22 Noyabr 2024 - 22
Aşura hadisəsindən söhbət gedərkən haqqında danışılması vacib olan məqamlardan biri də həmin hadisəyə məzhəbçilik donunungeydirilməməsidir. Xüsusi ilə də İslam ümmətinin hazırkı acınacaqlı tarixi gedişatında bu kimi halların yol verilməsi qəbuledilməzdir.
Kərbəla hadisəsi heç də adi bir hadisə deyildir və ola bilməz. İslam dünyasında və bəşər tarixində çoxlu faciəli hadisələrin olmasına baxmayaraq, Kərbəla hadisəsini onlardan fərqləndirən və onu daha da əhəmiyyətli edən səbəblər vardır. Qabaqcadan haqqında Peyğəmbər tərəfindən məlumat verilən və insanların diqqətini ona doğru yönəldən ikinci belə bir hadisə yoxdur. Bir çox səhabələrdən, möminlərin analarından (Ummu Sələmə, Aişə), Əhli-Beytdən nəql olunan rəvayətlərdə bu hadisənin necə baş verəcəyi açıq-aydın şəkildə nəql olunmuş və Peyğəmbərin (s) hər dəfə bu hadisədən söz açarkən göz yaşları tökdüyü qeyd olunmuşdur. Hətta bir çox səhabənin (Əli ibn Əbu Talib, İbn Abbas, Ənəs ibn Malik və s.) Peyğəmbəri (s) ağlayan vəziyyətdə görüb səbəbini bilmək istəyəndə, Həzrət Peyğəmbərin (s) onlara cavabı belə olmuşdur: “Bu gün yanıma heç görmədiyim bir mələk (bir rəvayətə görə Cəbrayıl (ə), digər bir rəvayətə görə isə yağış mələyi) daxil oldu. Mənə: “Oğlun Hüseyn öldürüləcəkdir. Əgər istəsən onun şəhid olduğu torpağı sənə göstərək” - deyildi. Sonra o qırmızı torpaqdan bir hissə mənə verildi”. Bəzi mənbələrdə isə Peyğəmbər (s) həmin o torpağı onlara göstərir.
Abdullah ibn Abbasdan nəql olunur ki, o, Aşura gününün günorta vaxtı yatmış halda idi. Birdən yuxudan diksinib oyanır. Sonra o, gördüyü yuxuna yanındakılara danışır: “Mən yuxuda Peyğəmbəri üst-başı toz-torpağa bulaşmış halda və əlində tutduğu şüşədə qan gördüm. Ondan: “Ey Allahın Rəsulu, atam-anam sənə fəda olsun, nə olub sənə?” - deyə soruşdum. Peyğəmbər (s) isə mənə: “Bu, Hüseynin və onun silahdaşlarının qanıdır” - dedi. Sonra mən həmin günün yuxusundan o hadisənin bizə gəlib çatdığı günü hesabladım. Gördüm ki, yuxuda baş verənlər həmin gündə (Aşurada, Məhərrəm ayının onuncu günündə) baş vermişdir”.
Bütün bu hədislər və rəvayətlər Kərbəla hadisəsinin heç də adi hadisə olmadığını açıq şəkildə bəyan edir. Dinindən, məzhəbindən asılı olmayaraq hər bir insan bu hadisənin təfərrüatlarına varanda, istər-istəməz hadisə onu kədərləndirir və onun vicdanına təsir edir.
Kərbəla hadisəsi qəhrəmanlıq və dözümlülük səhnələri ilə doludur. Qəhrəmanlarının az sayda olmasına baxmayaraq, İslam tarixində fədakarlığın və dözümlülüyün ən gözəl parlaq nümunələrini göstərə bildilər. Digər tərəfdən isə hadisə çox faciəvi və ürəkağrıdıcı idi. Faciənin ən şiddətlisi isə hadisənin sıradan bir şəxsin deyil, İmam Hüseyn (ə) kimi böyük bir şəxsiyyətin, Cənnət cavanlarının ağasının, Peyğəmbər (s) balasının həyatı ilə bağlı olması idi. Hətta bu yetməzmiş kimi, onun əhli-beytindən olan qadınlar və uşaqlar belə həmin hadisənin qurbanları və şahidləri oldu. O cinayətkar əllər öldürməklə kifayətlənməyib, İmamın (ə) mübarək cisminə belə əziyyət verdilər. Onun mübarək cismini atlara bağlayıb yerlə sürütləyərək cəsədinə ağlasığmaz işgəncələr verdilər. Həmçinin, İmamı qarət etdilər, onun əmmaməsini və digər əşyalarını belə oğurladılar. Hətta ondan bir şey oğurlamağa gələn Bəcdəl əl-Kəlbi heç bir şey tapmayıb gözləri İmamın barmağındakı üzüyə sataşır. Üzüyü onun barmağından götürməyə cəhd etsə də, qana bulaşmış vəziyyətdə olduğundan və ona vaxt sərf etməmək üçün İmamın üzük olan barmağını xəncərlə kəsir.
Belə bir vəhşilik və cinayət bəşər tarixində İmam şəxsiyyətinin misalında misli görünməmiş hadisədir. İmam Hüseynin (ə) bu şəkildə qətlə yetirilməsi və şəhid olması onun xatirəsini əbədiləşdirir və eyni zamanda yatmış vicdanları oyadır.
Lakin hazırkı vəziyyətdə təəssüflə qeyd etmək lazımdır ki, silahları fitnə-fəsad qoparmağa tuşlanmış qüvvələr müsəlmanların birliyini pozmaq üçün yenə də iş başına keçiblər. Əlbəttə, bu da bizim üçün ciddi narahatçılıq yaradır. Ona görə ki, Aşura hadisəsi - İmam Hüseyn (ə) faciəsi, əslində biz müsəlmanları birləşdirən dəyərlərdəndir və bu, biz müsəlmanların birliyinə heç bir vəchlə ayrı-seçkilik sala bilməz.
Bugünkü tariximizə, bir az da əvvələ nəzər salsaq, müsəlmanların birlik sırasına təfriqə salmaq istəyən qüvvələrin kim olduğunu və hansı səbəbdən bunu etdiklərini öyrənə bilərik.
2006-cı ilin iyul ayında İsrail rejiminin işğalçı qoşunları Livan ordusu tərəfindən məğlubiyyətə uğradı. İsrail rejimi tərəfi bu məğlubiyyəti heç bir vəchlə qəbul edə bilmədiyi üçün öz daxilində siyasi və ictimai sarsıntı hissləri keçirməyə başladı. Bunun bariz nümunəsi isə İsrailin Knesset komitəsi tərəfindən yaradılan “Vinoqrad” komissiyasının hesabatında İsrailin iyul ayında Livanla apardığı müharibədə məğlub olma səbəblərinin araşdırılması idi.
Artıq İbrani dövlətinin sionist rejimi bu hadisədən sonra özünü təhlükədə hiss etməyə başlayır. Dünyanın hegemon dövlətləri, həmçinin, antiislam qüvvələr bundan ehtiyatlanaraq İslam ümmətinin həmrəyliyini zəiflədən və gücdən salan planlar həyata keçirir. Hər bir yolla buna nail olmaq üçün külli miqdarda vəsait xərclənir. O planlardan biri də müsəlmanlara düşmənlərini unutdurmaq və aralarındakı ixtilafları püskürtməkdir. Sanki müsəlmanlar onların böyük düşməni antiislam hegemon qüvvələr deyilmiş kimi, düşmənçiliyi öz içlərində axtarırlar.
Təbii ki, müsəlmanlar arasında yaranan problemlər və təfriqə halları məsuliyyəti baxımından təkcə antiislam qüvvələrin üzərinə düşmür. Həqiqətdə, biz müsəlmanlar həmin problemlərin yaranmasına rəvac verməklə bərabər, həssaslığımızdan istifadə edənlərə hər bir lazımi şəraiti yaratmışıq. Təəssüflə qeyd etmək olar ki, müsəlman ərəb ölkələrində və cəmiyyətlərində belə halların yaşanmasına daha çox rast gəlinir. Dünyanın qabaqcıl ölkələri tarixi ixtilafların həllində ən çətin mərhələləri belə aşmaq üzrədir. Ümumi qanunvericilik üzrə hərəkət etməkdədirlər. Onlar siyasi və iqtisadi məsələlərini inkişaf etdirən ortaq prinsiplər üzrə çalışırlar. Lakin müsəlman ərəb ölkələri hələ də ayrı-seçkilik və problemlər içərisində yaşayır.
İraqdakı vəziyyət hamıya məlumdur. Artıq orada baş verən gündəlik terror aktları və ölənlər çoxlarımız üçün adi hal hesab edilir, çünki bir çox vicdanlar həqiqətən də yatıb. Qeyd etmək lazımdır ki, İraqda baş verən hadisələrin məzhəblə, sünni-şiə ilə heç bir bağlılığı yoxdur. İraqda hansısa bir qruplaşmanın öz əqidəsi uğrunda vuruşduğunu görmürük. Lakin onların bu çəkişməsi siyasi sferada mövqe tutmaq, camaatı toplamaq, parlamentdə nə qədər üzvə sahib çıxmaq məsələsidir. Deməli, problemin birbaşa yaranma səbəbləri məzhəblərarası ixtilaflar deyil, siyasi arenada nüfuz qazanmaqla əlaqəlidir. Bu problemi bir çox müsəlman ərəb ölkələri də yaşayır. Məzhəb və tayfanın adı isə müəyyən maraq dairələri tərəfindən məqsədyönlü şəkildə hallanır. Hətta elə müsəlman ölkələri də vardır ki, orada məzhəb problemi yoxdur, amma eyni məzhəbdən olan müsəlmanlar arasında ciddi problemlər yaşanır. Həmin ölkələrdən biri də Sudan və onun sonradan bir məntəqəsinə çevrilən Darfordur. Birinci dünya müharibəsi zamanı Darfor ayrıca bir sultanlıq idi. O, Osmanlı dövləti ilə tərəfdaşlıq etdiyi üçün İngiltərə sonralar ondan bunun intiqamını aldı və onu Sudana birləşdirərək inkişafdan saxladı. Darforun sahəsi 500 min kv. km-dir, əhalisinin sayı isə 6 milyondan çoxdur. Beş ildən çoxdur ki, Sudanda vətəndaş müharibəsi gedir. Birləşmiş Millətlər Təşkilatı, Afrika Ölkələri Birliyi bu problemin aradan qaldırılmasına çalışsalar da, lazımi köməkliklərini etsələr də, lakin hadisələr problemin dərin olduğunu göstərir. Hesablamalara görə, bu müharibənin qurbanları iki yüz mindən çoxdur. İki milyondan çox insan isə yaşadığı yerdən qovulanlardır. Əhalinin qalan hissəsi isə beynəlxalq və yerli təşkilatların göstərdikləri yardım hesabına yaşayır. Həmçinin, hesabatda o da göstərilir ki, daxili müharibə səbəbi ilə kəndlər tamamilə yandırılır, cinayət hadisələri və soyğunçuluq halları durmadan artır.
Daruforun əhalisi nisbətdə demək olar ki, ərəb qəbilələrinə gedib çıxır. Bəziləri köklü ərəb mənşəli ərəb qəbilələri, bəziləri də sonradan ərəbləşmiş Afrika mənşəli qəbilələrdən ibarətdir. Onların hamısı müsəlman və maliki məzhəbindəndirlər. Demək olar ki, onlar hamısı əhli-sünnəni təmsil edirlər. Lakin eyni məzhəbdən olmalarına baxmayaraq beş ildən artıqdır ki, aralarındakı müharibə səngimək bilmir. Deməli, müharibənin səbəbi məzhəblə yox, siyasi maraqlarla əlaqəlidir.
Digər müsəlman ərəb ölkələrindən biri kimi Somalidə də həmin problemlər mövcuddur. Bu ölkə ən az milləti olan ölkələrdəndir. Dünya ölkələrinə baxdıqda onların əksəriyyətində çoxmillətliliyin olduğunu görərik. Somali xalqı isə bir millətə, bir dinə, bir məzhəbə söykənir. Somalilərin hamısı ərəb, müsəlman, şafei məzhəbidir. Lakin Somali xalqı otuz ildən çoxdur ki, dövləti sarsıdan ayrı-seçkilik və daxili çəkişmələrlə üz-üzədir. 1991-ci ildən bəri ölkədə özbaşınalıq davam edir. Halbuki, ölkədə nə məzhəbçilik, nə də ki, irqçilik problemi yoxdur.
Əfqanıstana gəldikdə isə oradakı qarşıdurma yenə də sünni ilə şiə arasında deyildir. Rusiya işğalı başa çatandan sonra Əfqanıstana mücahidlər hakim oldular. Onlar məzhəb olaraq əhli-sünnə və onun camaatından sayılırlar. Sonra Taliban hərəkatı onlara qarşı çıxır. Taliban qruplaşması da özünü əhli-sünnə və onun camaatından hesab edir. Sonra Taliban Əfqanıstana hakimlik edir. Mücahid partiyası Amerikalılarla, Qərb qüvvələri ilə iş birliyinə girib, Taliban hərəkatını süquta yetirirlər. İndi Taliban yenidən hərəkətə keçərək əhli-sünnənin yaşadığı əraziləri bombardman edir və çoxlu sayda müsəlmanların qətlinə səbəb olurlar. Buradan belə aydın olur ki, Əfqanıstanda baş verənlər sünni və şiə davası deyildir.
Bu gün Fələstində gördüklərimiz ürəkağrıdıcı hadisələrin də sünni və şiə ilə heç bir əlaqəsi yoxdur. Məzlum Fələstin xalqının bir tərəfdən ərazisi işğal olduğu halda, digər tərəfdən partiyalar arasında mövcud olan çəkişmələr ayrıca olaraq qarşıdurmalara səbəb olur.
Ərəb ölkələri cəmiyyətlərində mövcud olan qarşıdurmaların kökləri məzhəblərarası ixtilaflar deyil, siyasi və ictimai səbəblərə söykənir. Bundan başqa, müxtəlif müsəlman ərəb toplumları arasında əlaqələrin və münasibətlərin qurulmasında belə ciddi boşluqlar vardır. Ona görə də bərabər hüquqlu vətəndaş cəmiyyətini idarə edə biləcək, hamısının hüquqlarını qoruya biləcək ədalətli quruluşa ehtiyac olduqca böyükdür.
Məhz, İmam Hüseynin (ə) başına gələn hadisələrin analitik təhlili bizə imkan verir ki, günümüzdə baş verən hadisələrin həqiqətini dərk edə bilək. İmam Hüseynin (ə) Kərbəla hadisəsi bir əqidə savaşı idi, eyni zamanda, islahatyönümlü idi. Amma qarşı tərəf (Yezid lənətlik tərəfi) isə müharibəni cahiliyyə təəssübkeşliyi üzərində apararaq ata-babalarının qisasını almağa çalışırdı. Onunla bərabər vuruşanlar - hansılar ki, qəlbləri İmam Hüsenylə, qılıncları isə ona qarşı idi, qənimət uğrunda savaşa qatılırdılar.
İmam Hüseynin (ə) Aşura hadisəsində özündən sonra qoyduğu dərslər və misilsiz əxlaqi keyfiyyətlər hər zaman sonrakı nəsillərə lazımdır. Ona görə də Aşuranı keçirərkən bu ruh yüksəkliyini yaşamaq və dinimizin dəyərlərini qorumağı düşünməliyik.
Salam olsun Hüseynə (ə) və onun ardıcıllarına (ə)!
Məhəmmədəmin Lənkərani (dəyərlər)