21 Noyabr 2024 - 21
Çox uzun bir müddət keçməmişdi. Yəni Peyğəmbəri-Əkrəmin dünyadan getməsindən cəmi otuz neçə il keçirdi. Artıq insanlar Peyğəmbərin balasını öldürməyə hazır idilər. Bu qədər azmışdılar.
İmam Hüseyn (ə) bəlkə də istədi insanlara göstərsin ki, baxın, görün insanlar Allahdan, Qurandan və Peyğəmbərin dediklərindən uzaqlaşdıqda, əmrbeməruf və nəhyəzmünkəri tərk etdikdə hansı hala gələ bilirlər.
Çünki o vaxt İmam Hüseyn deyəndə ki, Yezid əyyaşdır, Yezid qumarbazdır, ondan İslam xəlifəsi olmaz. Əgər hakimiyyəti şahlığa çevirirlərsə, elə də etsinlər, o zaman bizim onlarla işimiz olmaz. Ancaq Yezidin xilafətinin adını İslam rəhbərliyi qoymasınlar, Quran rəhbərliyi qoymasınlar, bunun adını Peyğəmbərin xilafətinin davamı qoymasınlar. Bu insanlar azıblar.
Amma Hüseynə edilən təkliflər belə idi ki, deyirdilər, Hüseyn, yola ver, düzələr, bir cür siyasətə əl ataq və s. İmam Hüseyn onları başa sala bilmirdi ki, siz bilmirsiniz onlar nə qədər vəhşiləşib. Siz bilmirsiniz bu zaman kəsiyində onlar hansı həddə çatıblar. Onlar, hətta mənim başımı kəsməyə belə hazırdılar.
İmam Hüseyn, əgər bunları desə idi, deyəcəkdilər, Hüseyn, sən nə danışırsan, məgər onlar Əli-Əsğəri oxlamağa hazırdılar, məgər Əli-Əsğəri oxlamaqmı olar, məgər Əli-Əkbəri doğramaqmı olar?! Heç kəs buna inanmazdı və inana da bilmirdilər. İmam Hüseyn məhz bunu göstərməli idi. Qoy insanlara həqiqət çılpaqlığı ilə əyan olsun ki, bu cür canilər hakimiyyətə yiyələniblər və bunu öz dədə-baba xilafətləri zənn edərək İslam donu geyindirib şahlıq rejiminə çevirmək istəyirlər.
İzn vermədi ki, tarixə belə bir qara ləkə düşsün, qoymadı ki, Peyğəmbəri-Əkrəmin gətirdiyi, insanları zəlalətdən hidayətə çıxardan İslam dininin başında bir əyyaş otursun, onun dininə rəhbərliyi özünü möminlərin əmiri adlandıran, lakin əyyaş, qumarbaz və azğın olan bir insan etsin.
Mirmehdi Dərafərin