əmisi Kərbəla meydanında tək qalıb...

Abdullah xeymədədir. Hələ həddi-büluğa yetişməyib. Digər uşaqlarla və qadınlarla birgə xeymədədir. Amma Abdullah daha xeymədə qala bilmir, Əba Əbdullahın bu vəziyyətinə dözə bilmir. Abdullah birdən atır özünü xeymədən bayıra...

Kiçik vücuduyla difaya qalxan bala

İndi Xanım Zeynəbin (s.ə) halını təsəvvür edək. Bir tərəfdən Əba Əbdullah (ə) meydanda təkdir, qərib və tənha vəziyyətdədir. Lənətlik Şümr, o Həzrətə (ə) sonuncu həmləni etmək üçün yezid tör-töküntülərinin başında mühasirə halqasını sıxlaşdırır. Bu tərəfdən də Həsən (ə) yadigarı, hələ həddi-büluğa çatmamış Abdullah meydana getmək istəyir. Zeynəb (s.ə) kəsir balaca Abdullahın qarşısını. Zeynəb (s.ə) bu gün daha kimləri qurban verməyib?!...

Zeynəb (s.ə) bilmir kimə baxsın... Düşmən mühasirəsində olan qardaşı Hüseynə (ə) baxsın, yoxsa Həsən (ə) yadigarı olan Abdullaha. Zeynəb (s.ə) düşünür Abdullahın qarşısını kəsə bilər. Abdullah isə deyir: “Bibican, mən qala bilmrəm. And olsun Allaha, mən Hüseyni (ə) tənha qoymayacağam!”.

Abdullah atır özünü xeymədən bayıra, verir özünü cəng meydanına. Abdullah istəyir öz kiçik vücudu ilə Əba Əbdullahı (ə) müdafiə etsin. Bəli, Abdullah həddi-büluğa çatmayıb. Amma qəlbi həddi-büluğa, zehni həddi-büluğa çatmışdır Abdullah... Bilir iman nədir, qeyrət nədir. Çatır İmam Hüseynə (ə). Bu an yezidlərdən biri İmama (ə) şəmşirlə zərbə endirir. Abdullah öz kiçik mübarək əlini verir qabağa. İti qılınc Rəsulullah (s) övladının əlini kəsir, bədənindən ayırır. O cür vəziyyətə gətirir ki, ancaq dərisi ilə bədəndən asılır.

İlahi, bu, nə müsibət! Bu, nə səhnə! Aşura səhnəsi təşnə balalar üçün su gətirən cəngavər Əbülfəzlin (ə) iki qolunun kəsilməsilə başlayır, İmamını (ə) müdafiə edən kiçik Abdullahın qolunun kəsilməsilə yekunlaşır...

İndi Əba Əbdullahın (ə) halını təsəvvür edək. Bu gün kimləri yola salmayıb, kimləri itirməib Əba Əbdullah (ə)...

İmam Hüseyn (ə) kiçik Abdullahı bağrına basır. Qulağina pıçıldayr: “Qardaşoğlu! Səbir et və Allahı çağır ki, O, səni saleh atana qovuşdursun!”.

Sonra İmam (ə) əllərini duaya qaldırır. İmam (ə) dua halındadır. Bu halda lənətlik Hərmələ Abdullahın mübarək vücuduna ox atır. Abdullah Əba Əbdullahın qucağında şəhid olur....

Bir diqqət edək: Abdullah öz əmisi Əbülfəzl kimi qolsuz qalır, əmisi oğlu Əliəsğər kimi Hüseynin (ə) qucağında şəhid olur...

Nələri görmədi Aşura səhnəsi...

Nə qədər fədakarlıq, nə qədər ixlas, nə qədər ibadət, nə qədər dözüm...

Və digər tərəfdə nə qədər zülm, nə qədər qəddarlıq, nə qədər rəzillik! Nə kiçiyə, nə böyüyə rəhm edilməyib burada... Bəşər tarixində ən böyük rəzilliyə qol qoyulmuş burada...

İlahi, yüzillər keçir o gündən. Nə qədər kəşf olunmuş, nə qədər ixtiralar edilmiş. Amma iblis (lən) nökərləri öz xislətlərindən əl çəkmirlər. Zəmanə yezidləri öz mənfur əməllərindən əl şəkmirlər.

Kərbəla müsibətində 5 uşaq şəhid edilmişdi. Amma bu gün zülmü həyata keçirmə vasitələri o qədər artıb ki, artıq Qəzzada, Yəməndə, İraqda yüzlərlə, minlərlə uşaq şəhid edilir...

Lakin bununla yanaşı, Kərbəlanın İlahi məktəbinin ana qayəsi olan düşünmək azadlığı uğrunda vücudi mücadilə günümüzdə də davam edir. Şəxsiyyət və hürriyyət təşnəsi olan bəşər övladlarının aydınlaşması hər zaman rövnəq tapır.

Allah Təala bəşəriyyəti bu zülmdən xilas etsin, Həzrət Məhdinin (ə.f) zühurunun təcili ilə dünyanı ədalət və əmin-amanlıqla doldursun! Amin!

İlqar İbrahimoğlu