22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəlada 13 ox yarası alan şəhidi ən çox narahat edən nə idi?
26.10.2018

Bu yazıda Kərbəlada 72 nəfərdən biri olan və sinəsi ilə İmamın namazı vaxtı atılan oxların qarşını almış bir şəxs – Səid ibn Abdullahın verdiyi bir sualı anlamağa çalışacağıq.

İmam Hüseyn (ə) namaza başlayan vaxt bir qrup şəxs onu zülmdə sərhəd tanımayan düşmənin xaincəsinə atılan oxlarından qorumaq vəzifəsini öz üzərinə götürdü. Səid namaz zamanı özünü imamın qarşısında sipər edib atılan oxların qarşısını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb “Ey Peyğəmbərin nəvəsi, əhdimə vəfa etdimmi?” - deyə soruşdu.

İmam Hüseyn (ə) ona belə cavab verdi: “Bəli, sən məndən də əvvəl cənnətə gedirsən”. Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.

İndi isə Səidin verdiyi sualdan çıxan nəticələrə diqqət yetirək.

1. Möminlərin ən birinci narahatlıqları – vəzifələrinə əməl edib-etməmələri ilə bağlıdır.
“İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı şəfqətlidir” (“Bəqərə” 207).

2. Möminlər heç bir vaxt olduqları məqamı böyük bilməzlər və qürrələnməzlər. Səid 72 nəfərdən biri olmasına baxmayaraq, özünü xüsusi imtiyaza sahib biri kimi qəbul edə bilmir. O, son ana qədər vəzifəsini yerinə yetirməyə çalışır.

3. Möminlərin etdikləri bəndəlik və ibadət nəzərlərində heç vaxt böyük görünmür. Zəmanənin imamının namaz qılması üçün özünü fəda edən, onun üçün canından keçən Səid əməlini böyük saymır. Zəmanə imamını tanıyaraq dünyasını dəyişmək də məhz budur. “Zəmanə imamını tanımadan ölən şəxs cahiliyyə ərəbləri kimi dünyadan köçər” hədisində qeyd edilən tanıma, insana bu mərifəti verməlidir.

4. Mömin öldükdə, halı ümid və qorxu arasında olar. Səid ümid edir ki, İlahi dərgahda bağışlanmış şəxslərdən biri ola bilər. Amma bu ümidinə qarışmış xofu ilə zəmanə İmamına (ə) öz narahatlığını da ərz edir. Səidin son halı onun bir ömür necə yaşamasının layiqli nəticəsidir.

5. Mömin Allahın məqamını uca bilər. Səid öz nəzərində Allahı o qədər uca bilirdi ki, öz canı bahasına olsa belə, Onun yer üzündəki höccətini – İmam Hüseyni (ə) müdafiə etmək yolunu seçdi.

Allahı layiq olduğu kimi tanıyan şəxslər Onun üçün verdikləri heç bir şeyi böyük bilməzlər. Bu səbəbdən idi ki, can verəndə belə Onun üzərinə qoyduğu vəzifədən başqa heç nəyə görə narahat olmadı. Xanım Zeynəb (s) qətlgahda İmam Hüseynin (ə) başsız bədəninə baxaraq Rəbbinə dedi: “Ya Rəbbim, olanımız budur. Az da olsa, qəbul et”.

6. Möminin bu dünyada narahat olacağı mövzu yalnız onun aqibətidir. Rəsulallah (s) Əmirəlmöminin həzrət Əliyə (ə) Ramazan ayında şəhid ediləcəyi ilə bağlı xəbər verdikdə Mövla Əlini (ə) yalnız bir sual maraqlandırdı: “Ya Rəsuləllah, belə olan halda dinim salamat qalacaqmı?”.

İnsanı aqibətindən qafil saxlamaq şeytanın ən birinci vəzifələrindəndir. Aşura məktəbi bizi qəflətdən oyadan ən mühüm məktəbdir.

7. Möminlər canları və malları ilə dinin müdafiəsində dayanarlar. Onlar üçün əsl müsibət dinlərində olan müsibətdir. “İman gətirən, hicrət edən, Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır” (Tövbə 20).

8. Möminlər heç bir müsibətdə hallarını ögəy halla əvəz etməzlər. Hər vaxt öz bəndəçilik halındadırlar. Qərarları, davranışları emosional deyil. Səidin bədənində saysız-hesabsız yara olmasına baxmayaraq, halından çıxmır və imama öz ali narahatlığını ərz edir.

9. Möminlər üçün ən ali vəzifələrindən biri də məhz din qardaşının müşkülünü həll etməkdir. Səid canını sipər edərək, digər din qardaşlarının namaz qılmalarına şərait yaratdı. Mömin üçün ilk olan şey İlahi rizayətdir. O rizayət bir gün vaxtında namaz qılmaqdadır, digər vaxtı isə din qardaşın üçün xidmətdədir.

10. Möminin haqq yolunda mücadiləsi Zəmanə imamının diqqətindən kənarda qalmaz. İmam Hüseyn (ə) namazı bitirdikdən sonra, o müsibətin içində Səidin yanına gəlib, son anında başının üstündə olur. Ona cənnət müjdəsini verərək, qəlbini aram edir.

İlahi, bizi iman gətirdiklərimizə sahib çıxıb, sevənlərdən qərar ver!


Mətləb Həmzəli