22 Noyabr 2024 - 22
İmam Hüseyn (ə) müsibəti ilə bağlı insanları 3 dəstəyə bölmək olar.
Birinci dəstə o insanlardır ki, imamın şəhadətinə sevinirlər. Bunlar o kəslər idi ki, İmamı (ə) qətl etmək üçün Yezidin ordusuna qoşulmuşdular.
Onların əksər hissəsi Şam əhlindən idi. Şam əhli adətən o insanlar idilər ki, nə imamı tanıyırdılar, nə də etiqadları əsil İslam idi. Şam əhli zahirən müsəlman idi, ancaq vəhyin söylədiyi müsəlman deyildilər. Müaviyyə ağlına gələn-gəlməyən nə deyirdisə, onlar qəbul edirdilər. Müaviyyənin sözlərinə qarşı heç bir şəkkə malik deyildilər. O zaman ki, İmam Əlini (ə) məsciddə şəhid edirlər, Şam əhli deyir ki, məgər Əli namaz qılırdı ki?!
Bu gün də eyni təfəkkürdə olan insanlara rast gəlmək olur.
İkinci dəstə o insanlardır ki, imamı tanıyırdılar və bilirdilər ki, həzrət Hüseyn (ə) – İmam Əli (ə) ilə həzrət Fatimənin (ə) övladıdır, Peyğəmbərin (s) haqq canişinidir, həqiqi xəlifəsidir. Bu insanlar imamın hədəfini birmənalı qəbul edirdilər. İmamla çiyin-çiyinə vuruşur və ona hər zaman dəstək olurdular. Onlar imamı İlahi höccət olaraq qəbul edir və vilayət əhli olduqları üçün, şəkk-şübhəsiz imamın ardınca hər yerə, o cümlədən, şəhadətə də gedirdilər. Ancaq çox təəssüf ki, bu insanların sayı az idi.
Üçüncü dəstə o insanlardır ki, imamı tanıyır, hədəfini qəbul edirdilər, ancaq lazım olan anda imama yardım etməkdən çəkinmişdilər. Bu kəslərin çoxu – imama minlərlə məktub yazan Kufə əhli idi. İmamı dəvət etsələr də, onun arxasında dayanmadılar və zülmün qorxusundan geri çəkildilər.
Tarix nəql edir ki, Aşura gecəsi imamın ətrafında 2000 nəfər var idi. İmam (ə) söhbət edəndən və çıraqları söndürəndən sonra, əksər hissəsi oranı tərk etmişdi. O kəslər ki, getmişdilər, bəziləri nəinki imamı tək qoydular, hətta müəyyən hissəsi qorxusundan imama qarşı belə çıxdılar.
Ona görə də həqiqi Əhli-Beyt davamçısı olmaq hər zaman çox çətindir. Amma çox şərəflidir.
Allah Təala bizi həqiqi Əhli-Beyt davamçısı olanlardan qərar etsin!
/Tebyan/