22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəla hadisəsindəki ələm nə məna daşıyır, bugünkü ələmlə fərqi nədir?
05.11.2018

İslamın əvvəllərində və hətta ondan əvvəl baş vermiş döyüşlərdə, adətən, ələmdən - bayraqdan istifadə olunardı. Bu ələm o zaman bu gün bayraq adlandırdığımız simvol olmuşdur. Döyüşlərdə ələmi ən igid və şücaətli insanın əlinə verərdilər.

Əmirəl-möminin İmam Əlinin (ə) buyurduğu hədisdə oxuyuruq: “Həmişə döyüş bayrağını ən şücaətli və qeyrətli insanın əlinə verərdilər. Çünki bu insanlar bayrağı tək qoymazdılar və onu buraxmazdılar”.

Seyid Hüseyn yazır: “Ələmin tarixi çox qədimdir. İslamda və ondan əvvəl ölkələr, şəhərlər və cəmiyyətlər arasında ələm bir adət idi”.

Aşura günü də ələmdən istifadə olunmuşdur. O ələm bugünkü ələmlər kimi olmamışdır. İmam Hüseyn (ə) Aşura günü döyüşün bayrağını qardaşı həzrət Abbasa (ə) tapşırır. Abbas qardaşının xidmətinə gələrək ondan döyüşə getmək üçün icazə alanda imamın gözündən yaş axır. İmam buyurur: “Sən mənim ələmdarımsan. Əgər sən şəhid olsan, ordum dağılmaq təhlükəsinə məruz qalacaq”.

Beləliklə deyə bilərik ki, ələm hələ qədim zamanlardan bəri ərəblərin və sonradan müsəlmanların döyüşlərində simvol rolunu oynamışdır. Ona görə də onu Aşura günü də müşahidə etmişdilər.

Ancaq bu o demək deyildir ki, ələm hər hansı digər fərqli mənaya malikdir. Xeyr, onun döyüşdəki rolu bayraq simvolu olmuşdur, başqa heç bir xüsusiyyətə malik olmamışdır. Ona görə də bu gün onu müqəddəsləşdirmək doğru deyildir.

Diqqət etmək lazımdır ki, xristianlar xaçı Məsihin çarmıxa çəkilməsinin əlaməti qəbul edərək, insanı paklaşdırma vasitəsi kimi tanıyırlar. Və möminlər bunu nəzərə alaraq, eyni səhvi təkrarlamamalı, ələmə ifrat xüsusiyyətlər verərək, günaha batmamalıdırlar. (Həvzəh)

Kim xristianlar kimi bu əqidədə olarsa ki, xaç gəzdirmək kimi ələm gəzdirmək də insanı günahlardan paklayır, yolunu azmış olar.

Bu haqda Seyyid Hüseyn yazır: “Elm və idrak sahibləri bu əqidədirlər ki, ələmi kənara qoyub, onun yerinə İmam Hüseynin (ə) qara, yaşıl və qırmızı bayrağını götürmək daha məntiqli və münasib əməldir”.

Yəni, bir simvol olaraq, ələmi yaşatmaq bir mövzudur, onu hansısa xüsusi və fövqəladə funksiyalara malik bilmək isə tamamilə səhv yanaşmadır.

Deyerler.org