22 Noyabr 2024 - 22
Bismilllahir-rəhmanir-rəhim.
Əssəlamu ələykə, ya Əba Əbdillah və əla ərvahilləti həllət bifinaik!
Allahın Rəsulu (s) buyurub: "Hüseyn hidayət çırağı və qurtuluş gəmisidir." (İnnəl-Hüseynə misbahul-huda və səfinətul-nəcat) O, Peyğəmbərin ümmət üçün əmanət qoyduğu Əhli-beytdən – "səqəleyn"dən (iki əmanətdən) biridir. "Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ona sığınsa, qurtular, əks təqdirdə qərq olar". Sözü gedən movzuda İmam Hüseyn (ə) özəl xüsusiyyətə malikdir. Peyğəmbər (s) haqq istiqaməti qaranlıq yola bənzədir. Bu qaranlıq yolda addımlamaq üçün çırağa ehtiyac var. Məhz İmam Hüseyn (ə) o qaranlıq yola işıq saçan çıraqdır. Bu sözün mənası məlumdur.
Onu öz həyatımızda tətbiq etməyə çalışmalıyıq. Hüseynin (ə) hidayət çırağı olması və yolu necə işıqlandırmasını anlamaq üçün qısa bir müqəddiməyə nəzər salaq. Təbii olaraq, hər hansı bir əməl təkrarlandıqca onunla insan arasında ünsüyyət yaranır, o əməlin sifəti insanın dərinliyinə çökür. İnsan hər hansı yaxşı və ya pis əmələ ilk dəfə əl atanda öncəki adətlərinin əksinə olaraq o işi yerinə yetirmək ona çətin görünür. İkinci dəfə o əməli bir qədər rahat yerinə yetirir. Beləcə insan hər hansı pis və ya yaxşı əmələ adət edir. Tədricən o əməl insan həyatının bir parçasına çevrilir, onun tərk olunması çətinləşir. Bu sadə misal bizim adi həyatımızın reallığını göstərir. Bizim çoxumuz ilk dəfə siqaret çəkəndə o əməli imanımız xoş qarşılamır, bu üzdən bir acılıq hiss edirik. Zaman keçdikcə bu zərərli əməl tərk olunmayan adətlərimizdən birinə - həyatımızın bir parçasına çevirilir.
Bir əməlin adət halına çevrilməsi insan həyatında gözəçarpan təbii bir haldır. Bu barədə həndəsi bir misala diqqət edək: Düz xətt üzrə hərəkət edən bir insan bir qədəm miqdarınca olsa belə o xəttdən kənara çıxsa ümumiyyətlə o istiqamətindən çıxmış sayılacaq. İlk öncə təkcə bir neçə addım düz xətdən ayrılacaq. İrəlilədikcə düz xətdən daha çox uzaqlaşacaq. Bir saatdan sonra bir, dörd-beş və ya iyirmi kilometr düz xətdən uzaqlaşacaq. Xətdən çıxdığı istiqamət üzrə on saat və ya bir gün hərəkət etsə, artıq onun düz xəttə qayıtması çox çətinləşəcək.
Bu bizim həyatımızda öz əksini tapır, hamılıqla onu dərk edirik. Bunu anlatmaq isə hidayətçilər, moizəçilər, nəsihətçilərin vəzifəsidir. Bəlkə də bir çoxumuz bəzi günah işləri yerinə yetirəndə, yaxud kiçik bir haqqı ayaqlayanda və ya onu inkar edəndə, özümüzü günahkar saymırıq! Nə üçün? Çünki öz-özümüzə deyirik ki, "mənim günahım nədir, mən ki, bir kiçik günah etmişəm, bir insanın kiçik - məsələn, bir qəpik dəyərində haqqını kəsdim və ya filan şəxsi təhqir etməklə azca zülm etdim".
Amma bu, təkrarlandıqca çox təhlükəli olur. Bu gün kiçik bir haqqı ayaqlayır, məsələn, bir şəxsə bir qəpik borclu olduğumuzu inkar edir, yaxud bir şəxsin neçə kv-metr torpaq sahəsini özümüzkü sayır və deyirik ki, bunlar sadə və boş şeylərdir. Elə bu sadə və boş sapmalar bir müddətdən sonra böyük bir günaha zəminə yaradır...
İlk dəfə, başqasının torpağından on metr qəsb edir, ikinci dəfə on beş, üçüncü dəfə min metr. Beləcə adət edib zülmü çoxaldırıq. Mən günah edərkən onun nə ilə nəticələnəcəyinə diqqət yetirmirəm. Amma bələdçi, bilikli, hidayət çırağı öncədən onun nəticələrini görür. Bilir ki, bu gün bir addım və ya on metrlə başlayan azğınlıq, sabah yüzlərlə, minlərlə metrə çatacaq.
Zülm və haqsızlıq həmişə bir əməl vasitəsilə gerçəkləşmir: Məsələn, başqasının malını zorla mənimsəmək, təhqir etmək, yalanı dəstəkləmək və s. Zülm, təkcə birinə haqsızlıq etməkdən ibarət deyil. Əslində, bir şəxsə qarşı edilən haqsızlığı sükutla qarşılamaq da zülmdür. Həqiqəti gördüyü halda özünü görməməzliyə vuran və sükut edən şəxs lal şeytandır. Zülmkarın müqabilində sükut edən, onun meydan sulamasına icazə verən insan bir növ zülmü təsdiqləyir, zalımı dəstəkləyir və məzlumu məhvə sürükləyir. Bir çox millətlərin həyatında zülmün bu iki (zülmkarlıq və onun qarşısında sükut etmək) növü mövcuddur.
Onları açıq şəkildə müşahidə edə bilməsək də, bəzi həqiqətlər onu üzə çıxarır. Yenə də qayıdaq Kərbəla hadisəsinə – hidayət çırağı İmam Hüseynin (ə) qiyamına. İmam Hüseyn (ə) həqiqəti hansı yolla üzə çıxardı və onu camaata anlatdı?! Bilirsiniz ki, İmam Hüseyn (ə), onun övladları, qardaşları və köməkçiləri şəhid oldular. İmamın (ə) ailəsi əsir düşdü. Kərbəlada ən böyük cinayət və ən böyük xəyanət baş verdi. Zalım edə biləcəyi zülmün son həddini nümayiş etdirdi. Kərbəlada olan zülmkarlıq heç bir zülm ilə müqayisə oluna bilməz. Belə bir sual irəli gəlir: Kərbəlada baş verən hadisəni yaradan kimi idi? Kim zülm etdi? Bu hadisədə bir nəfər fərman imazaladı – Yəzid. Bir nəfər əmir idi – İbn Ziyad. Bir nəfər orduya başçılaq edirdi – Ömər bin Səd. Bir qrup şəxs də bu fərmanı yerinə yetirdilər - ox atdılar, daş atdılar - birbaşa İmam Hüseynin (ə) ölümündə iştirak etdilər. Onlar Şimr və onun köməkçiləri idi. Sual: Meydanda təkcə İbn Ziyad, Yəzid və Ömər bin Səd olsaydı, İmam Hüseyn (ə) belə faciəli şəkilədə şəhadətə yetirilərdimi? Düşmən iyirmi və ya əlli nəfərdən ibarət olsaydı belə bir cinayəti həyata keçirə bilərdimi?
Bu cinayət rəhbərlərin fərmanı, dəstəkləyənlərin təsdiqi, dinməzlərin sükutu vasitəsilə gerçəkləşdi. Yəni deyə bilərlər ki, o ümmət söz, əməl, sükut, əmrə təslim olmaq və razılıqla İmam Hüseynin (ə) öldürmək üçün toplandılar, yekdil oldular. Onlardan az bir qismi istisna olmaqla, hamı Kərbəla hadisəsini həyata keçirməkdə həmfikir idi. Camaat o hadisənin həqiqətini nə zaman anladı?! Hadisə baş verdikdən sonra! O zaman Kufə şəhəri İslam aləminin ən böyük mərkəzlərindən biri idi. Kufə əhalisinin sayı nə qədər idi?! Yüz minlərlə! Onlar susmayıb ona kömək etməyə tələssə idilər, hadisənin qarşını ala biləcəklərini düşünsə idilər, İmam Hüseyn (ə) öldürülməzdi! Cəmiyyəti təşkil edən fərdlərdir. Necə ki, bir gecədə otuz nəfər İmam Hüseynə (ə) qoşuldu.
İmama (ə) min nəfər və ya dörd-beş min nəfər qoşulsa idi, bu faciə olmazdı. Buna görə İmam Hüseyn (ə) də camaata etdikləri əməl qarşısında məsuliyyət daşıdıqlarını və onun nəticəsini xatırladırdı. Siz bu gun sükut edir, evdə oturur, ya da öldürülməsindən qorxduğunuz övladınızı evdən çölə buraxmırsınız.
Hadisələrə bu şəkildə yanaşmanızın aqibəti necə olacaq?! Nəhayət, İmam Hüseynin (ə) öldürülməsi ilə nəticələnəcək! İmam Hüseyn (ə) öldürüldü. Onun öldürülməsi gözlənilməz şəkildə və ya bir anda baş vermədi. Allahın Rəsulundan (s) sonra Muaviyənin hakimiyyət başına gəlməsilə başlanan və davam edən hadisələr İmam Hüseynin (ə) şəhid olmasına gətirib çıxardı. Öncə yoldan sapmaq cüzi şəkildə gözə çarpırdı: Sükut, qorxu, bir neçə dinar, dirhəm, lirə və ya bir neçə metr torpaq... Beləcə cinayət başlandı. Getdikcə sürətləndi, böyüdü, nəhəyat Peyğəmbər (s) balası faciəli, dəhşətli şəkildə öldürüldü. Heç kəs də qımıldanmadı. Hamı sükut etdiyi halda Hüseyn (ə) həqiqət üzərindən pərdəni götürmüşdü. Yəni buyururdu ki, "Ey camaata iynə ucu qədər zülm edən şəxs! Sən elə bir istiqmətdə hərəkət edirsən ki, nəhayət hamının həyatına, dininə və abrına toxuncaqsan! Haqq yolundan bir qədəm sapan şəxs!
Elə bir yerə çatacaqsan ki, Peyğəmbər (s) balasını öldürməyə razı olacaq, ya da onun ölümündə iştirak edəcəksən! Gözlərinin önündə baş verənlərə etina etməyən, ayaqlanan haqqı sükutla qarşılayan şəxs! Gələcəkdə camaatın abrına və canına təcavüz olunacaq, başqalarının qanının tökülməsi halal olacaq! Sən də ona ya razı olacaq, ya onda rol oynayacaq, ya da sükut edəcəksən! Onların arasında heç bir fərq və başqa yol da yoxdur. Ya həqiqət, ya da azğınlıq yolunda hərəkət etməlisən! Nə çoxdur azğınlıq yolu?! İmam Hüseynin (ə) əzadarlıq məclisində iştirak edəndə belə bir çoxumuz arzu edir ki, İmam Hüseynlə (ə) birlikdə Kərbəlada olsaydıq, şübhəsiz ki, İmama (ə) kömək edərdik.
"Sizin bu məclisdə iştirakınız bu demək deyilmi ki, Kərbəlada olsaydınız İmama kömək edərdiniz?! Allahınızla öz aranızda İmam Hüseyni (ə) öldürənləri mühakimə etsəniz, onda o dövrdə camaatın başı üzərində hakim olan atmosferə diqqət etməlisiniz. O ümmətin gunahı təkcə bəzilərinin Kərbəlada ox atmaq, qılınc çəkmək, daş atmaqla İmam Hüsyenin (ə) ölümündə iştirak etməsi deyil. Təkcə o fərdlər günahkar deyil. Təkcə onlar məsuliyyət daşımır. Kufədə və ya Kufənin yaxınlığında olan ana öz övladını fitnədən uzaqlaşdırıb evə apardı. O ana bilməlidir ki, fitnə gəlib çatacaq. O da Hüseyni (ə) öldürənlərdəndir. Bundan çəkinməliyik! Bu həqiqət hələ də aydın deyil ki, İmam Hüseyn (ə) necə öldürüldü? İndi isə siz rahatlıqla deyirsiniz ki, İmam Hüseynin (ə) dövründə yaşasaydıq, onu müdafiə edər, öldürülməsinə imkan verməzdik. Nə üçün imam Hüseynin (ə) dövründə yaşayan camaat belə deməyib?! İmam Hüseynin (ə) qətlə yetirilməsinin qarşısını almaq onlara vacib deyildimi? İmamın (ə) az sayda köməkçiləri ondan öncə döyüş meydanına getdi. Hamı şəhid olacağını bilirdi.
Beləcə İmam Hüseyn (ə) də tənha qalacaqdı. Bununla belə meydana getmək üçün bir-birindən önə keçmək istəyirdilər. Bunun səbəbi nə idi? Təkcə istəkləri bu idi ki, İmam Hüseynin (ə) şəhadəti beş dəqiqə belə olsa, təxirə düşsün. Yəni İmamın (ə) ömrünə beş dəqiqə calamaq üçün bütün vücud və həyatları ilə mübarizə aparırdılar. Nə üçün? Çünki düşünürdülər ki, bəlkə də onların ölümü düşmənin rəhmsiz, qaralmış qəlbinə təsir edər, Hüseyni (ə) öldürməkdən əl çəkərlər. Onların düşündükləri bu və ya digər şəkildə ola bilər. Hər halda bu səhnədə öz rollarını ifa etdilər. Hüseynin (ə) həm o dövr, həm də bütün əsrlər üçün ümmət önündə şölələndirdiyi çırağa baxanda görürük ki, istər böyük olsun, istər kiçik, haqq haqdır. Az da olsa, çox da olsa, zülm zülmdür. Əyri yol, başlanğıcdan sonadək əyridir. (Azğınlığın əvvəli və sonu bərabər günahlardır.) Kiçik haqq böyüyür, genişlənir. Bir yetimin üzünə sillə vurmaq nəhayətdə İmam Hüseyni (ə) öldürməklə nəticələnək. Haram maldan bir az yeməyin nəticəsi odur ki, Rey hakimi olmaq üçün İbn Səd İmam Hüseyni (ə) öldürsün. Bir möhtərəm qadına söz və ya baxışla hörmətsizlik etmək, Əhli-beyti hörmətdən salmaq və onların ailəsini əsir etməklə nəticələnəcək...
Nur-az.com