22 Noyabr 2024 - 22
Dünya uğurlu insan axtarışındadır. Dünya insanı da uğur dalıncadır. 20-ci əsrdən başlayaraq bu mövzu kifayət qədər qabardılan mövzulardandır. Bu istiqamətdə yazılan saysız-hesabsız kitablar, bu mövzuda ixtisaslaşmış mütəxəssislərin verdiyi təqdimatlar dünyanın hər bir yerində geniş yayılıb. Dünyanın təqdim etdiyi uğurlu insanın özəlliklərini bir yerə yığsaq, əsasən iki xüsusiyyətin üzərinə vurğu olunduğunu görəcəyik. Bunlar – təfəkkür və iradədir.
Belə ki, bu iki özəlliyə sahib olmayan heç bir insan uğur əldə edə bilməz. Bu özəlliklərdən birinə kamil şəkildə yiyələnmək də insanı uğura apara bilməz. Məsələn, öz elmi, təfəkkürü ilə siqaretin ziyanını dərk etmiş həkimlərin belə siqaret çəkdiyini görmək olur. Eyni zamanda çox iradəli insanlar var ki, dərk etmədən öz cəhaləti istiqamətində iradəli olaraq irəliləyirlər. Deməli, bir insanın uğur əldə etməsi üçün mütləq bu iki amil – iradə və təfəkkürün birlikdə olması zəruridir.
Amma görəsən bunlar uğur əldə etmək üçün yetərlidirmi? Bu gün bizə təqdim edilən uğurlu insanlar əsasən iqtisadi sahədə uğur əldə etmiş insanlardır. Yəni Stiv Cobslar, Bill Qeytslər və s. kimi milyardlara sahib insanların uğur hekayələri əlbəəl gəzir. Amma bu insanların iqtisadi sahədən kənar həyatlarına baxsaq, görərik ki, onlar özəl həyatlarında iqtisadi sahədəki kimi uğur əldə edə bilməyiblər. Belə ki, onlar uğurlu lider, uğurlu sərvət sahibi, uğurlu dövlət məmuru ola biliblər, amma onlar eyni zamanda yaxşı yoldaş, yaxşı ata, yaxşı övlad, yaxşı qardaş ola bilməyiblər. Deməli, tək iradə və təfəkkürlə uğru əldə etmək – naqis nəticələr verir.
İmam Hüseyn (ə) öz Kərbəlası ilə bizə başa saldı ki, uğrulu insanın bir “olmazsa, olmaz”ı var. O da iman hissidir. İman, təfəkkür və iradənin yanına əlavə olunmamalıdır. Həqiqətdə isə, iman onların önünə qoyulmalı və onlar imanın idarəçiliyinə verilməlidir. Əks halda uğur anlayışı naqis olacaq.
Təfəkkür çox gözəl hissdir və Qurani-Kərim bizi daim təfəkkür etməyə dəvət edir. Amma iman olmasa, təfəkkür etsək də, səhv nəticələr çıxardıb, səhv qərarlar verəcəyik. Aşura gecəsi iki nəfərin təfəkkür üçün fürsəti oldu. Biri məlun Ömər Səd və biri də Hürr Riyahi. Ömər Sədin təfəkkürü imanın idarəçiliyində deyildi və etdiyi seçim onu birmənalı cəhənnəmlik etdi. Hürr isə iman üzərindən təfəkkür etdi və qanını pak qanlara qatdı.
Eyni zamanda, imanın idarəçiliyində olmadan iradə edib, bir hücum edə bilərsən ki, nəticəsində onminlərlə ailələr evsiz-eşiksiz qalar. Amma iman üzərindən iradə etsən, nəticədə canını qurban verərək, düşmənin qarşısında keçilməz sipərə dönərsən.
Məsələn, bizə sual verilsə ki, 1 böyükdür, yoxsa 50, nə cavab verərik? İlk baxışda təbii ki, 50-nin böyük olduğunu qeyd edəcəyik. Əgər 50-nin yanında dəqiqə və 1-in yanında saat olsa, onda necə, cavablarımız dəyişəcəkmi? Təbii.
Yəni İmam Hüseyn (ə) bizə başa saldı ki, kəmiyyətə deyil, o kəmiyyətin nəyi təmsil etdiyinə baxmalıyıq. Hürrün dəyəri bunda idi. O 50-nin yanındakına diqqət edib, onun dəqiqələrdən ibarət olduğunu görmüşdü və o, 1 olan, amma saatı təmsil edəni seçmişdi. Dolayısı ilə 1-in yanında olan İlahi qüdrəti, dəyərləri, imanı görə bilmişdi. Anlamışdı ki, Yezidin çoxsaylı qoşunu bir boşluğu, heçi, cəhaləti təmsil edir.
İmam Hüseyn (ə) Kərbəlada bizə uğurlu insan nümunələrini tanıtdırdı. O nümunələr Qiyamətə qədər öz nurları ilə əsil uğur axtaranlar üçün çıraq olacaqlar.
Mətləb Həmzəli
/Deyerler/