22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Bütün İlahi peyğəmbərlər Aşura barədə öz ümmətlərini məlumatlandırıblar
26.10.2018

Aşura elə bir hadisədir ki, hələ baş verməmişdən qabaq ona münasibətlər bildirilib. Allahın yer üzərində olan höccət və elçilərinin vasitəsi ilə... Həzrət Adəmdən həzrət Peyğəmbərə, İmam Əliyə, İmam Həsənə və İmam Hüseynə qədər - bunlar Allahın yer üzərində höccət və elçiləri olublar. Bunların hamısı Aşura məsələsinə kifayət qədər münasibət bildiriblər.

Biz ki, deyirik İmam Hüseynin Aşurasına Allahın bütün elçiləri münasibət bildiriblər, yəni tarix boyu axırıncı variantda münasibət bildiriblər. Yəni münasibətləri ötəri, səthi, yüngül olmayıb. Tam şəkildə bir hadisəyə münasibət bildirmək həmin şəxsin tam məsuliyyətinin olmasını göstərir.

Belə deyək, sanki o adlarını saydığımız dəstə Allah tərəfindən mükəlləf və məsul imişlər bu işə münasibət bildirməyə. Baxın bu yüz iyirmi dörd min nəfərin bu hadisəyə münasibətinə, hansı ki, heç bəziləri bizə gəlib çatmayıb, heç adlarını da bilmirik, tam məsuliyyətli şəkildə olub. Elə bil bir növ Allah-Taala onların boynuna vəzifə qoyub ki, risalətinizin bir qismi də bundan ibarətdir ki, Aşura, Kərbəla və İmam Hüseynin məsələsinə münasibət bildirməlisiniz, gələcəkdəki bəşəriyyəti bu hadisədən xəbərdar etməlisiniz və bir növ onları bu məsələdə məsuliyyətli olmağa dəvət edəcəksiniz.

Məsələn peyğəmbərlər İmam Zamanın qeybət dövrünə də işarə ediblər. Hətta İmam Sadiqdən sonra imamətin əsas vəzifələrindən biri müsəlmanları qeybət dövrünə hazırlamaq olub. Çünki qarşıda elə bir iş gəlirdi ki, tarix boyu görünməmişdi. Allah Həzrət Musanı otuz günlük çağırdı. Musaya dedi ki, sən ümmətinə de mən 30 günlük Allahın hüzurunda olacağam. Musa 30 gün demişdi əshabına, Allah 30 günə 10 gün də əlavə edib tamamladı. Quranda ayədə var ki, “Allahın görüşü 40 günə tamam oldu”.

10 gün Musasız qalan Bəni-İsrail, Harundan başqa, hamısı öküzpərəst oldu. Buzova "Allah" dedilər. 10 günün içində həmin buzova bağlandılar. Onun maddiyyatına, qızıldan olmasına bağlanmamışdılar, o qızıllara elə sahib idilər. Yəni buzovu öz qızıllarından düzəltmişdilər. Məhz buzovluğuna görə ona elə məhəbbət bağlamışdılar. İllər sonra Bəni-İsrail böyük cinayət edir, Allah onlara deyir bu cinayətiniz o buzova olan məhəbbətinizdəndir ki, qəlblərinizdə o məhəbbəti içmişdiniz. Cəmi 10 günün ərzində bu baş verdi. İndi siz təsəvvür edin tarixdə heç vaxt görünməyən bir hadisə baş verir, Allahın höccəti dünyanın gözündən itəcək, insanlara görünməyəcək və insanlar da belə vəziyyətdə öz dinlərini qoruyub saxlamalıdır. Bu, çox ağır iş idi. Ona görə də İmam Sadiqdən sonra imamətin əsas vəzifələrindən biri insanları, şiələri qeybət dövrünə hazırlamaq olub. Eynilə bunun kimi peyğəmbərlər insanları Aşura məktəbinə hazırlayıblar, xəbərdar ediblər. Necə Allah höccəti üçün 1400 il qeybətdə qalmaq camaata bir az məqbul bir şey kimi görünmür, Aşura hadisəsi də elə bir formada baş verdi ki, hamı həzm edə bilmədi.

Əhliman Rüstəmov